“Azərbaycanda uşaqları “ev həbsi“nə məhkum ediblər”

SOSİAL 15 dek 2021, 00:28
Əvvəl uşaqlar həyət-bacada “gizlən-qaç", “top-top”, “rəng-rəng” və s. kimi oyunlar oynayırdılar. İndi həmin oyunları ev şəraiti və telefon əvəz edib. Ən yaxşı halda uşaqlar komputer zallarına gedir.

Bu məsələdə valideynlərin günahı varmı? Uşaqların real oyunlara deyil, vritual oyunlarla məşğul olması psixologiyalarına təsir edirmi?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən psixoloq Gülər Məmmədova bildirib ki, bu məsələyə bir neçə aspektdən yanaşmaq olar.

“Bu günün uşaqlarının təhsil sistemində müəyyən fərqliliklər var. Onların mütəmadi hazırlıqlarda olmasını əsas səbəb kimi götürən valideynlər bəzən də uşağın hərtərəfli inkişafı üçün onu çöl oyunlarından məhrum edir. Onlar digər qabiliyyətlərin inkişafını daha cəlbedici sayırlar. Məsələn, musiqi, şahmat, idman və s. Bütün bunlar uşağa yükləndikdə uşaqlar günün sonunda qalan azca vaxtı ancaq telefona xərcləyir. 

Araşdırmalara görə, axşam saatlarında uşaq telefona daha meyilli olur. Təəssüf ki, valideyn limit qoymayıbsa, uşaqlar telefonu gecəyə kimi istifadə edir. Belə olduğu halda qrup şəklində keçirilən köhnə həyət-baca oyunlara artıq maraq qalmır”.

G. Məmmədova qeyd edib ki, yay fəslində gün uzun olduğu üçün uşaqlar çöl oyunlarında, qismən də olsa, iştirak edirlər.
“Bilik qazanmaq istəyən uşaqların çöl oyunlarına ayıracaq vaxtları yoxdur. Bəzi valideynlər oyun oynamağa ümumiyyətlə icazə vermir. Bu tip valideynlər uşaqlarının qonşu uşağı ilə, həmyaşıdları ilə oynamasına ehtiyatla yanaşır. Qorxur ki, birdən uşağımın tərbiyəsi pozular, yad təsir altına düşər”. 

Mütəxəssislər qeyd edib ki, uşağın psixologiyası ünsiyyətdə və fəaliyyətdə inkişaf edir: 

“Uşaqların bağçaya getməsi daha doğru hesab edilir, orada qrup şəklində oyunlarla azyaşlı psixoloji aspektdən inkişaf edir.

Daima ev, məktəb, telefon, bir sözlə, monoton həyat, ev-ailə konfiliktlərinin şahidi olma, mütəmadi dərslə yüklənmə uşağın sağlam fərd olaraq inkişafında müəyyən problemlər yarada bilər. Çöl oyunları, qrup oyunları uşağın psixikasını inkişaf etdirir. Amma bundan məhrum olduqda mobil oyunlara üz tuturlar. 
Onlayn oyunlar isə fərdi hesab olunur. Yəni virtual aləmdə iştirakçılar bir-birini, oyuna necə reaksiya verdiklərini görmür. Bu da onların idrak prosesinə sağlam inkişafına müsbət təsir göstərmir. Əksinə, zehni yorğunluq yaradır, sinir sisteminə mənfi təsir edir. Amma əksər valideynlər bu düşüncədədir: “Eybi yox, küçəyə çıxmaqdansa, qoy telefonla oynayıb, gözümün qabağında olsun”. 

Beləliklə, uşaqlar “ev həbsi”nə məhkum edilir və onlarda psixoloji problemlər üçün zəmin yaranır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top