AMEA ölkədəki islahatlara adekvat deyil

SOSİAL 12 dekabr 2021, 16:40
Ölkənin inkişaf etməsi, müasir dövrün tələblərinə cavab verməsi üçün islahatlar aparmaq vacibdir.
 
Elə bu səbəbdən Azərbaycanda hər bir sahədə çox ciddi islahatlar, kadr dəyişiklikləri gedir.
 
Bu islahatlar əksər sahələri əhatə etsə də, buna baxmayaraq, Azərbaycan Milli Elmlər Akademiyasında illərdir kök atan "pas" yəmizlənmir, islahatlar, dəyişikliklər edilmir.
 
Maraqlıdır, AMEA-nın islahat aparmağa açıq olmamağının səbəbi nədir?
 
Milli Məclisin deputatı Fazil Mustafa məsələ ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, Elmlər Akademiyasının imkanları ilə heç bir islahat aparmaq olmaz:
 
“Mənim fikrimcə, birinci növbədə islahatlar universitetlərdə keçirilməlidir. Elm mərkəzlərini universitetlərə köçürməliyik. Laboratoriya şəbəkəsi genişlənməlidir. Artıq orta məktəblərdə də dövlət büdcəsi hesabına laboratoriyalar qurulur və bu müsbət bir tendensiyadır. Əslində elm Elmlər Akademiyasından universitetlərə köçürülməlidir.
 
Elmlər Akademiyasının imkanları ilə keçirilən islahatlarla nəyi dəyişmək olar. Elmlə vəsait ayrılmalıdır. Elm fonduna xüsusi vəsait ayrılır, amma yenilik, kəşf yoxdur. Əgər AMEA-da dəyişiklik etmək istəyiriksə, öncə universitetlərdə elm mühiti yaratmalıyıq. Belə akademiya dünyanın heç bir ölkəsində mövcud deyil, yalnız postsovet ölkələrində qalıb. Dünyada elm universitet dövründə inkişaf edir. Bunu eləsək, uğur qazana bilərik”.
 
Deputatın fikrincə, AMEA-da dəyişiklik etmək üçün elmə yeni gənc kadrlar gəlməlidir:
 
“Elmə gələn gənc kadr yoxdur. Ötən gün elan olundu ki, 20-dən artıq kafedra müdiri vəzifəsi boşdu. Baxın, elmə gənc kadr gəlmir. Elmdə pul, vəsait yoxdur.
 
Digər tərəfdən, orta təhsilin səviyyəsi aşağı düşdüyü üçün ali təhsilə gələn uşaqların içərisində savadlı kadr yoxdur.
 
Mən hesab edirəm ki, islahat aparmaq istəsələr belə, heç bir zəmin yoxdur. Normal təhsil verə biləcək elm şəbəkəsi yaratmalıyıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top