“Türk Dünyasının Ali Ordeni” Ali Baş Komandanın beynəlxalq nüfuzunun dünyaya təqdimatıdır

GÜNDƏM 13 noy 2021, 13:55
“Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının  qəbul etdiyi Qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir.”

Göründüyü kimi, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin istər ölkəmizin, istərsə də regionun, xüsusilə türk dünyasının, ümumilikdə dünyanın bu günü və gələcəyi ilə bağlı atdığı addımlar, əldə etdiyi uğurlu nəticələr hər zaman diqqətlə izlənilir, təqdir olunur, ali mükafata layiq görülür. Ölkə Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  VIII Zirvə Görüşündə bu mükafatı  böyük şərəf, eyni zamanda, böyük məsuliyyət kimi dəyərləndirərək bildirmişdir ki,  sevincimi ikiqat edən  bu Ali Ordenin  Türk Şurasına üzv ölkələrin dövlət başçılarının  imzası  və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə təqdim edilməsidir. Bu mükafat təkcə Müzəffər Ali Baş Komandan, bu günlər qardaş Türkiyədə deyildiyi kimi, İkinci Qarabağ müharibəsinin Qəhrəmanı cənab İlham Əliyevə deyil, Vətən uğrunda tarixi savaşın qalibi olan bütün Azərbaycan xalqına verilmiş mükafatdır.

Həqiqətən də Ali Baş Komandanımız  44 günlük İkinci Qarabağ müharibəsində böyük Zəfərimizi təmin etməklə adını tarixə qalib Lider, torpaqlarımızın xilaskarı kimi yazdı. Dövlət başçısı  İlham Əliyev  2003-cü ildə Prezident seçilərkən qarşıdakı illərin prioritetlərini açıqlayaraq əsas amalının Azərbaycanın ərazi bütövlüyünü təmin etmək olduğunu bəyan etmişdi. Təbii ki, buna nail olmaq üçün bütün sahələrdə daha da güclənmək, ən əsası tarixi faktlara, real məsələlərə söykənərək Azərbaycanın diplomatik mübarizədə qələbəsini təmin etmək lazım idi. Artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün möhkəm hüquqi baza mövcud idi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi  olması və erməni işğalçılarının torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmaları öz əksini tapmışdı.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Demokrat.az-a açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, möhtərəm Prezidentimiz İlham Əliyev qısa dövr ərzində Azərbaycanı inkişaf etmiş, müasir, güclü və dünya miqyasında böyük nüfuza malik dövlətə çevirdi. Məhz dövlət başçısının diplomatik səyləri nəticəsində Azərbaycanın haqq səsi beynəlxalq aləmə çatdırıldı, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar illərlə kağız üzərində qalıb saralmasına baxmayaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən, Ermənistanın işğalçılıq siyasətini pisləyən qərar və qətnamələr qəbul etdilər: “Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin möhkəmləndirilməsi nəticəsində bizə dost və tərəfdaş olan ölkələrin sayı  sürətlə artdı. Bir sözlə,  güclü iqtisadiyyatın, qüdrətli ordunun,  ölkəmizin beynəlxalq arenada önəmli mövqeyinin, müstəqil xarici siyasətinin fonunda Azərbaycanın Qələbəyə gedən yolunun aydın mənzərəsi yarandı. Azərbaycanın bugünkü reallıqları ulu öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü il tarixdə xalqa müraciətində söylədiyi “Mən Ona özüm qədər inanıram” fikrinin ardınca özünün sona çatdıra bilmədiyi işlərin cənab İlham Əliyevin başa çatdıracağına əminliyinin təsdiqidir.  On səkkiz  il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, bütün varlığı ilə Ulu Öndərin siyasi kursuna sadiq olan və dahi şəxsiyyətin layiqli davamçısı cənab İlham Əliyevə yekdilliklə səs verdi. Ötən hər il xalqın öz tarixi seçimində yanılmadığını təsdiqləyir.  Yeni əsrin yeni Lideri İlham Əliyev  bu illər ərzində,  yuxarıda qeyd etdiyim kimi,  Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözünün imzası qədər əhəmiyyəti olan  dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Bu gün Azərbaycan  həqiqətən tarixi günlərini yaşayır  və bu proses əbədi olacaq.  Dövlət başçısı İlham Əliyevin Zəfər Günündə Şuşadan bütün dünyaya bəyan etdiyi kimi, biz Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev  adını tarixə Azərbaycan xalqını vahid ideya,  vahid amal ətrafında yumruq kimi birləşdirən, xalq-iqtidar birliyinə nail olan, öz xalqının ən böyük arzularını reallığa çevirən Lider kimi yazdı: “Prezident İlham Əliyev güclü siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını həyata keçirməklə Cənubi Qafqaz regionunda Azərbaycanın timsalında yenilməz iqtisadi, siyasi və hərbi güc yaratmağa nail oldu və məhz bu amillərin  vəhdəti Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, ölkəmizin həyatında, beynəlxalq münasibətlərdə yeni səhifə açdı,  bölgədə, ümumilikdə  dünyada  yeni reallıqlar yaratdı. Müzəffər Ali Baş Komandan  ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına,  o cümlədən məcburi köçkünlərə verdiyi vədi əməli fəaliyyəti ilə reallığa çevirdi, güclü Azərbaycan yaradaraq 44 günlük Vətən müharibəsində haqqında əsrlərlə danışılacaq  müharibə taktikasını nümayiş etdirməklə   düşməni diz çökdürdü, işğalçı Ermənistanı və ona havadarlıq edənləri yeni reallıqlarla barışmağa məcbur etdi.  Azərbaycanın ərazi bütövlüyünü bərpa edən qalib  Lider, qalib Sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı,  Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.”

“Prezident İlham Əliyev türk dünyasında da  uzaqgörən, məqsədyönlü, prinsipial Lider kimi nüfuz  qazanıb” söyləyən Vüqar Rəhimzadə dövlət başçısının hələ 2009-cu ilin oktyabrında Türkdilli Ölkələrin Dövlət Başçılarının Naxçıvan Zirvə Görüşündə söylədiyi  “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır” fikirlərini önə çəkərək bildirib ki, bu gün Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Möhtərəm Prezidentimiz  İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən Liderdir. Ölkə Prezidentinin daim bütün türk dünyasına ünvanladığı “Gücümüz birliyimizdədir”, “Bizim birliyimizdən çox şey asılıdır” kimi çağırışları da özündə bir sıra məqamları, istəkləri ehtiva edirdi.

Vüqar Rəhimzadə Azərbaycanın 2019-2021-ci illərdə  Türk Şurasına uğurla sədrlik etdiyini, türkdilli ölkələr arasında dostluğun, qardaşlığın və əməkdaşlığın  daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərdiyini xüsusi vurğulayaraq diqqəti dövlət başçısı İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  VIII Zirvə Görüşündə səsləndirdiyi fikirlərə yönəldib: “Ölkə Prezidenti “Türk Dünyasının Ali Ordeni” mükafatının  Azərbaycanın  Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verdiyi zamana təsadüf etməsinin rəmzi mənası olduğunu açıqladı və bu əminliyi ifadə etdi ki, bundan sonra  Türk Dövlətləri Təşkilatındakı  sədrlik müddətini artıq əziz Qardaşım Rəcəb Tayyib Ərdoğan öz üzərinə götürür. Onun liderliyi ilə ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək. Bu gün  türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxmaqdan məmnunluğunu ifadə edən dövlət başçısı bildirdi ki,   birgə gələcəyimiz üçün çox möhkəm təməl var. Bu,  ortaq köklərimiz, dilimiz, dinimiz və ortaq maraqlarımızdır.”

YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” mükafatı ilə təltif edilməsində əsas amil kimi önə çəkilən tarixi Zəfərimiz türk dünyasında  birliyin və həmrəyliyin  gücləndirilməsində də  mühüm rol oynadı.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top