"Beynəlxalq təcrübədə “Media haqqında” qanun və bənzəri qanunlar mövcuddur".
Demokrat.az xəbər verir ki, bunu “Trend” İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlu AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” verilişində qonaq olarkən deyib.
O qeyd edib ki, belə qanunlar başqa ölkələrdə də mövcuddur:
“ Rusiyada, Körfəz dövlətlərində, Türkiyədə bənzəri medianın fəaliyyətini tənzimləyən qurumlar və qanunlar var. Azərbaycanın “Media haqqında” qəbul etdiyi qanun bütün standartlara, dünya təcrübəsinə uyğundur. Bilirik ki, Azərbaycan mühiti daha fərqli mühitdir. Biz öz qanunlarımızı daxili mühitimizə, jurnalistika məktəbimizə və daxili potensialımıza uyğun olaraq, araşdırıb, qəbul etmişik. Bu, bir günün içində qəbul olunan, yazılan bir qanun deyil. Bunu ciddi bir şəkildə jurnalistlərimiz, həmkarlarımız araşdırıblar. Burada kənar müdaxiləyə, dolayısıyla ATƏT-in, Avropanın və ya hər hansısa bir qurumun müzakirəsinə çıxarılması ilə bağlı bir şey yox idi. Çünki Azərbaycan müstəqil dövlətdir”.
Baş redaktor qeyd edib ki, uzunmüddət Azərbaycanda informasiya kirliliyi olub:
“Əvvəllər medianı tənzimləyən bir qurum yox idi. Yaxud da var idisə, o qurum üzərinə düşən öhdəlikləri ciddi mənada yerinə yetirə bilmirdi. Gəlin araşdıraq. Azərbaycanda bundan öncə jurnalistlər var idi ki, baxırsan ki, hansısa dövlətə bağlıdır. Akkreditasiya varmı? Yox. Dövlət qeydiyyatından keçibmi? Yox. Bu, nə jurnalistikadır? Belə olduqda da bu ciddi fəsadlara gətirib çıxarırdı. Əgər hər hansısa bir qurum jurnalist adı altında fəaliyyət göstərən peşəkar və ya digər peşəkar qurum ölkənin milli maraqlarına ziyan törədəcəksə, ciddi fəsad gətirəcəksə, təbii ki, bu, bu və ya digər şəkildə tənzimlənməli idi. Qeyd etdiyim kimi, bu qanun dəfələrlə gündəmə gətirilib. “Media haqqında” qanun yetərincə professional şəxslər tərəfindən hazırlanıb”.
Aynurə Pənahqızı Demokrat.az


