Politoloq: “Azərbaycan artıq Şərqin Avropaya açılan tranzit qapısı olacaq”

GÜNDƏM 29 noy 2021, 13:42
Xəbər verdiyimiz kimi, ötən gün Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də bu tarixi toplantıda iştirak edib. Dövlət başçısı çıxışında Zəngəzur dəhlizinin əhəmiyyətindən söz açıb. 

Məsələ ilə bağlı fikirlərini Demokrat.az-a bölüşən politoloq Cümşüd Nuriyev bildirib ki, bu toplantı ölkələr arasında iqtisadi əməkdaşlığın yenilənməsi sahəsində çox böyük perspektivlər açır. 

Politoloq qeyd edib ki, İlham Əliyevin toplantıda Zəngəzur dəhlizi haqqında məlumat verməsi, artıq bu dəhlizin açılacağından xəbər verir: 

“Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı “Birlikdə gələcəyə” devizi ilə toplanmışdı. Əslində, Azərbaycan prezidenti torpaqlarımız işğaldan azad ediləndən sonra Zəngəzur dəhlizinin açılacağını bəyan etmişdi. Artıq bir ildən çox müddətdir ki, Azərbaycan prezidenti bu məsələdə çox israrlıdır və iradəsini ortaya qoyub. Soçidə keçirilən üçtərəfli görüşdə də kommunikasiya xətlərinin açılması məsələsi gündəmə gəldi. Əlbəttə, bunun əhəmiyyəti təkcə Azərbaycan, Türkiyə, Ermənistan üçün deyil, eyni zamanda  Rusiya və İrandan başqa, Azərbaycan ərazisindən tranzit kimi istifadə edən qardaş Orta Asiya respublikaları üçün də böyük əhəmiyyəti var. Təbii ki, indiyə qədər bu ölkələr şərq-qərb dəhlizindən istifadə edirdilərsə, artıq yeni bir dəhliz açılacaq. Bu, şimal-cənub dəhlizindən Orta Asiya respublikaları, o cümlədən Rusiya da Azərbaycan üzərindən həm Avropaya, həm də Fars körfəzinə çıxışı əldə edəcək. Bütün bunların hamısı Azərbaycanın önəminin daha çox artacağını göstərir. Azərbaycan artıq Qafqazın təkcə açar dövləti deyil, eyni zamanda Şərqin Avropaya açılan bir tranzit qapısı olacaq. Bu, dəhlizin həm də böyük siyasi əhəmiyyəti var, yəni biz torpaq olaraq birləşəcəyik, əlaqələrimiz artıq kəsintisiz və fasiləsiz olacaq. Zəngəzur dəhlizinin açılması artıq Azərbaycan üçün prioritetdir”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top