“Fikrimcə, budəfəki xəritələr doğru olacaq” — Vüqar Rəhimzadə

GÜNDƏM 06 dek 2021, 19:41
“10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra ümumiyyətlə, mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan təqdim etdiyi kiçik qism mina xəritələrinin etibarlılığının 25 faiz təşkil etdiyi məlum oldu. Bu da Ermənistanın bir daha riyakar, saxta olduğunu və o xəritələrin bizə qaytarılmasında vasitəçilik missiyasının yerinə yetirən tərəfin inamsızlığını ortaya qoydu”.

Bu fikirləri Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Demokrat.az-a açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, növbəti dəfə belə bir təşəbbüsün reallaşması çox vacib məsələ idi:

“Hesab edirəm ki, mina xəritələrinin Rusiyanın vasitəçiliyi ilə reallaşması çox vacib məsələlərdən biridir. Çünki bu proseslərdə Rusiyanın birmənalı rolu görünür və o, öndədir. İstər üçtərəfli müqavilənin imzalanmasında, istərsə də sonrakı proseslərdə Rusiyanın aktivliyi göz önündədir. O baxımdan düşünürəm ki, verilən minalanmış ərazilərin xəritələrində əvvəlki riyakarlıq, saxtakarlıq olmayacaq. Əgər olsa, təbii ki, bu, Rusiyanın özünə qarşı hörmətsizlikdir. Belə bir hal baş verərsə, çox kəskin mövqe nümayiş etdirilməlidir. Fikrimcə, budəfəki xəritələr doğru olacaq. Çünki Ermənistanın başqa yolu yoxdur, həmçinin hüquqi sənəd olan üçtərəfli bəyanat birmənalı olaraq artıq icra olunmalıdır”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top