“Kreml Türk dövlətlərinin təşkilatlanmasından ehtiyat edir”— Politoloq

GÜNDƏM 06 yan 2022, 19:53
“Qazaxıstanda baş verən son hadisələr Türk dövlətlərinin təşkilatlanmasına təsirsiz ötüşməyəcək. Məsələ ondadır ki, etirazlar nəticəsində Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verdi. Bu, çox ciddi bir hadisədir. Belə ki, Nazarbayev hər nə qədər mübahisəli şəxs olsa da əsas məsələ onun milli və Türk Birliyinin qurulmasında kilit şəxslərdən hesab edilməsi idi. Daha dəqiq desək, hazırda əsas üç türk lideri - Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Nursultan Nazarbayev bu birliyin qurulması və güclənməsində maraqlı olan şəxslərdir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. Politoloqun sözlərinə görə, Nazarbayev kifayət qədər təcrübəli və güclü bir fiqur idi:

“Onun vəzifəsindən getməsi Türk Birliyi baxımından çox ciddi təsiri olacaq. Qazaxıstanda baş verən hadisələr sonrası Mərkəzi Asiya, türk dövlətləri və onların liderləri Türk Birliyinə daha ehtiyatlı yanaşacaq. Düzdür, baş verən hadisələrin pərdəarxasında fərqli səbəblər olsa da etiraf etmək lazımdır ki, Kreml Türk dövlətlərinin təşkilatlanmasından ehtiyat edir. Nazarbayevin vəzifədən getməsi də bunu sübut edir. Hesab edirəm ki, Rusiya Türk Birliyinin qurulmasından deyil, onun güclənməsi və özünə regionda alternativ güc olmasında ehtiyat edir. Nazarbayevin varlığı isə həm Qazaxıstanın tədricən Rusiya təsirindən çıxması, həm də Türk Birliyinin güclənməsi baxımından vacib idi”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top