Tənzilə Rüstəmxanlı: "Türk Dövlətləri Qazaxıstan olaylarına səssiz qalmamalıdır"

GÜNDƏM 06 yan 2022, 21:15
Ötən ilin sonlarında Türk Şurası əsasında Türk Dövlətləri Təşkilatının yaranması dünyanın geopolitik düzənində yeni situasiya yaratdı. Avrasiyada yeni güc mərkəzinin yaranması, xüsusilə bu güc mərkəzinin bölgənin yüz illərlə söz sahibi olan Türklərin əlində olması türk düşmənlərində ciddi qıcıq yaratdı. Hələ o zaman Türk Dövlətləri Təşkilatının yaranmasına qarşı məkrli planların qurulacağı ehtimal edilirdi. Bir müddət öncə qardaş Türkiyədə milli valyuta böhranı, Fransa kimi dövlətin prezidentliyə namizədinin separatçı erməni rejiminə açıq dəstək verməsi kimi hallar bu planın bir hissəsi sayıla bilər. Amma indi qardaş Qazaxıstanda baş verənlər daha məkrli və düşmənçilik planını göstərir.

Daha ciddi hədəf olaraq Qazaxıstanın seçilməsi də təsadüfi deyil. Qazaxıstanın Türküstan şəhəri hazırda Türk Dövlətləri Təşkilatının mədəniyyət mərkəzi hesab olunur.Baş verən olaylarda keçmiş Qazaxıstan prezidenti, təcrübəli dövlət adamı Nursultan Nazarbayevin xüsusi olaraq hədəfə alınmasında da xüsusi anlam var. Türk Dövlətləri Təşkilatının ortaq bəyanatında qeyd olunur ki, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev tərəfindən başlanan “Türk Vizyonu 2040” konsepsiyası strateji bir sənəddir. Bu sənəd türk dövlətlərinin ortaq maraqların güclənməsi üçün bütün sahələr üzrə əməkdaşlığın prioritetlərini özündə cəmləşdirir. Prosesin uzaq hədəflərdə qalıcı olması üçün orta müddətli strateji planın işlənib hazırlanması vacibdir, bu, gələcək illərə keçid üçün mühümdür.

Beləliklə Qazaxıstanda baş verən ixtişaşların xüsusi ssenari əsasında hazırlandığı bir yana, əsas hədəfin Türk dünyası olduğu gün kimi ortadadır.

Öncədən qeyd edək ki, Qazaxıstanda qazın artırılmış qiyməti ilə bağlı başlayan etirazlardan sonra digər tələblər də irəli sürüldü və onların hər biri demək olar ki, hökumət tərəfindən yerinə yetirildi. Üstəlik, hökumət istefaya getdi və proseslərin sonrakı gedişatı ilə bağlı, yəni vəziyyətin normallaşdırılması istiqamətində atılacaq bəzi addımlar da etirazçılara açıqlandı. Lakin bütün bunlara rəğmən, etirazçılar tətbiq edilən fövqəladə vəziyyətə və komendant saatına baxmayaraq ölkənin müxtəlif şəhərlərində qanunsuz əməllər törətməyə davam etdilər. Bu gün Alma-atada, Çimkənddə, Aktauda, Nur-Sultanda, Aktobedə və s. şəhərlərdə yandırılan polis və yanğınsöndürən maşınları, digər texnikalar, habelə şəhərin küçələrindəki inşa edilmiş müxtəlif məqsədli tikililər və s. yerlərin dağıdılması – bütün bunlar bilavastiə vergi ödəyiciləri olan qazax xalqının, Qazaxıstan vətəndaşının bəhrələridir. Və əgər bütün bunları yandıranlar, məhv edənlər varsa, onlar, ilk növbədə, sadə xalqın ödədiyi vergiləri hədəfə alırlar. Sabah isə dağıdılan, yandırılan hər şey yenidən bərpa olunmalıdır və söz yox ki, onlar da vergi ödəyicilərinin dövlət büdcəsinə yatırdıqları vəsaitlər hesabına ödəniləcək. Yəni hadısələrin necə inkişaf etməsindən asılı olmayaraq, Qazaxıstan dövlətinə ikiqat iqtisadi ziyan vuruldu.

Baş verən olaylarda ilk ağla gələn heç şübhəsiz proseslərə xarici təsirdir. Çünki regionumuzda bir çox xarici qüvvələrin kirli maraqlarının dayanması da kimsəyə sirr deyil. Qərb, Şimal və s. güclər öz siyasi maraqlarını təmin etməkdən ötrü ən çirkin oyunlarını işə salmağa hazırdırlar. Bu sırada isə ağla gələn Rusiya, Çin və Qərbdir. “Rusiya bu olayları təşkil etdi ki, Qazaxıstana daxil olsun” rəyi tam da belə deyil.Çünki, Rusiya zatən Qazaxıstanda idi və bu iki dövlət arasında heç bir fikir ayrılığı yox idi. Düzdür, Qazaxıstan hakimiyyətinin son illər apardığı islahatlar, Türkiyə ilə yaxınlaşma siyasəti, Türk Dövlətləri Təşkilatında dinamik fəaliyyət, milli köklərə qayıdış, Türk milli kimliyinin dövlət səviyyəsində təbliği Rusiyanı qıcıqlandırırdı. Xatırladaq ki, Rusiya prezidenti V.Putin çıxışlarının birində Qazaxıstanı nəzərdə tutaraq postosvet ölkələrini “kvazi dövlətlər” adlandırmışdı. Amma bu narazılıq indiki olaylara səbəb olacaq səviyyədə deyil. Digər tərəfdən Rusiya heç yerdə inqilablar təşkil etmir, belə bir modeli yoxdur, rejimlərin xalq hərəkatları nəticəsində devrilməsindən nifrət edir, xüsusən postsovet məkanında bu cür prosesləri öz maraqlarına ciddi təhdid sayır. Qazaxıstandakı hadisələrin böyüməsini də maraqlarına təhdid saydı, indi bunu önləmək və yerli rejimi qorumaq üçün ora hərbi kontingent göndərir. Nəticə təşkilatçı olmasa da proseslərdən Rusiyanın bəhrələnərək Qazaxıstanda hərbi güc yerləşdirməsinə nail olur.

Qərbin Qazaxıstanı və Belarusu Rusiyadan qoparmaq yönündə siyasəti (niyyəti yox, siyasəti) olmayıb, amma Ukrayna məsələsindəki indiki qarşıdurmada Rusiyanın Qazaxıstan kimi qalasını fəth etmək niyyətində ola bilər. Bu gün Qazaxıstanda baş verənlərin mahiyyət və formaca “Ərəb baharı” layihəsində yer alan etirazlara bənzəməsi də bu arqumenti gücləndirir. Eyni zamanda Qazaxıstanın daxil olduğu geopolitik məkanda Qərblə gizli işbirliyində olan Talibanın Əfqanıstanda hakimiyyətdə olmasını da diqqətdən qaçırmaq olmaz. Çünki artıq Qazaxıstandakı iğtişaşçıların əlində silah görünməyə başlayır.

Amma heç kimə sirr deyil ki, bu və ya digər xarici faktorlara rəğmən, baş verənlərdə əsas faktor Qazaxıstan xalqıdır. Xalq səbirli olmalı, öz dövlətlərinə sahib çıxıb xaosa getməməlidir. Çünki hadisələr hətta ərazi itkisinə qədər mənfi ssenari üzrə inkişaf edə bilər. Qazaxıstan xaosa sürüklənsə, ölkənin iqtisadiyyatı da çökəcək. Ölkədə siyasi böhran yaranacaq. Sivil Qazaxıstan dövləti elə bir uçuruma yuvarlanacaq ki, oradan qurtulmaq on illər aparacaq. Belə oyunların qarşısını almaq üçün isə yalnız və yalnız müdriklikdən istifadə olunmalıdır, həmin müdriklikdən ki, vaxtilə qazax xalqının böyük oğlu, bu gün Qazaxıstanın elbaşısı (ağsaqqalı) olan Nursultan Nazarbayev ölkəsini parçalanmadan, separatçı meyillərdən, radikal dini cərəyanlardan qorudu, sonra isə inkişaf etdirdi.Türk Dövlətləri Qazaxıstan olaylarına səssuz qalmamalı və hadisələrin kontrol altına alınmasına dəstək verməlidirlər./interpress

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top