“Bu görüş Rusiya ilə Ermənistan arasında münasibətlərə bir daha xələl gətirdi”— ŞƏRH

SİYASƏT 15 dek 2021, 19:05
“Brüssel görüşündən yenə də Azərbaycan böyük diplomatik uğurla çıxdı. Bu görüşdən sonrakı bəyanatda Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına dair çağırışlar edildi. Təbii ki, bu çağırışların da edilməsi Azərbaycanın istəklərinə uyğundur”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib. Politoloq qeyd edib ki, həmin bəyanatda Dağlıq Qarabağın statusu ilə bağlı bir kəlmə də qeyd olunmayıb:

“Vətən müharbəsindən sonra cənab İlham Əliyev dəfələrlə bildirmişdir ki, Dağlıq Qarabağla bağlı status yoxdur, yəni bu bəyanatda da Dağlıq Qarabağın statusu ilə bağlı heç bir cümlənin olmaması təbii ki, bizim maraqlarımıza xidmət edir. Qeyd edim ki, burada birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlının taleyi ilə bağlı tezis də var ki, bu da bizim istəklərimizə uyğundur. Xatırladım ki, 44 günlük Vətən müharibəsindən sonra 10 noyabr və 11 yanvar bəyanatları Azərbaycanla Ermənistan arasında olan bəzi radikallar, hətta xaricdə fəaliyyət göstərən erməni diasporaları tərəfindən tanınmırdı. Ancaq bu bəyanatla 10 noyabr razılaşması beynəlxalq səviyyədə tanındı. Hətta, Şarl Mişel Soçi görüşündəki bəyanatlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar çağırışlar da etdi. Həmçinin, bəyanatda kommunikasiya xətlərinin açılması ilə əlaqədar konkret müddəalar da var. Azərbaycan artıq Zəngəzur dəhlizi ilə həm dəmiryolu, həm də avtomobil xətlərinin çəkilməsi ilə əlaqədar fəaliyyətə başlaya bilər. Cənab İlham Əliyevin NATO-nun baş katibi ilə görüşündə Zəngəzur dəhlizi ilə Laçın dəhlizinin eyni statusa malik olmasını göstərməsi də bizim böyük uğurlarımızdandır”.

Politoloq görüşdə sərhədlərin delimitasiya və demarkasiya ilə bağlı məsələnin həll edilməsi ilə əlaqədar çağırışların olmasını da müsbət bir hal olduğunu diqqətə çatdırıb:

“Bilirik ki, sərhədlərin demarkasiya və delimitasiyasının müəyyənləşməsi köhnə Sovetlər birliyində müəyyən edilmişdir. Təbii ki, hazırda Rusiya bu məsələnin təminatçısıdır və biz iki dövlət arasında bu problemin həll edilməsində Rusiyadan başqa tərəfi tanımırıq. Təbii ki, Rusiya özünün üzərinə götürdüyünü həll etməlidir. Çünki Avropa İttifaqı nə vasitəçilik, nə də problemin həllində dərindən iştirak edən tərəf deyil. Ümumiyyətlə, bu görüş Ermənistanı Rusiyadan bir addım yenə də geriyə atdı və Rusiya ilə Ermənistan arasında münasibətlərə bir daha xələl gətirdi. Əlbəttə ki, bu bizim maraqlarımıza uyğundur. Bizim regionda Rusiyanın, Türkiyənin, Azərbaycanın gücü daha çoxdur. Ancaq biz Ermənistanla qonşuyuq, istəyirik ki, regionda iqtisadi sülh bərqərar olsun. Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansın, regionda iqtisadi proyektlərin yerinə yetirilməsində hər iki dövlət tərəfindən daha intensiv hərəkətlər olsun. Hesab edirəm ki, ümumiyyətlə, bu görüş Azərbaycan üçün uğurlu oldu”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top