“Məhəmməd Əsədov Azərbaycanda rus rəhbərlərdən qorxu sindromunu sındırdı”

SOSİAL 27 noy 2021, 19:06
“Sovet dövrünün ilk onilliklərində Azərbaycanda Daxili İşlər nazirlərindən birincisi erməni, 1956-cı ilədək isə əksəriyyəti rus və ya digər slavyan millətlərindən olub.  1956-cı ildən bəriki bütün DİN rəhbərlərimiz azərbaycanlı olsa da, SSRİ-nin son illərinədək, ta ki 1990-ci ilin sonunadək isə ömür-billah digər  nazirlərin birinci müavini mütləq Moskva təbəəsi, əsasən rus, ən azı, slavyan olmalı idi”.

Bu sözləri Moderator.az-a açıqlamasında sovet imperiyası dövründə Moskvadakı şovinist hakimiyyətin əsasən digər türk-müsəlman respublikaları kimi Azərbaycanda da yaratdığı anti-milli əhvali-ruhiyyədən, ruhi-mənəvi basqılardan bəhs edən Daxili İşlər Nazirliyinin  Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, polkovnik Mehman Mehmanov söyləyib.    
 
“Yadımdadır ki, 1970-ci illərin sonunadək nazirin birinci müavini Vasili Andreyeviç Vısoçenko adlı biri olmuşdu. Deyilənə görə, ukrayın idi. O, bir az sakit adam idi, Azərbaycan xalqına qarşı o qədər  sərt siyasət yeritmirdi.  Buna görə də 1980-ci illərin əvvəlində  Vladimir İqonin adlı bir rusu  kadrlarla iş üzrə nazir müavini təyin etdilər.  Ondan bir neçə il sonra da Şevtsov soyadlı birisini eyni vəzifəyə gətirdilər. 1988-1990-cı illərdə isə məşhur Viktor Barannikovu 1-ci müavin qoydular. Təsəvvür edin, mən DİN-də işə daxil olarkən sənədlərimi Azərbaycan SSR DİN kadrlar idarəsinin komplektasiya şöbəsinin müdiri Jmayeva xanım qəbul etmişdi. O, nazirlikdə özünü hədsiz amiranə şəkildə aparırdı. Onun ardınca isə Şirikov familiyalı başqa birisini qoydular həmin şöbəyə rəis. 1980-ci illərin sonunda isə sizə bir dəfə danışdığım kimi, kadrların yerləşdirilməsinə cavabdeh olan eyni şöbəyə erməni Qasparova Qalina Qaykovnanı təyin etmişdilər. Adətən yerlərdə Bakının rayonlarında və əyalətlərdə rəislər, digər rəhbər işçilər azərbaycanlı olsa da, bəzən paytaxtın rayonlarına da qeyri-millətləri rəhbər işlərə təyin edirdilər. Məsələn, Xətayi rayonun daxili işlər şöbəsinin mühafizə idarəsinin rəisi Çexovskoy soyadlı birisi olmuşdu. Əməkdaşlar da etiraz edirdilər ki, biz bunu başa sala bilmirik, yalnız rusca danışır. Ancaq rəhbərlikdə belə etirazlara məhəl qoyan yox idi”- söhbətinin davamında bunları deyən həmsöhbətimiz mövzu ilə bağlı konkret olayları da misal çəkib.
 
“Yadımdadır ki, bir dəfə, səhv etmirəmsə, 1990-cı il idi,  Bakıda doğulub boya-başa çatmış məşhur şahmatçı Harri Kasparov haqda bir məqalə yazaraq onu Azərbaycanın çörəyi yeməyinə rəğmən qatı ermənipərəst mövqe tutmaqda ittiham etmişdim. Nazirlikdəki ruslardan və ruspərəst, ermənipərəstlərdən bir neçəsi az qala, məni məhkəməyə verirdilər ki, sən niyə Kasparovu tənqid edirsən, o, Azərbaycanı sevən adamdır. Az keçmiş, mediada bu şahmatçının Qarabağ məsələsində açıq ermənipərəst mövqeyini ifadə edən bir çıxışı oldu. Yalnız bundan sonra onlar susmağa məcbur oldular... 
 
20 Yanvar qətliamından sonra bir gün DİN-in “Mübariz keşikdə” qəzetinin redaksiyasında rəhmətlik Əlisahib Məmmədovun otağında yığışmışıq, yas içindəyik, radioda matəm musiqisi çalınır,  gözlərimizdən yaş süzür. Bu dəmdə arada bizim otağa gəlib-gedən, səhv etmirəmsə, atası yəhudi, anası rus olan bir əməkdaş içəri daxil olub sanki bizə  acıq verirmiş kimi, yersiz bir söhbət başladı. Dedi ki, bəs atası erməni, anası rus olan bir idmançı var e, ona, bilirsiz, mən necə azarkeşlik edirəm, o, mənim üçün idealdır.. Bunu eşidən kimi, həmin əməkdaşı biabır edib bayıra qovladıq... O məxluq anası erməni olan Eldar Xasməmmədovun rəisi olduğu siyaşi şöbənin təbliğat-təşviqat şöbəsinin əməkdaşı idi... Yəni sözüm ondadır ki, biz sovet dövründə Bakıda – öz vətənimiz Azərbaycanın paytaxtındakı hökumət orqanlarında Moskvanın bu bəzən şovinist, qatı millətçi, bəzən də kosmopolit düşüncəli, milləti bəlli olmayan ünsürlərinin həm fiziki, həm siyasi-ideoloji, həm də belə ağır mənəvi-psixoloji basqılarını daim hiss edirdik. Bəzən üsyan etməyə, bu sistemə qarşı çıxmağa çalışırdıq. Amma təəssüf ki, birlik yox idi. Əsas vəzifə sahiblərinin çoxu  öz kürsüləri, var-dövlətləri xatirinə ruslara, rusbaşlılara, hətta erməni mənşəlilərə nəinki baş əyirdi, yarınırdı. Xalqımıza məxsus “bəy”, “xanım” kimi müraciət formaları da tamamilə itmiş və hamı biri-birinə “oviç”, “ovna” kimi dilimizə uyğun gəlməyən əndrəbadi sonluqlarla müraciət edirdi...  Yadımdadı ki, o vaxtlar Yevlaxda bir milis rəisi vardı SSRİ baş katibi Leonid Brejnevin yeznəsi Çurbanova  hər ay diri, suyun içində osetrin balıq yollayırdı...  Belələri sanki moskvadakıları yemləyirdilər ki, xalqımızı daha çox, daha böyük təzyiqlə əzsinlər. Bu cür hallar xüsusən o vaxt cavan olan bizlərə çox pis təsir edirdi, yanıb-yaxılırdıq, amma əlimizdən bir şey gəlmirdi. Çünki öz azərbaycanlı rəhbərlərimiz ruslar qarşısında susub quzuya dönürdü... 
 
Nəhayət, 1990-cı ilin  20 Yanvar qətliamından bir müddət sonra Azərbaycanın Daxili İşlər naziri rəhmətlik Məhəmməd Əsədov təyin olundu. Onda əvvəlki nazir Aydın Məmmədovun vaxtında meydan sulayan Barannikov hələ də 1-ci müavin idi. Və orada iştirak etmiş həmkarlarımdan birinin söylədiyinə görə, bir gün Məhəmməd Əsədov kabinetindəki iclaslarda həmin Barannikovu iş üslubuna görə, əməkdaşlara qarşı təkəbbürlü, qeyri-təvazökar davranışına, özbaşınılığına, üzərinə düşən vəzifələri düzgün icra etmədiyinə görə sərt tənqid edib və dünən bizlərə meydan oxuyan həmin rus nazir müavini qan-tərə batıb səsini də çıxarmayıb... 
 
Beləcə rəhmətlik Məhəmməd Əsədov hələ Kremlin qılıncının dalı-qabağı kəsdiyi bir vaxtda onun buradakı adamını cəsarətlə, qorxmadan çəkinmədən tənqid etməklə sanki həmin günədək nəinki DİN, bütün digər hökumət qurumlarında olan  rus rəislərdən, rəhbərlərdən, katiblərdən və s. qorxu sindromunu sındırdı. Və bununla digər rəhbər işçilərə örnək oldu ki, insan vəzifəyə, kürsüyə, qazanca görə öz milli qürurunu, namus-qeyrətini, vucdanını, xalqının ləyaqətini tapdatmaz.  Rəhmətlik Əsədovun bu cəsarətli addımı  bütün Azərbaycan hüquq-mühafizə orqanları üzərində şimşək kimi çaxdı və bütün əməkdaşlara yeni bir ruh verdi...  General Məhəmməd Əsədov  haqqında Naxçıvanın keçmiş daxili işlər naziri Məmməd müəllim(təəssüf ki, soyadını unutmuşam) də ibrətamiz bir olay danışıb. Deyir, təxminən 1990-cı illərin ortalarında hələ SSRİ dağılmayıb, hələ sovet qoşunları dörd bir yanı kəsib... Bir gün Əsədov Naxçıvana gəlmişdi. Sədərək camaatıyla görüşməli idi.  Əvvəldən dedim ki, cənab nazir, bu camaat açıq, düz danışmağı xoşlayır, ona görə bunlarla danışmaq bir az çətindir. Rəhmətlik deyib ki, problem yoxdur, onların hər sualına lazımınca cavab verərik. Bu minvalla camaata yaxınlaşanda başı papaqlı bir ağsaqqal kişi Əsədova  yaxınlaşdı ki, oğul, bir dayan görüm, bizim söhbətimiz tutacaq. Cavabında rəhmətlik dedi ki, buyur ağsaqqal.  Kişi Məhəmməd müəllimdən soruşdu ki, bir de görüm, bu sovetin başçısı Qorbaçov necə adamdır. Məhəmməd Əsədov üzün camaata sarı tutub ucadan dedi: “Qorbaçov çox yaramaz adamdır”. Bunu eşidən sədərəkli ağsaqqal, dedi ki, hə, oğul, indi bizim söhbətimiz alınar, indi biz sənə ürək qızdıra bilərik. Bundan sonra rəhmətlik nazir Sədərək camaatıyla səmimi, açıq söhbətini davam etdirdi, onların problemlərini, təkliflərini dinlədi... Beləliklə, rəhmətlik Məhəmməd Əsədov kimi rəhbər kişilərin sayəsində Rusiyadan, Moskvadan qorxmaq sindromu qırıldı və nəhayət, 30 il öncə müstəqillik əldə etdik. Və şükür Allaha ki, hazırda hüquq-mühafizə orqanlarımız və digər qurumlarımızda bizi  sovet illərində yandırıb-yaxan, milli hisslərimizi üsyana çağıran problemlər yoxdur” –deyə sabiq nazir müavini vurğulayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top