Sosial

Göyçay sakinləri susuzluqdan əziyyət çəkir — ŞİKAYƏT

Göyçay sakinləri susuzluqdan əziyyət çəkir — ŞİKAYƏT

Demokrat.az saytına Göyçay şəhər sakini Anar Hüseynov tərəfindən şikayət məktubu daxil olub. O, göndərdiyi müraciətində iddia edir ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov dövlətin külli miqdarda vəsaitini mənimsəyib. Şikayətçi qeyd edib ki, Göyçay sakinləri illərdir ki, susuzluqdan əziyyət çəkir və dəfələrlə bununla bağlı icra hakimiyyətinin qarşısında aksiyalar da keçiriblər. Lakin problem bugünədək öz müsbət həllini tapmayıb. Anar Hüseynov göstərdiyi cinayət faktlarının obyektiv araşdırılmasını və qanuna uyğun müvafiq tədbirlərin görülməsini xahiş edir.

Göndərilən şikayət məktubunu diqqətinizə çatdırırıq:

Göyçay sakinləri susuzluqdan əziyyət çəkir — ŞİKAYƏT

“"Bu şikayət ərizəmlə yazıb sizdən xahiş edirəm, göstərdiyim cinayət faktları obyektiv araşdırlıb, qanuna müvafiq tədbirlər görülməsinə tapşırıq verəsiniz. Mən Hüseynov Anar Rafiq oğlu, ictimai-fəal vətəndaş olaraq, sosial şəbəkələrdə Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovun mətbuata verdiyi müsahibəyə rast gəlmişəm. Belə ki, Xalq qəzetiin 07.02.2021 tarixli nömrəsində Şakir Əhmədovun “Meliorasiya və su təsərrufatı işçilərindən yüksək məsüliyyət tələb olunur” başlıqlı müsahibəsi dərc olunub. Müsahibədə “Son illər dövlət başçısı qarşımızda mühüm vəzifələr qoyub. Biz də çalışırıq ki, bu vəzifələri uğurla həyata keçirək”. “Keçən il Göyçay çayının məcrasında mühüm işlər aparılmışdır. Kanallarda 474 kilometr lildən təmizləmə işləri görülmüşdür. Üç ədəd qurğuda təmizləmə və təmir işlərini yekunlaşdırmışıq. Qarayazı beton kanalında əsaslı təmir işləri aparılmışdır. Əlbəttə, bunlar hamısı dövlət vəsaiti ilə reallaşdırılmışdır”

Lakin bu müsahibə dərc olan tarixdən 3 ay sonra,yəni 03.05.2020 tarixində mətbuatda “Göyçay rayonunun Məlikkənd,Qaraməryəm,Yekəxana kəndlərində su problemi” başlıqlı yazı dərc olunub. Yazıda “kənd camaatı 22.04.2020-ci il tarixində Göyçay rayon icra hakimiyyətinin qarşısına toplaşmağa cəhd ediblər.Polis onları kənarlaşdırmağa çalışsa da, qarşıdurma yaranıb və səs-küyə icra başçısı çıxıb.Kənd sakinlərinin sözlərinə görə o, problemi dinləyəndən sonra müvafiq tədbirlər görüləcəyinə söz verib. Ancaq əfsusslar olsun ki, yenə 3 ay sonra avqust ayında Bəydövül kəndində su qıtlığına görə kütləvi aksiya keçirildi.

Daha sonra susuzluqdan əziyyət çəkən Çaxırlı kənd sakinləri Göyçay Rayon İcra Hakimiyyəti binasının qarşısında aksiya keçiriblər.

Beləliklə Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov 5 kənddə yaşayan 7836 nəfər sakini hökumətdən narazı salır. Göründüyü kimi, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun dövlət qəzetinə verdiyi müsahibənin yalan saxta olması subut olundu. Odur ki, 474 km kanallarda lildən təmizləmə işlərini yoxlamaq lazımdır ki, necə təmizlik aparılıb. Hər bir 1 metr kanala ən azından 1 manat xərclənəndə bu 474 000 (dörd yüz yetmiş dörd min) manat edir. Belə küllü miqdarda dövlət vəsaiti xərclənib, kanallar necə lildən təmizlənib ki, əhali yenə istifadə etməyə su tapmır ?

Eyni zamanda Qarayazı beton kanalında əsaslı təmir zamanı, dəmir armaturdan istifadə edilməyib. Ancaq kanalın təmir üçün tərtib edilmiş lahiyə smetada betonlaşmada armaturdan istifadə edilməsi qeyd edilib. Bununla da Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov dövlətin külli miqdarda vəsaitini mənimsəmişdir". Məsələ ilə bağlı Demokrat.az şikayətçi Anar Hüseynovla əlaqə saxlayıb. O, açıqlamasında bildirib ki, Şakir Əhmədov əlinin altında qoçu dəstəsi saxlayır, camaatı incitməklə məşğuldurlar: “Şakir Əhmədov camaatın tələbini istəmir, camaatla görüşmür. Bunun bu hərəkətləri az qala kütləvi iğtişaşlara gətirib çıxarır. Ona görə də, xahiş edirəm ki, bu işə ciddi yanaşılsın. Bir faktı da qeyd edim ki, Seymur Azadov adlı şəxs Şakirin otağında özünü zəhərləyib, öldürmək istəyib. Prokurorluqda bu məsələyə baxıblar və deyiblər ki, heç bir cinayət faktı aşkar olunmadı. Ancaq üstündən 7 gün keçəndən sonra Şakir Əhmədovun adamları Seymur Azadovu döyürlər və telefonunu əlindən alırlar. Şakir Əhmədov əlinin altında qoçu dəstəsi saxlayır və onlar da cəzasız qalırlar deyə bu cür hərəkətlərə yol verirlər. Yenidən şikayət olunur, prokurorluq çağırır və yenə də deyirlər ki, cinayət faktı yoxdur. Tələbim odur ki, bu işə Göyçayın hüquq-mühafizə orqanları baxmasın. Qeyd edim ki, icra hakimiyyəti ilə prokurorluğun arası 3 metrdir. Niyə görə orada camaat ayağa qalxan da, icra hakimiyyətini mühasirəyə alanda, icra hakimiyyətindən tələb edəndə prokurorluq gəlib görüşmür ki, sizin istəyiniz nədir? Mənim kimi mediada yazılanları prokurorluq da oxuyur da. Görmürsən ki, prezidentin adından istifadə edir, amma iki aydan sonra yenə camaat su tapmır. Bəs, 474 min manat pul hara gedib? Sən dövlətin vəsaitini necə təmizləmisən? Niyə sən büdcəni talayırsan?”.

Qarşı tərəfin də mövqeyini öyrəndik. Göyçay Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədov Demokrat.az-a açıqlamasında bildirdi ki, Anar Hüseynovun iddiaları əsassızdır:

“Anar Hüseynov nə qohumum, nə də qonşum deyil və mənlə bir yerdə işləmir. Mənlə 170 adam işləyir, indiyədək barəmdə bir şikayət yoxdur. Korrupsiya olsa, yəqin ki, 170 adamdan biri görər və şikayət edərdi. Qeyd edim ki, Anar Hüseynovun baldızı bizdə işləyib və biz onu işdən çıxartmışıq. O da bizdən işə geri qaytarılmağını xahiş etdi, lakin biz qaytarmadıq. İndi ona görə də, barəmdə ora-bura şikayətlər yazır. Deyim ki, onlar reket şəbəkədirlər və bu işlə oynayırlar. Əgər mənimlə bağlı prokurorluğa şikayət veribsə, prokuror da araşdıracaq və barəmdə tədbir görəcək”.

Göyçay sakinləri susuzluqdan əziyyət çəkir — ŞİKAYƏT

Ş.Əhmədov qoçu dəstəsi saxlaması məsələsinə belə aydınlıq gətirdi: “Dövlət idarəsində qoçu olur? Dövlət idarəsində qoçu olmur, işləyən şəxslər olur. Əgər onlar kimdisə hüquq-mühafizə orqanlarına bununla bağlı şikayət etsin. Şikayət etsin ki, filankəs qoçuluq edir, bıçağı var, filan yerdə yolumu kəsib və faktlarla şəklini çəksin, aparsın onu da hüquq-mühafizə orqanlarına versin. Biz suvarma xidmətini yerinə yetirən adamlarıq. Bizdən qoçu olar?”.

İdarə rəisi Göyçay sakinlərinin susuz qalmasını bu cür izah etdi: “Göyçay sakinlərinin sulu və susuz qalmasına, o, heç cürə məsuliyyət daşımır. Rayon icra hakimiyyəti, suvarma xidməti var. Bilirsiniz ki, son günlər dünyada iqlim dəyişikliyi baş verir. Bu barədə media da, dövlət orqanları da bildirir. Siz də yəqin ki, görmüsünüz ki, son illər quraqlıqdır. Bu səbəbdən də Kür çayı quruyur. Kür çayı quruduğundan mənbələrdə su az olur və növbəlilik əsasında suvarma həyata keçirilir. Yəqin ona elə gəlir ki, biz suyu kəsirik. Su elə şey deyil ki, onu hardasa gizlədəsən. Çünki çay məcra ilə axmalıdır onu necə gizlədə bilərik. Təbii ki, yağıntı bol olanda su bol, az olanda da qıt olur.”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az