Ekspert: “Turan” dövlətinin ərsəyə gətirilməsində Azərbaycan-Türkiyə-Pakistan lokomotiv rolunu oynayır”

GÜNDƏM 04 dek 2021, 15:06
“Azərbaycanın Pakistanla dostluq, qardaşlıq və hərbi müttəffiqliyi çox önəmlidir. Çünki Pakistan yeganə müsəlman dövlətidir ki, nüvə silahına sahibdir. Bilirsiniz ki, Pakistan dünyada nüvə silahına sahib olan beş dövlətdən biridir”.

Bunu Demokrat.az-a açıqlamasında hərbi-siyasi ekspert Elçin Axundzadə deyib. Ekspertin sözlərinə görə, Azərbaycanla Pakistanın müttəffiqliyi Azərbaycan düşmənlərinə də bir mesajdır:

Hərbi ekspert Müdafiə Nazirliyinə səsləndi: “Bunu deputatlar yox, müdafiə  naziri tələb etməlidir”

“Xatırlayırsınızsa, 2021-ci ilin fevral ayının 26-da Cənab Prezident müsahibə verəndə bildirdi ki, Azərbaycan ən son dağıdıcı qüvvəyə malik olan silahlar alacaq. Qeyd edim ki, Azərbaycan və Çinin birgə istehsal etdiyi qırıcı uçaklar dünyada birinci və ikinci yerdədir. Onlar Rusiya uçaklarından da öndədir. Nədədir bunun özəlliyi? Həm radarları uzaqdan görüb məhv  etmə qüvvəsinə, həm də radarların tuta bilmədiyi dalğalarda uçmaq qabiliyyətinə malikdir. Azərbaycan artıq o hərbi qırıcı uçakları alıb, öz arsenalına da daxil edib. Bundan əlavə, Azərbaycan Pakistan tanklarını da alıb. Pakistanın Azərbaycanı silah-sursatla təmin etməsi təbii ki,  Ermənistan və onların havadarları olan Fransa və Yunanıstana bir mesajdır. Yəni ki, Türkiyəyə, Azərbaycana, Pakistana bir şey olarsa, onların xüsusi xidmət orqanları bir-birinin yanında olacaq”.

Ekspertin fikrincə, Zəngəzur dəhlizinin açılması həm Pakistanın, həm də dünya qüdrətinə malik olan Çinin birbaşa maraqlarındadır: “Bilirsiniz ki, Pakistanla Hindistan arasında Kəşmir vilayəti üzrə kifayət qədər qızğın döyüşlər gedir və ərazi iddiaları var. Çin də, Hindistan da əsl qütbə dayanan dövlətlərdir. Bundan başqa, Çin-Pakistan-Türkiyə müttəffiqliyi də var. Məhz Əfqanıstanda “Taliban”ın ərsəyə  gəlməsi, hakimiyyətə yiyəlik eləməsin də Türkiyənin birbaşa rolu oldu. Çünki “Taliban” hərəkatı Türkiyənin müdafiə nazirliyinin kəşfiyyat idarəsi tərəfindən yaradılmış və Türkiyə tərəfdən hər zaman dəstək görmüş bir təşkilat idi. Bu da birbaşa Zəngəzur dəhlizi ilə bağlı bir layihə idi. Çinin “İpək yolu” deyilən və milyardlarla vəsaiti olan projesi var. Qeyd edim ki, Çin-Pakistan-Əfqanıstan-Orta Asiya-Azərbaycan-Qarabağ-Zəngəzur-Türkiyə Avropaya çıxan bir projedir. Ona  görə də, Əfqanıstanda narahatçılıq olan kimi, “Taliban” gətirildi. Bununla da, Zəngəzur layihəsi artıq reallığa çevrilmək üzrədir. Əminəm ki, Ermənistan böyük güclərin qarşısında tab gətirməyəcək və Zəngəzur dəhlizini açmağa məcbur, məhkum olacaq. Qeyd edim ki, Pakistan-Azərbaycan və Türkiyə müttəffiqliyi, eyni zamanda onların arxasında da təbii ki, qüdrətli Çin durur. Bu da bir daha sübut edir ki, artıq regionda vahid güc var. Çox şadıq ki, Azərbaycan da bu vahid güc birliyinin ortasındadır. Türkdilli dövlətlərin yaranması, 2040-cı ildə planlaşdırılan “Turan” dövlətinin ərsəyə gətirilməsində də, Azərbaycan-Türkiyə-Pakistan lokomotiv rolunu oynayır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top