“Avropa İttifaqı ilə saziş ölkəmizin milli və dövlət maraqlarını təmin edəcək” — Deputat

SİYASƏT 20 apr 2019, 09:54

Fəzail Ağamalı: “Müxalifət Azərbaycana qara yaxmaq və beynəlxalq aləmdə artan nüfuzuna xələl gətirmək istəyir”

 

“Avropa İttifaqı ilə Azərbaycan arasında imzalancaq Saziş ətrafında müzakirələr gedir və artıq yekunlaşmaq üzrədir. Sazişin tam mətni razılaşdırılmadan və imzalamaya təqdim edilmədən onun bütün tərəflərini özündə ehtiva edən mətni ictimailəşdirmək mümkün deyil və belə bir təcrübə yoxdur”.


Demokrat.az xəbər verir ki, bunu Bizimyol.info saytına açıqlamasında deputat Fəzail Ağamalı deyib. 


O, sözügedən sazişlə bağlı müxalifət partiyalarının keçirdi İctimai Dinləmədə səsləndirdikləri fikirlərə münasibət bildirib.


Müzakirələrdə iddia olunub ki, sazişlə bağlı danışıqlar gizli aparılır, danışıqlar Avropa dəyərlərinə və Azərbaycanın maraqlarına uyğun deyil, ərazi bütövlüyü ilə bağlı hansısa güzəştin olduğu ehtimal olunur, Azərbaycanla əlverişli ticarət rejimindən Azərbaycan deyil, qarşı tərəf və iqtidar qazanacaq.


Həmçinin iddia olunur ki, Avropa İttifaqı Ermənistana və Gürcüstana olan yanaşmanı Azərbaycana göstərmir və cəmiyyətimizin əksəri müsəlman olduğumuza görə bizə fərqli yanaşma var.


Fəzail Ağamalı isə bildirir ki, sazişin mətni açıqlanmadan müxalifət partiyalarının sədrləri tərəfindən bu cür fikirlər səsləndiriıməsi başadüşülən deyil.


“Bu, təkcə məlumatsızlığın deyil, həm də savadsızlığın nəticəsidir ki, belə diletant fikirlər söyləyirlər. Onlar ən müxtəlif yollarla Avropa İttifaqı ilə Azərbaycan arasında imzalancaq Sazişin müzakirəsi ilə bağlı əsası olmayan fikirləri cəmiyyətə təqdim etməklə gündəmdə qalmağa çalışırlar. Bu qədər ciddi məsələyə belə qeyri-ciddi münasibət göstərmək absurddur. Sazişin mətni açıqlandıqdan sonra hansısa fikir söyləyə bilərlər. Yəni mətn olmadan deyirlər ki, Avropa İttifaqı ilə Azərbaycan arasında xüsusi olaraq problem ondadır ki, burada insan haqları, söz azadlığı və s. məsələlər yer almayıb. Gör, nə qədər bəsit düşüncə tərzidir ki, Avropa dəyərlərini özündə ehtiva edən ciddi qurumu, eyni zamanda konstitusiyasında bütün ali hüquqlar təsbit olunan və hər zaman bu hüquqları qoruyan Azərbaycanı ittiham etməyə çalışırlar. Halbuki sazişlə bağlı rəsmi açıqlamalar var, heç bir problem yoxdur və son tamamlama işləri gedir. Yaxın vaxtlarda sazişin imzalanması gözlənilir”.


Deputatın sözlərinə görə, bu saziş elə şəkildə imzalanmalıdır ki, Azərbaycan dövləti digər təsirlərə və təzyiqlərə məruz qalmasın. 


"Ona görə də bilib-bilmədən yersiz fikirlər söyləyənlər yaxşı olar ki, ümumiyyətlə, siyasətlə deyil, başqa işlərlə məşğul olsunlar. Gərək heç olmasa, kitab oxusunlar, beynəlxalq hüquqdan anlayışları olsun. Onlar sadəcə Azərbaycana qara yaxmaq və beynəlxalq aləmdə artan nüfuzuna xələl gətirmək istəyirlər. Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq saziş ölkəmizin milli və dövlət maraqlarını birmənalı şəkildə təmin edəcək. Eyni zamanda saziş Avropa İttifaqının da Azərbaycandan gözlədiyi və Azərbaycanın da verə biləcəyi töhfələri özündə əks etdirən sənəd olacaq. Burada söhbət Azərbaycanla Avropa İttifaqı arasında bərabərhüquqlu yüksək əməkdaşlıqdan gedir və bu əməkdaşlıq bütün sahələri əhatə edəcək” – deyə Fəzail Ağamalı bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top