“Artıq insanabənzər robotlar həyatımıza daxil olacaq”

İKT 18 dek 2021, 13:08
“Son dövrlərdə biz görürük ki, robotlar daha çox insana bənzəməyə başlayırlar. Onlara insan dərisinin simulyasiya edən materiallardan dəri inteqrasiya olunur ki, bununla da, onlar daha operativ, daha həssas yanaşmalar həyata keçirə bilirlər”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycanın ən böyük texnologiya agentliyi olan "Technote" media şirkətinin təsisçisi, texnobloqer Fərid Pərdəşünas deyib. Texnobloqer qeyd edib ki, artıq bir növ insanı simulyasiya edən robotlar peyda olmağa başlayıb: 

Prezident mükafatçısı Fərid Pərdəşünas kimdir? | Technote.az

“Bu robotlar hələ ki, süni zəkalara sahib olmasalar da, müəyyən əmrlər əsasında idarə olunurlar. Artıq gələcəkdə istisna deyil ki, bu robotlar süni zəka ilə təchiz olunacaq və gələcəklə bağlı olan filmlərdə gördüyümüz o fantastik reallıqlar gerçək olacaq. Yəni, artıq bir növ insanabənzər robotlar həyatımıza daxil olacaq. Təbii ki, bu proses yaxın gələcəkdə olacaq, uzaq gələcəkdə deyil. Lakin, ümumillikdə götürdükdə texnologiyanın inkişafı sənaye dövründə məhz sırf insan əməyini əvəz edirdi. Burada fiziki  əməkdən söhbət gedir, yəni artıq maşınlar müəyyən əşyaları daşıyır. Misal olaraq, zavodlarda insan əməyindən deyil, demək olar ki, artıq maşınların istifadə olunur. Bu, onu göstərir ki, artıq bugünkü gündə texnologiyanın köməyi ilə insanların əqli əməyi maşınlar və robotlar tərəfindən əvəz olunmağa başlayıb. Nəticə etibarilə, süni zəkalı müəllimlər, həkimlər yaranıb. Hüquqi işləri, mühasibatlığı apara bilən robotlar hazırlanıb ki, bunlar da birbaşa insanların əqli əməyini əvəz edə bilirlər. Hətta, insanın sosial media işlərini görən və planlama aparan robotlar peyda olub. Yəni, artıq biz görürük ki, texnologiya elə bir səviyyəyə gəlib çatıb ki, insanın əqli əməyi də istifadə olunmağa başlayır. Artıq 2-3 ildən sonra bu süni zəkalar, texnologiyalar bizdən iş yerlərimizii alsalar da, yeni iş yerləri də yaradacaqlar. Çünki onları öyrədən mühəndislər, proqramçılar, onların işinə nəzarət edənlər lazımdır”.

Texnobloqer hesab edir ki,  texnologiyanın inkişafı heç də pis deyil, sadəcə ona ayaq uydurmaq, bu qatara vaxtında minmək lazımdır: “Bundan şikayətlənmək lazım deyil. Çünki biz istəsək də, istəməsək də gələcək buna doğru gedir. Bizim növbəti addımlarımızda da hardasa qarşımıza çıxacaq, nəyimiz isə əlimizdən alınacaq. Ona görə də, indidən övladlarımızı texnologiya yönümlü böyütməliyik, proqramlaşdırmağa qoymalıyıq, dizayn öyrətməliyik. Onları rəqəmsal biliklərə sahib eləməliyik ki, nəticə etibarilə onlar  gələcəkdə özlərinə yer tapa bilsinlər”.

Aynurə Pənahqızı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top