Belə bir şounun yaradılması həm şəhid generala, həm də onun anasına hörmətsizlikdir

GÜNDƏM 02 yan 2022, 14:21
Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanımın çıxışı üzərində manipulyasiya edənlər bu dövləti hədəfə çevirmək istəyənlərdir. Səmayə xanım şəhid anasıdır, hər kəs üçün inam, etiqad yeridir. Ancaq o da insandır, yanlış məlumat ala, emosinal ola bilər. Elə Səmayə xanımın dünən sosial şəbəkələrdə paylaşılan və ciddi rezonansa səbəb olan çıxışına da məhz bu prizmadan yanaşmaq lazımdır. 

Görünür, kimlərsə bulanıq suda balıq tutmaq niyyətindədirlər. P.Həşimov səngər generalı idi, onun ölümü ilə bağlı da qaranlıq heç nə qalmayıb. Şəhid anasının incik çıxışı üzərində şou yaratmaq və bununla da dövlətə qarşı hücuma keçmək ən azı ağılsızlıqdır. Səmayə xanım nə etsə belə, biz qəbul edəcəyik, onun hər bir səhv addımı belə bizim qəlbimizə toxuna bilməz. Amma onun fikirləri yeni şayiələrə də yol açdı, kimlərsə bu fikirlərdən məntiqsiz şəkildə Azərbaycana qarşı istifadə edəcəklər. Xüsusilə də, ermənilər və ermənipərəst qüvvələr P.Həşimovun ölümü ilə bağlı artıq aktivlik nümayiş etdirirlər.

Diqqət ediriksə, Səmayə xanımın çıxışını ciddi-cəhdlər yayan maraqlı qüvvələr var. Onlar istəmirlər ki, bu məsələ gündəmdən düşsün, ona görə də sosial şəbəkələrdə dayanmadan əllərində olan bütün platformalar vasitəsilə bu çıxışı yaymaqda davam edirlər. Ən adi etinasızlıqdan istifadə edərək dövlətə qarşı hücuma keçirlər. Ona görə də heç kəsin əlinə fürsət vermək lazım deyil. Hər bir şəhid ailəsinə xüsusi diqqət göstərməliyik, imkan verməməliyik ki, şəhid ailələrinə kənar müdaxilə, onların fikirlərində çaşqınlıq yaradan tendensiyalar olsun. 

Görünən budur ki, Səmayə xanıma yanlış və çaşdırıcı informayalar verilib, o da belə bir çıxışa imza atıb. Özü də P.Həşimovun doğum günündə belə bir şounun yaradılması həm şəhid generala, həm də onun anasına hörmətsizlikdir. Dövlət başçısı üçün ən həssas məsələ şəhid ailələrləri ilə bağlı olan məsələlərdir. Heç kəs bunun əksini deyə bilməz. Elə P.Həşimovun ailə üzvlərinə qarşı da daim dövlət xüsusi həssaslıq nümayiş etdirib. Görünür, adi və ani inciklik belə bir situasiyasının yaranmasına səbəb olub.

Vüqar Murad
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top