Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

MEDİA 24 dek 2021, 13:29
Azərbaycan Mətbuat Şurası 60 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Demokrat.az xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident!

Sizi həyatınızın əlamətdar günü - anadan olmağınızın 60 illiyi münasibətilə Azərbaycan jurnalistləri adından ürəkdən təbrik edirik.

Həyat və fəaliyyətiniz müstəqil Azərbaycan Respublikasında dövlət idarəçiliyinin möhkəmlənməsinə, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə, xalqımızın firavan həyatının təmin edilməsinə, vətəndaşların sosial rifah halının gücləndirilməsinə yönəlib. Bu yolda dönmədən, yorulmadan çalışmağınız cəmiyyətin, onun mühüm tərkib hissəsi sayılan media təmsilçilərinin gözü qarşısındadır. Biz jurnalistlər Sizin əzmkarlığınızdan, ölkədə, regionda və bütövlükdə dünyada baş verən proseslərə münasibətinizdən məmnunuq. Məmnunluğumuz ona görədir ki, Azərbaycanın idarəçiliyinin etibarlı əllərdə olduğuna böyük əminliyimiz var. Əminik ki, Vətənimiz müdrik siyasətiniz nəticəsində daim zirvələrdə olacaq, özünün prinsipial, qətiyyətli siyasətinə sadiq qalacaq. Bu siyasət xalqımızın maraq və mənafelərinin təminatına, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun yüksəldilməsinə yönəlib, özünün dönməz mahiyyətilə şanlı tariximizin son dərəcə mühüm tərkib hissəsinə çevrilib.

Möhtərəm cənab Prezident, bir liderin şəxsi üçün əlamətdar təqvim gününü xalqı və dövləti naminə müstəsna əhəmiyyət daşıyan vəzifəni reallaşdıraraq qeyd etməsi böyük xoşbəxtlikdir. Siz xoşbəxtsiniz ki, 60 illik yubileyinizi ərazi bütövlüyümüzü bərpa etmək, torpaqlarımızı işğaldan azad etmək kimi müqəddəs vəzifəni yerinə yetirərək, Vətənimizin üzərindən ağır yükü götürərək qeyd edirsiniz. Bu Sizin tariximizdə əbədi qalacaq ali xidmətinizdir.

Möhtərəm cənab Prezident, Siz azad sözün qoruyucususunuz. Azad sözə, müstəqil fikrə verdiyiniz əməli nümunələrlə zəngin yüksək qiymətin timsalında bu dəyərin daşıyıcıları sayılan jurnalistlərə həssas münasibətiniz, diqqət və qayğınız onlar üçün ciddi mənəvi stimuldur, peşəkar yaradıcılığa çağırış ruhudur. Buna görə də jurnalistlərin dostusunuz. Biz jurnalistlər bu dostluqdan qürur duyuruq.

Möhtərəm cənab Prezident, bir daha 60 illik yubileyiniz münasibətilə Sizi Azərbaycanın kütləvi informasiya vasitələrinin əməkdaşları, ümumən ölkəmizin media ictimaiyyətinin nümayəndələri adandan səmimi qəlbdən təbrik edir, Sizə Vətənimiz Azərbaycanın daha da çiçəklənməsinə, güclənməsinə yönələn yorulmaz fəaliyyətində bol-bol uğurlar arzulayıram.

Uca Tanrı Sizi və Azərbaycanımızı qorusun!”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top