“İmkanlı insanların övladları orduya getmir, gedəndə də ön cəbhədə deyillər”

GÜNDƏM 21 noy 2021, 17:48

“Məlum olduğu kimi bu günlərdə erməni təxribatı zamanı 7 şəhidimiz oldu. Bu hadisəni sosial şəbəkələrdə elə türkürpədici şəkildə təqdim etdilər ki, istər-istəməz  əhalidə, gənclərdə, onların validenlyərində çox dəhşətli qorxu hissi yaradıldı”.

Bu sözləri sosioloq Əhməd Qəşəmoğlu Moderator.az-a açıqlamasında bildirib. Sosioloq cəmiyyətdə tez-tez səslənən “niyə ancaq yoxulların, kasıbların övladları şəhid olur?” kimi ifadələrə də münasibət bildirib:

“Əslində tez-tez bu məsələnin ortaya atılması  arzuolunan deyil. Ona görə ki, biz hələ müharibə şəraitindəyik, sülh müqaviləsi hələ ki, bağlanmayıb, təxribatlar baş verir və sairə. Ölkəmizdə hər zaman ovqat yüksək olmalıdır. 

Lakin bu da bir faktdır ki, imkanlı, pullu insanların övladları orduya getmir, gedəndə də ön cəbhədə deyillər, onların arasında şəhid olanlar yoxdur. Ola bilsin ki, var, amma onlar haqqında cəmiyyətə geniş məlumat vermək lazımdır ki, camaat da bilsin ki, filan imkanlı şəxslərin də övladları ön cəbhəyə gedib.

Lakin bu məsələni də qaldırmaq lazımdır ki, niyə imkanlı şəxslərin övadları ön cəbhəyə getmir? Həmin deputatlar ki var, deyirlər “bu cür ifadələri işlədənləri təxribatçı kimi dəyərləndirmək lazımdır”, onlardan soruşmaq lazımdır ki, bu problemin həlli üçün siz özünüz hansı işləri görmüsünüz? Məsələ qaldırmısınızmı ki, niyə varlıların uşaqları ön cəbhədə olmur? Siyasi fəallıq elə olmalıdır ki, əhali daha az həyəcanlansın, daha çox müharibədəki igidlik, qəhrəmanlıq təbliğ olunsun, özümüzə qarşı ruh düşkünlüyü yaranmasın. 

Ona görə də hər iki tərəfin dediyində müəyyən həqiqət var və hər iki tərəfin fəaliyyətində düzəlişlər etməyə ehtiyac var. 

Qardaş Türkiyədə də şəhidlər olur, lakin mətbuat bunu elə bir qəhrəmanlıq nümunəsi şəkildə verir ki, ölkədəki gənclər, onların valideynləri ruhdan düşmür. Bizdə isə nə televiziyada, nə də sosial şəbəkədəki fəaliyyətimiz qənaətbəxş deyil”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top