Deputat: “Qarabağ və Şərqi Zəngəzurda kazinoların fəaliyyətinə icazə vermək qəbuledilən deyil”

GÜNDƏM 23 dek 2021, 15:13
“Qarabağ və Şərqi Zəngəzurda turizmi inkişaf etdirmək məqsədilə kazinoların fəaliyyətinə icazə vermək qəbuledilən deyil. Turizmi sağlam metodlarla da inkişaf etdirmək mümkündür. Əvvəla, əksəriyyət kazinolara nifrət edir, çünki bu, qumardır. Qumarda insanların taleyi həll olunur, bir çoxunun taleyi məhv olur, onlar intihar edir və ya acınacaqlı vəziyyətə düşürlər. Cəmiyyətə zərər gətirən, çoxluq tərəfindən qəbul edilməyən kazinoları işğaldan azad edilmiş müqəddəs torpaqlarda qanuni etmək doğru deyil. Milli Məclisin bir sıra deputatları iqtisadiyyatın və turizmin inkişafı baxımından bu məsələni dəstəkləyə bilərlər, lakin kazinoların fəaliyyətinin birmənalı olaraq əleyhinəyəm”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, Azərbaycan oğurluq və ya qumarla iqtisadiyyatı inkişaf etdirmək yolunu seçməməlidir: “Qarabağda çay turizmi, mədəni turizm və digər sahələrin inkişaf etdirilməsi də nəzərdə tutula bilər. Biz niyə məhz kazinodan pul qazanaq?! Həmin ərazilərdə bizim mədəni, tarixi, dini abidə və məbədlərimiz var. Biz niyə işğaldan azad edilmiş ərazilərə turistləri cəlb edərək Azərbaycanın milli-mənəvi dəyərləri haqqında geniş məlumat verməyək?! Qarabağ torpağı müqəddəs torpaqdır, bərəkətli və zəngindir. Orada turizmin inkişafı üçün onsuz da çox böyük potensial var. Qarabağın çayları, gölləri, yamacları, zirvələri, bir sözlə təbiəti turizmin inkişafı üçün kifayətdir. Bunun üçün reklam işinin təşkili və maarfləndirmənin aparılması lazımdır. Hələ Sovet dövründə Şuşada olan sanatoriyalara nə qədər turistlər axın edirdi ki, bu, şəhərin yaşaması üçün əhəmiyyətli idi. Və yaxud da Kəlbəcərin “İstisu”yuna... Bu gün biz həmin zonaları minalardan təmizləyib abadlaşdırsaq, ora milyonlarla turistlər gələcək, çünki həddindən artıq cəlbedici ərazilərdir. Nəinki Qarabağ, heç digər rayonlarda da kazinoların fəaliyyətinə icazə verilməməlidir. İnsanların alçalmasına, əyilməsinə, psixoloji sarsıntısına səbəb olan oyunlardan uzaq durmaq lazımdır. Gedib Rusiyada bütün var-yoxunu qumara qoyub ağır vəziyyətdə ölkəyə qayıdanlar az deyil. Onların sonrakı həyatı həmin oyunların ziyanlı olması barədə kifayət qədər təsəvvür yaradır”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top