“Xoşagəlməz halla üzləşsək, cəzamız çox sərt olacaq”— Dövlət başçısı

GÜNDƏM 12 yan 2022, 22:26

“Şuşa şəhərində, görün, nə qədər böyük işlər görülüb. Eyni zamanda, Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin təməli qoyulub və təmir işlərinə start verilib. Yəni, bunları sadalamaq üçün çox vaxt lazımdır, mən də çalışıram ki, hər bir layihəyə daim diqqət göstərim”.

Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

“Ona görə, 2021-ci ildə azad edilmiş torpaqlarda dəfələrlə olmuşam və bu il artıq bu infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələri də icra ediləcək. Biz indi məktəblərin, xəstəxanaların təməlini qoyduq. Ağdam, Füzuli şəhərlərinin baş planı hazırdır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb. Biz istəyirik ki, hər şey əsaslı olsun.

Həm tez edək, eyni zamanda, tələskənliyə yol verməyək. Çünki hər şey əsaslı olmalıdır və ora qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidir”, - Prezident bildirib.

O qeyd edib ki, çünki bu insanlar 30 il ağır vəziyyətdə yaşayırdılar:

“Düzdür, onların bir çoxu dövlət tərəfindən ayrılmış gözəl mənzillərdə yaşayırdı, ancaq onlar həmişə Vətən həsrəti ilə, öz torpaqlarının həsrəti ilə yaşamışlar. Biz elə şərait yaratmalıyıq ki, onlar bundan sonra rahat yaşasınlar. Ona görə həm vaxt itirməməliyik, həm də tələsməməliyik. Hər şey əsaslı olmalıdır, bütün inşaat işləri şəffaf, tender əsasında aparılmalıdır. Xüsusi göstəriş verilib, maksimum şəffaflıq təmin edilməlidir. Əgər hər hansı bir xoşagəlməz halla üzləşsək, cəzamız çox sərt olacaq, bunu hər kəs bilməlidir və bilir.

Yenə də deyirəm, infrastruktur layihələri ilə bərabər, məsələn, Şuşada artıq yaşayış kompleksinin inşasına start verilib, təməli qoyulub, artıq praktiki inşaata başlayacağıq. Ağdamda, digər yerlərdə, kəndlərdə məktəb, xəstəxana. İndi Ağalı kəndinin istifadəyə verilməsi nəzərdə tutulur. Yəni genişmiqyaslı işdir, çox böyük işdir - həm texniki nöqteyi-nəzərdən, maliyyə tutumu baxımından və məsuliyyət baxımından. Çünki bu, çox məsuliyyətli işdir, biz burada səhv buraxmamalıyıq”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top