Kriminal Özəl

Gədəbəydə çayxanada dava — TƏFƏRRÜAT

Gədəbəydə çayxanada dava — TƏFƏRRÜAT

Gədəbəy rayonunda 1980-ci il təvəllüdlü Nicat şəxsi münasibətlər zəminində qonşusu Əliyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 26-da baş verib. Nicat rayonun Böyük Qaramurad kəndi ərazisində yerləşən çayxanada aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı həmkəndlisi Əlini kəllə ilə vuraraq ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Nicatın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Əlini uzun müddətdir tanıyır və onunla aralarında ədavət yoxdur: “İyunun 26-da, saat 16 radələrində evdən kənddəki məktəbin yanında olan çayxanaya gəldim. Çay içib duran zaman cibimdən 5 manatlıq əskinası yerə düşdü. Bu zaman Əli həmin pulu götürdü və vermək istəmədi. Bu zaman mübahisə edərək, onu çölə çıxardım. Pulu Əlidən aldım və ona getməsini bildirdim. Əli mənə əl atan zaman sağ əlim ilə onun burun nahiyəsinə zərbə endirdim. Əlinin burnu qanadı”. Bu cinayət işinə Gədəbəy rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Nicatın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az