Soçi və Brüssel görüşləri ilə bağlı iki analitikdən önəmli AÇIQLAMALAR

GÜNDƏM 25 noy 2021, 18:08
“Nikol Paşinyan son çıxışlarında Rusiyanı məsələlərin həllinə birmənalı yanaşmadığını göstərməyə çalışır və bunu dolayı yollarla müxalifətin siyasi gedişi kimi göstərərək, iki ölkə arasındakı məsələlərin həllinə Qərbi cəlb etmək istiqamətində gedişlər edir”.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev bunu Musavat.com-a açıqlamasında bildirdi. Rəsmi İrəvanın davranışlarından bəhs edən millət vəkilinin sözlərinə görə, Paşinyanın əsas istəyi odur ki, görüşlər Qərbin patronajlığı altında keçirilsin və əsas məqam kimi insan haqları, qondarma qurumun “statusu” gündəmdə olsun, buna da insan haqları donu geyindirilsin: “Lakin Rusiya da Paşinyanın hansı siyasi oyunlar qurduğunu təhlil edir və prosesləri nəzarətdə saxlamağa çalışır. Rəsmi Moskva da öz növbəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi regionda gedən proseslərdən kənarda qalmaq istəmir və hətta ən vacib açar fiqur kimi çıxış edir”.

1584449896_Arzu Nağıyev (1).jpg (40 KB)

A.Nağıyevin fikrincə, bütün bunlara baxmayaraq, Azərbaycan qalib ölkədir və şərtləri diktə edən tərəfdir: “Ona görə də Azərbaycan təmkinli şəkildə öz siyasətini sərgiləyir. Məlumdur ki, Söçi görüşündə də Azərbaycan olaraq əsas məqsədimiz sərhədlərin müəyyən edilməsi və təklif olunmuş “3+3” formatının reallaşması, 10 noyabr sazişinin müddəalarının yerinə yetirilmə mexanizminin dəqiqləşdirilməsidir. Məlumdur ki, regionda baş verən proseslərdə Qərbin də, Rusiyanın da öz strateji maraqları mövcuddur”.

Millət vəkili bu məsələdə rəsmi Bakının konkret hədəfinin olduğunu vurğuladı: “Kimlərəsə xoş gəlməsə də, Azərbaycan müstəqil siyasət aparan bir ölkədir. Buna görə də bütün tərəflərlə bərabərhüquqlu müstəvidə danışıqlar aparır, xarici siyasətimizin əsasında da ərazi bütövlüyümüzün tanınmasını qəbul etdirmək dayanır. Danışıqlar prosesində də bu tələblərimizn yerinə yetirilməsini təmin etmək istəyirik”. Eyni zamanda A.Nağıyev qeyd etdi ki, Paşinyanın çıxışları daxili auditoriyaya hesablanıb və bu fikirlər spekulyasiya xarakteri daşıyır: “Çünki Ermənistan məğlub ölkədir. Paşinyan məğlub ölkənin başçısı kimi öz nüfuzunu qaldırmaq, hakimiyyətini qorumaq üçün çıxışlar edir, apardığı daxili və xarici siyasəti vətəndaşlarına satdırmaq və buna isə müxalif qüvvələrin maneə törətdiyini göstərir. Amma reallıq danışıqlar masasındakı mövzulardır. Ermənistan tərəfi bu reallıqları qəbul etməyə məcburdur,əks halda regional təhdidlər böyük qlobal təhdidlərə çevrilıə bilər”.

Qafar.jpg (15 KB)

Politoloq Qafar Çaxmaqlı isə diqqəti Soçi görüşünün Brüssel görüşündən öncə keçirilməsinə çəkdi: “Brüsseldə Avropa Şurasının vasitəçiliyi ilə nəzərdə tutulan görüşdən əvvəl Moskvanın bu təşəbbüsü əslində məsələlərə “əl qoymaqdır” və Kreml bölgədə təsir imkanlarını artırmaq üçün belə bir görüşün keçirilməsini istəyib. Şübhəsiz, öncəki anlaşmaların bəzi maddələrinin yerinə yetirilməsi üzərində duracaqlar. Ermənistanın bu öhdəlikləri yerinə yetirməməsinin yeni probləmlərə yol açdığı da Kremli narahat etməkdədir. Bu problemlərdən biri Ermənistanın Qərbə üztutmasıdır ki, bu Rusiyanın xoşuna gəlmir”.

Q.Çaxmaqlı zənn edir ki, Ermənistan düşdüyü vəziyyətdən çıxmaq üçün Qarabağ ermənilərinin durumunu beynəlmiləlləşdirmək istəyir: “İrəvan sərhədlərin müəyyənləşməsindən əvvəl Qarabağ ermənilərinə hansısa status istəyir, bu səbəbdən də bölgədən silahlı qüvvələrini çıxartmır. Bu, Azərbaycanın suveren dövlətçiliyinə təhdid olduğundan biz qarşıdakı görüşdə razılaşmaların həmin hissəsinə əməl olunmasını tələb etməliyik. Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan rəhbərliyinin ziddiyətli bəyanlarına da son verilməsini gözləyirik”.

Politoloq erməni baş nazirin ziddiyyətli fikirlərindən də bəhs etdi: “Paşinyan son müsahibəsində dedi ki, bu yolun açılması ilə Ermənistan tarixində ilk dəfə beynəlxalq statuslu xətt əldə edəcək. Amma ölkədə formalaşan antitürk, antiazərbaycan ideologiyası bu dəhlizin ermənilər üçün əhəmiyyətini anlamağa və addım atmağa imkan vermir. Dəhlizin açılması qərarı üçtərəfli yeni bəyanatla, yaxud hansısa sənədlə yenidən qərara alınmasını Paşinyan “özümü sığortalamaq” mənasında istəyəcək. Bu məsələyə son verilməldiri”.

Q.Çaxmaqlının sözlərinə görə, ola bilsin Soçi görüşündə Paşinyanın yaralı yeri olan “əsirlər” məsələsinə də aydınlıq gətirilsin: “Bu mövzu Paşinyan hakimiyyətinin davamı üçün önəmıidir. 10 aydan sonra rus sülməramlılarının fəaliyyəti ilə bağlı da müzakirələrin olacağını istisna etmirəm. Amma bu görüşün Brüssel görüşünün mənasızlığını oryaya qoymaq məqsədi ilə keçirildiyini də yaddan çıxarmamalıyıq. Biz heç bir görüş və müzakirədən geri durmamalıyıq. Azərbaycan ədalətli bir davanın içərisindədir. Çəkinəcək heç bir hərəkətimiz də olmamalıdır”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top