Azərbaycanda İKT sahəsində problemlər və onlardan çıxış yolları

İKT 21 noyabr 2021, 20:30
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edir. Elə buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı cəmiyyətlər dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır. Belə cəmiyyətlərin əsas üstün cəhətləri İKT-nin kütləvi istifadəsi, qlobal informasiya mühitinin yaradılması və digər bu kimi amillərdir. Artıq dünyanı İKT-nin bəxş etdiyi yeniliklərsiz, o cümlədən internetsiz təsəvvür etmək qeyri-mümkündür. Təqdirəlayiq haldır ki, İKT-nin tətbiqinə Azərbaycanda da böyük diqqət yetirilir. Ölkəmizdə son illərdə İKT sahəsində ciddi addımlar atılıb, lakin Azərbaycanda İKT sahəsində ciddi problemlər də qalmaqdadır. Bəs, mövcud problemlər nədən ibarətdir?

Suallımızı cavablandıran "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  Demokrat.az-a açıqlamasında bildirib ki, son illərdə ölkəmizdə İKT-nin inkişafı ilə bağlı müəyyən addımlar atılıb,  İKT-nin ümumi daxildə xüsusi çəkisi aşağıdır:

“Bu gün biz bu sahədə konseptual sənədləri gözləyirik, konseptual baxış gözləyirik. Ölkəmizdə bu gün bütöv sahənin rəqəmsal transformasiyası ilə bağlı sənədlər hazırlanmalıdır, ancaq hələlik yoxdur. “Ağıllı şəhər”lə bağlı konseptual baxış olmalıdır. Kibertəhlükəsizliklə bağlı, informasiya təhlükəsizliyi ilə bağlı konseptual sənədlər gözlənilir, yəni bu sahə ilə əlaqəli ümumi xarakter daşıyan sənədlər imzalanmalıdır. Prezidentin fərmanı ilə uzunmüddətdir ki, bu sənədlər hazırlanır. Amma hələlik təsdiqlənməyib, indi aidiyyatı qurumlar bununla bağlı açıqlama veriblər ki, yaxın vaxtlara bu sənədlər hazırlanacaq. Düşünürəm  ki, İKT sahəsində xeyli yığılmış problemlər var. Konseptual sənədlər, xüsusən də rəqəmsal transformasiya ilə bağlı sənədlər qəbul olunandan sonra burada bir ciddi canlanma gözləmək olar. Amma hələlik düşünürəm ki görüləcək işlər daha çoxdur. Fikrimcə, bu sahədə daha çox diqqət yetiriləsi məsələlərdən biri bu sektorda şəraiti daha da inkişaf etdirməkdir. Bunun üçün isə daha səmərəli işləyən qanunvericilik aktlarına ehtiyac var. Bilirik ki, burada əsas sifarişçi qurum dövlət qurumlarıdır. Yəni, hər il yüz milyonlarla İKT-nin inkişafı ilə bağlı adımlar atılır. Lakin bu cür tenderlər nə dərəcədə effektivdir? Bu gün İKT üzrə kadrlarla bağlı bir sıra problemlər var. Düşünürəm ki, İT və İKT üzrə kadrların hazırlanması işinə diqqəti xüsusi artırmaq lazımdır. Həmçinin, qeyd edim ki, investisiya ilə bağlı qərarlar verilməlidir. Çünki bu sahənin inkişafı investisiyadan çox asılıdır. Eyni zamanda, düşünürəm ki, İKT-nin inkişafı həm də infrastrukturun, telekommunikasiya, internet sektorunun inkişafı ilə bağlıdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, yaxın bir-iki il ərzində Azərbaycanın ən ucqar kəndində belə internet problem kökündən həll edilmiş olacaq. Hesab edirəm ki, internetlə bağlı problemin həlli İKT-nin inkişafında özünü göstərəcək”.

İKT sahəsindəki problemlər barədə Demokrat.az-a açıqlama verən BDU-nun Jurnalistika fakültəsinin dosenti Zaur Babayev bildirib ki, bu sahədə ciddi işlərin görülməsi labüddür: 

“Azərbaycanda bir çox sahələrdə böyük uğurlar var, ancaq çox təəssüf ki, informasiya-kommunikasiya texnologiyaları sahəsində ciddi problemlər mövcuddur. Bildiyimiz kimi, müasir dövrdə internet nəinki gənclərin, eləcə də hər bir insanın həyatında mühüm rol oynayır. Nəzərə alaq ki, bu gün insanların təxminən 85 faizi internetlə yaşayır, internetdən informasiya toplayır və sosial şəbəkələr vasitəsilə müxtəlif ünsiyyətlər qurulur. Lakin buna baxmayaraq, bu sahədə bəzi problemlər mövcuddur. Əsas problemlərdən biri bu gün ölkəmizdə internetin yayım sürətinin zəif olması və qəbuledicilərlə bağlıdır. Bir ildən çoxdur ki, dünya və ölkəmiz təhsildə internetin istifadə edir və demək olar ki, təhsili artıq internet üzərindən qurmuşuq. Məsələn, əvvəllər “Zoom” proqramı idi, indi “Blackboard” vasitəsilə tədris aparılır. Burada da təxminən 300 minə qədər şagird, tələbə bilavasitə gündəlik internetdən istifadə edir. Amma bu gün bu, bizi qane etmir, çünki biz bir növ buna hazır deyilik və bu sahədə çox ləng tərpəndik. Qeyd edim ki, Azərbaycanda 2005-ci ildən 2015-ci ilə kimi dövlət tərəfindən internetin yayım strategiyası mövcud idi. İndi yeni dövlət strategiyası qəbul olunub. Lakin onun reallaşması isə xeyli gecikir, çünki internetin sürəti ilə bərabər internetin qəbul edilən formaları vasitələri təkmilləşmir, yenilənmir. Tələbələrin təxminən 80 faizi internetdən telefon vasitəsilə istifadə edirlər. İnternetin telefondan istifadə olunması təbii ki, müvəqqəti xarakter daşıyır. Bu gün internetlə dərs demək, internetlə müxtəlif konfranslarda, müxtəlif forumlarda istifadə mümkündür. Hətta, bu proseslər noutbuk, planşet və s. üzərindən həyata keçirilir. "Blackboard" tətbiq olunub bir neçə universitetlərdə onun da çatışmayan cəhəti çoxdur. Məsələn, tələbələrin davamiyyəti izlənilir və qeyd olunur. Lakin müəllimlər öz istədiyi formada dərsi deyə bilmir. Çünki elə fayllar var ki, “Blackboard” vasitəsilə biz onu yaya bilmirik. Məsələn, slayd və videoları qəbul edilmir, müəyyən əyani vasitələrlə tələbələri tanış edə bilmirik. Bu tətbiqdən tam razı deyiləm, istərdim ki, ölkəmizdə internetin sürəti artırılsın. Düzdür, nazirlik optik xətlər çəkir. Fikrimcə, həm şagirdlərə, həm tələbələrə dövlət tərəfindən bu istiqamətdə müəyyən güzəştlər edilməlidir. Ən azı tələbələrə və şagirdlərə  internet pulsuz verilməlidir, çünki bu təhsildir. Koronavirus ərəfəsində dövlət bu məsələlərə xüsusi diqqət yetirməli, həssas yanaşmalıdır. Bu məsələlər Milli Məclisdə müzakirə olunur, ancaq istərdim ki, bu məsələ tez bir zamanda hansısa bir formada həllini tapsın. İKT sahəsinin daha bir problemlərindən biri də doğma ana dilimizə təsirləridir. Demək olar ki, onun sayəsində bizim dilimizə mənfi təsilər olur. Daha dəqiq desəm, bizim danışıq, ünsiyyət dilimiz dəyişir. Məsələn, hansısa suallar verilir, müzakirələr olunur, təəssüf ki, bu müzakirələrdə çox zəif iştirak edirlər. Həmçinin, hansısa bir məsələyə “ok” deməklə kifayətlənirik. Ümumiyyətlə, bu sahədə çox ciddi problemlər var”. 

Z.Babayev informasiya məkanındakı təxribatlardan da danışıb: “Bu gün sosial şəbəkələrin də öz etik qaydalarının olduğunu, qlobal səciyyə daşıdığını nəzərə almaq çox vacibdir. Çünki xüsusi qruplar, hakerlər öz siyasi rəhbərlərinin sifarişi ilə dağıdıcılıq fəaliyyəti ilə məşğul olurlar. Təhlükələrdən, hücumlardan qorunmaq naminə diqqətli, ayıq-sayıq davranmalı, paylaşımlarımıza, yazdıqlarımıza qarşı məntiqli olmalıyıq. Bir çox istifadəçilər bu gün fərqinə varmadan öz istədiklərini yazırlar, amma bu sahədə hər bir vətəndaşın öz üzərinə düşən məsuliyyəti dərk etməlidir. Fikrimcə, ölkəmiqyaslı, yəni ancaq Azərbaycan istifadəçiləri üçün nəzərdə tutulmuş sosial şəbəkənin yaradılması müsbət effekt verə bilər. Ümid edirəm ki, yaxın gələcəkdə İKT sahəsində olan bütün problemlər öz müsbət həllini tapacaq. Ancaq hələlik bu istiqamətdə görüləcək işlər çoxdur”. 

Aynurə Pənahqızı

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 22:37
Top