Deputat namaza başlayan sabiq icra başçısı haqda: “İbadət etmək o şəxslə Allahın arasında münasibətdir”

GÜNDƏM 15 yan 2022, 15:00
Xəbər verdiyimiz kimi, Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədov  saxlandığı təcridxanada  namaza başlayıb, şeir yazır və asudə vaxtlarında iqtisadi layihələr üzərində işləyir. Qeyd edək ki, Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham edilirdi.

Sabiq icra başçısının namaz qılma məsələsinə münasibət bildirən Milli Məclisin deputatı Razi Nurullayev Demokrat.az-a açıqlamasında bildirib ki, tövbə qapısı hər zaman açıqdır, istər günahkar, istər günahsız ol, istərsə də, pis və ya yaxşı adam ol: 

“Namaz qılmaq, ibadət etmək o şəxslə Allahın arasında olan münasibətdir. Bu münasibətin onun ictimai nüfuzuna, ictimai, siyasi, dövlət vəzifəsi fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Bununla bərabər, heç kimi də namaz qıldığına görə, nə günahlandırmaq, nə də günahlandırmamaq olmaz. İstənilən halda, bunun da özü yaxşı haldır ki, hər hansı bir günahlandırılan şəxs açıq tövbə qapısından istifadə edib və namaz qılmağa başlayıb, ibadət edir. Demək ki, bunun bir neçə səbəbi ola bilər. Birinci səbəb o ola bilər ki, insan günahını anlayır və Allahdan bağışlanmaq istəyir. İkincisi, insan dara düşəndə həmişə Allahı çağırıır, Allaha pənah gətirir, bu da gözəl bir hissdir. Üçüncü də, ola bilsin ki, insanlar, günahı olanlar, həbsxanada olanlar tək qalır, zamanları çox olur. Düşünə bilirlər, keçmişi-gələcəyi, etdikləri səhvi, pislikləri və yaxşılıqları və buna uyğun da qərarlarını verə bilirlər, yəni düşünmək imkanları çox olduğuna görə, bəzən də düzgün qərar verə bilirlər. Təbii ki, günahlarının bağışlanmasını istəyirlər. İstənilən halda, hesab edirəm ki, dövlət vəzifəsində çalışan bir şəxs vəzifədə olduğu müddətdə gərək yaxşılıqlar eləsin, insanların yanında dayansın, vətəndaşlarını, ölkəsini, dövlətini sevsin. Sabah da onun başına belə bir iş gələndə, insanlar onu müdafiə eləsinlər, atasına rəhmət oxusunlar, "sağ ol" desinlər. Bax vacib olan budur. Çünki hər insan bu dünyadan 3-4 metr ağdan başqa heç nə aparmır. Boşuna deyilməyib ki, “Sultan Süleymana qalmayan dünya kimə qalacaq ki?”. Ancaq yaxşılıqlar, qanunlar qalır. Etdiyi yaxşılıqlar da, pisliklər də unudulmur. O baxımdan mən ümumiyyətlə, bütün vəzifədən olan şəxslərin vəzifələrini doğru-dürüst yerinə yetirmələrini istərdim”. 

R.Nurullayev əlavə edib ki, hər kəsi günahlandırmaq çox asandır: 

“Bəzən mən öz-özümə düşünürəm ki, insanları günahlandırmaq, onları həbs etmək, onlara müxtəlif yarlıqlar asmaq çox asandır. Amma bunun dərinliklərinə də hərdən baxmaq lazımdır ki, icra başçıları son zamanlara qədər hansı prinsiplərlə təyin olunurdu? İcra başçısından böyük miqdarda, külli miqdarda rüşvət alınırdı və onlar vəzifəyə təyin olunurdular. Təbii ki, o icra başçısı da verdiyi pulu birinci növbədə çıxartmaq istəyir. Əgər pulla o, vəzifəyə getmişdisə, demək ki, o, vəzifəni almışdı və bundan varlanmaq üçün istifadə edəcəkdi. Bunun üçün heç də təəccüblənmək lazım deyil. O baxımdan, bütün həbs olunanları da birmənalı olaraq Azərbaycanın bütün problemlərində ancaq onları günahlandırmaq, onları qaralamağı da düzgün saymıram. Əgər bu gün bütün vəzifəli şəxslərə qanunu hərfiyən tətbiq etsən, gərək 90-95 faiz hamı getsin həbsxanaya. Onun üçün cəmiyyətdə bərabər ədalət pərdəsi qurmaq və qanunu hər kəsə bərabər şəkildə təmin etmək lazımdır. Yoxsa 4-5 nəfəri həbs elə, sonra da onları qarala və bütün Azərbaycanın problemlərini də onların üstünə yıx, sonra da bunları ver şirin, pələngin ağzına ki, parçalayın. Bunu da doğru saymıram”.  

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top