"Onun tapşırığı ilə Qaragöldə mövqelərimizə qarşı təxribat baş verib" — AÇIQLAMA

GÜNDƏM 11 noy 2021, 19:07
"44 günlük Vətən müharibəsi bölgədə yeni reallıqlar yaratdı. Bununla da, Cənubi Qafqaz böyük türklərin həm diqqət, həm də rəqabət meydanına çevrildi. Əlbəttə ki, bunun bir çox səbəbləri var. Bundan biri ondan ibarətdir ki, yüz illərdən bəri böyük Ermənistan ideologiyasından zəhərlənmiş ermənilərin "Böyük Ermənistan" deyilən bir ideyası ağır zərbə aldı və məhv edildi. Bununla da Azərbaycan bölgədə yeni reallıqlar yaratdı".

Bu fikirləri politoloq Oqtay Qasımov Demokrat.az-a açıqlamasında deyib.

Politoloq qeyd edib ki, çox təəssüf ki, bu gün bir çox güclərin hələ də Ermənistanı dəstəklədiyi açıq aydın görünür:

"Son bir neçə ayda həm Fransa, həm Amerika tərəfindən verilən bəyanatlarda da bunu açıq aydın görürük, o cümlədən biz İranı da unutmalı deyilik. Bizim cənub qonşumuz hansı ki, 30 ildən artıq işğal dövründə Ermənistanı bütün vasitələrlə hərtərəfli dəstəkləyib. Hətta, keçən il 44 günlük Vətən savaşı zamanı da Ermənistana dəstəyini davam etdirdi və Azərbaycana qarşı xəyanət elədi. Bu gün ermənilər bu cür təxribatlara əl atmaqla, 44 günlük savaşdan sonra Cənubi Qafqazda yaranmış reallığı qəbul etmək istəmir, o cümlədən də onlara dəstək olan digər qüvvələr. Onlar Azərbaycanın qələbəsini, 30 ildən sonra öz ərazilərini işğaldan azad etməsini həzm etmirlər, buna görə də BMT-nin qətnamələrinin tələbini yerinə yetirməsini istəmirlər. Bu reallıqların oturuşmasına imkan vermirlər. Bu dövlətlərin əlbəttə ki, bölgədə öz maraqları var. Buna görə də, onlar Ermənistanın 10 noyabr anlaşmasında üzərinə götürdüyü öhdəliklərin bir hissəsini yumşaltmaq, yaxud da onun təsirini azaltmaq istəyir. Bu baxımdan mümkün qədər prosesləri uzatmağa çalışırlar. Çünki 10 noyabr anlaşmasının bilirsiniz ki, 9 maddəsi var. Onun maddələrdən ən azı 3-ü hələ də öz həllini tapmayıb. Onlardan biri də kommunikasiyaların açılması məsələsidir. Bu anlaşmaya görə, Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Ermənistan ərazisindən Qarabağa gedən Laçın dəhlizində ermənilərin sərbəst hərəkət etməsinə imkan yaradıb, o cümlədən Zəngəzurda Qafan-Gorus yolunda 21 km-lik ərazidə bir ildən artıq müddətdə həm Ermənistan vətəndaşlarının, həm də İrandan Ermənistana daşınan yüklərin sərbəst hərəkətinə imkan yaradıb. Bundan başqa, Zəngəzurda Qafan rayonun ərazisində iki yerdə bizim ərazilərimizdən keçən yollar ki var, erməni kəndlərinə aparır, həmin ərazilərdə hərəkət sərbəstliyinə Azərbaycan şərait yaradıb. Amma bunun qarşılığında biz nə görürük? Ermənistan Mehri ərazisindən keçən Zəngəzur dəhlizinin açılmasını hər vəchlə yubatmağa, mane olmağa çalışır. Həmçinin, digər hissələrdə həm Ağdərə-Kəlbəcər, Tərtər-Kəlbəcər yolundan sərbəst şəkildə istifadə məsələləri, o cümlədən Ağdamdan Şuşaya gedən yolun da sərbəst hərəkəti hələ təmin olunmayıb. Bu baxımdan Ermənistan xüsusilə də son dövrlər müddət yaxınlaşdıqca,təxribatlara əl atır".

O.Qasımov əlavə edib ki, Ermənistana eyni zamanda Rusiya tərəfindən də müəyyən təzyiqlər olunur: "Fikrimcə, kommunikasiyaların açılması məsələsi artıq həllini tapmalıdır. Siz bilirsiniz ki, təxminən 3 həftə öncə belə bir məlumat yayıldı ki, noyabrın birinci on günlüyündə ölkə başçısının Moskvada görüşü gözlənilir. Ermənistan tərəfi də əslində bunu təsdiq etmədi, ancaq təkzib də olunmadı. Bundan sonra Ermənistanda daxili, siyasi vəziyyət yenidən gərginləşməyə başladı və "Qarabağ klanı"nı təzyiqlərə başladı. Bu da deyək ki, Ermənistanın indiki hiyləgər hakimiyyəti müəyyən qədər manevr etməyə və prosesi uzatmağa çalışır. Görünür ki, hələlik görüşün qeyri-müəyyən müddətə nə vaxt keçirilicəyi məlum deyil. Bundan başqa Ermənistanın müdafiə naziri bir neçə gün öncə konkret olaraq noyabr ayının 6-da Xankəndinə gəlib, orada ərazidə qalmış hərbiçilərlə görüşüb. Ermənistan müdafiə nazirinin bu səfəri təbii ki, təxribatçı bir səfər idi. Burada Rusiya sülhməramlı kontingentinin üzərinə böyük məsuliyyət düşür, çünki onlar Azərbaycan tərəfini bu barədə məlumatlandırmalı idilər, lakin etməyiblər. Azərbaycan da bununla bağlı özünün çox sərt mövqeyini açıqladı. Həmin müdafiə naziri Xankəndinə dönəndən sonra Qaragöl istiqamətində olan erməni postlarına baş çəkib, mövqelərdə olub və onun tapşırığına əsasən bizim orada yerləşmiş mövqelərimizə qarşı təxribat hərəkətləri baş verib. Bunun da qarşısı çox sərt şəkildə alınıb. Təbii ki, bu təxribatların bir məqsədi Azərbaycanla münasibətləri, yeni reallıqları qəbul etməmələri, sərhədlərin demarkasiyası və delimitasiyası prosesini yubatmağa yönəldilib. Ona görə də Ermənistanı dəstəkləyən qüvvələr mümkün qədər 10 noyabr razılaşmasının şərtlərini yumşaltmağa və onu Ermənistanın xeyrinə həll olunmasına çalışırlar. Ona görə də, bu Ermənistanla bağlı olan bir məsələ deyil. Çünki bu, Ermənistanın boynunu aşan bir məsələdir".



Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top