"Ermənilər bu gün də qanunsuz olaraq Azərbaycan ərazisində silah daşıyırlar"

GÜNDƏM 10 noy 2021, 11:14
“Rusiyanın sülhməramlı qüvvələrin Azərbaycan ərazisində müvəqqəti yerləşməsi müəyyən bir bəyannamənin nəticəsidir. Düzdür, bu gün rus sülhməramlıların oradakı fəaliyyətini istərdik ki, yüksək qiymətləndirək, onların öz işlərinin öhdəsindən çox yüksək səviyyədə gəldiyini deyək. Ancaq onlar işlərini yerinə yetirdiyi müddətdə biz sülhməramlı qüvvələrin fəaliyyətinə mənfi təsir göstərən bir sıra addımlar gördük”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib. 

Hərbi ekspert qeyd edib ki, imzalanmış bəyannamənin dördüncü bəndində Qarabağda yerləşən erməni silahlı qurumlarının tərksilah edilməsi məsələsi bənd kimi göstərilib: 

“Əlbəttə ki, orda tərkisilah məsələsiylə məhz sülhməramlı qüvvələr məşğul olmalı idi. Düzdür, ağır texnikalar çıxarıldı və biz bu istiqamətdə müəyyən proseslərin getdiyini gördük. Ancaq ki, bu gün də ermənilər qanunsuz olaraq Azərbaycan ərazisində silah daşıyırlar. Çox paradoks bir vəziyyət yaranıb, yəni Rusiya sülhməramlı qüvvələrin orada silahla yerləşdirilməsi Azərbaycan tərəfi ilə razılaşdırılıb.  Ancaq Azərbaycan ərazisində qalan ermənilər qanunsuz silah daşıyaraq burada yerləşirlər. Biz mütəmadi olaraq atəşkəsin pozulduğunu görürük. Son gündə Ermənistanın müdafiə nazirinin ora getdiyinin şahidi olduq. Marqlıdır, müdafiə naziri ora gedib nə haqda danışır ki? Təbii ki, müdafiə naziri orda məhz müəyyən bir hərbi yönlü tapşırıqlar verir. Azərbaycan ilə hələ də müharibə şəraitində olan, sülh müqaviləsi bağlamayan bir dövlətin müdafiə naziri Azərbaycan ərazisinə gəlib və orada hansısa göstərişlər verir. Əlbəttə, bu heç də yaxşı bir siqnal deyil. Belə olduğu halda sual çıxır ki, Rusiyanın sülhməramlı qüvvələri hansı məqsədlə yerləşiblər ora? Əgər sülhün orda bərqərarından söhbət gedirsə, təhlükəsizliyi təmin etmək məqsədi daşıyırsa, onda sülhün təhlükəsi məhz elə silah daşıyandan irəli gəlir. Niyə indiyə kimi qanunsuz silahlı şəxslər orda dururlar? O ərazini Azərbaycan dövləti məhz Rusiyaya həvalə edib. Nəyə görə başqa bir tədbir görmürlər? Çünki zəmanəti Rusiya sülhməramlılar öz öhdəsinə götürüb. Ona görə də, bəzi suallar var və getdikcə də bu suallar çoxalır. Ola bilsin ki, yerlərdə icraçılar hansısa səhlənkarlıqla yanaşırlar öz işlərinə. Ancaq bu qədər də olmalı deyil!”.

Ş.Ramaldanov Azərbaycanın şanlı qələbəsini həzm etməyən qüvvələrin hələ də olduğunu deyib: “Təbii ki, həmin qüvvələr bütün imkanları ilə məhz  iki dövlət arasında, habelə Ermənistan daxilində də vəziyyəti gərginləşdirməyə çalışırlar, revanşizm ideyalarla çıxış edirlər və maraqlıdır ki, bunu da gizlətmirlər. Əlbəttə, bu çox vacib nöqsan və çatışmazlıqdır. Hər halda, düşünürəm ki, Azərbaycan Respublikasının rəhbərliyi bununla bağlı artıq müraciətlər edib və hər şey nəzarət altındadır. Məhz çalışacağıq ki, onlar Azərbaycanın maraqlarına zidd olmayan hərəkətlər etməsinlər. Əlbəttə ki, bunu hələ tam şəkildə yerinə yetirə bilmirik və bu istiqamətdə müəyyən işlər gedir.  Düşünürəm ki, bütün məsələlər yaxın müddətdə Azərbaycan maraqlarına uyğun olaraq həll olunacaq”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top