Siyasət Özəl

"İcra başçıları Allahlıq eşqinə düşüblər" — Tural Abbaslı

İcra başçıları Allahlıq eşqinə düşüblər — Tural Abbaslı

"Bu döyülmə faktı hələ icra hakimiyyəti başçısı tərəfindən deyil, birinci müavini tərəfindən baş verib. Görün icra başçıları özləri haqqında hansı fikirdədirlər, hansı yanaşmadadırlar".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı məktəblinin döyülməsi faktına münasibət bildirərkən deyib.

Partiya sədri qeyd edib ki, ölkəmizdə bəzi adamlar ən azı 20-25 il bu və ya digər rayonların icra başçısı işləyirlər:

"Adamlara elə gəlir ki, gözlərini açandan bunlar bu vəzifədədirlər. Özlərini daha çox xalqın xidmətçisi yox, kəndxudası kimi görür. "Danabaş kəndlinin əhvalatları"ndakı Xudayar bəy kimi görür və elə bilir ki, vətəndaşlar bunların rəiyyətləridir və elə yanaşırlar. Bu idarə metodu da dönəm-dönəm uşağın döyülməsi, şagirdin döyülməsi fonunda özünü büruzə verir. Bu da hər zaman dediyimiz kimi, sistemin işləməməsinin göstəricisidir. Normal demokratik quruluşlarda belə şeylər mümkün deyil, çünki qanun tənzimləyir. Onlar istəsələr belə bu cür şeylər edə bilmirlər. Azad və ədalətli məhkəmələri var, müxalifətin nəzarəti, təzyiqi, basqısı var. Burada isə xan həzrətləridir hər bir icra başçısı.Hər bir icra başçısı rayonun kəndxudasıdır, Xudayar bəyidir, ona görə istədiklərini edirlər".

T.Abbaslı əlavə edib ki, hüquq-mühafizə orqanları da bir çox hallarda özlərinin rayon icra hakimiyyətlərinin xidmətçisi kimi apardıqları üçünicra başçıları Allahlıq eşqinə düşürlər:

"Bunu tənzimləmək üçün bir daha qeyd edirəm sistem düzəlməlidir. Sistemin düzəlməsi üçün də müxalifətin təmsilçiliyi mütləqdir ki, təmin edilsin. Yəni, Azərbaycanın heç bir rayonun da heç bir icra hakimiyyəti strukturunda bir nəfər belə olsun, nəinki icra başçısı, şöbə müdiri, adi belə bir işçi müxalifətçi yoxdur. Belə olan təqdirdə niyə olmasın? Hələ güllələmirlər deyə sevinməliyik".

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az