“İgidlərimiz həm Birinci Qarabağ müharibəsinin, həm də bizlərin qisasını aldı” — Aprel qazisi

GÜNDƏM 08 noy 2021, 18:52
Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsi həm işğalı sonlandırdı, həm də Cənubi Qafqazda bir terror şəbəkəsini sıradan çıxartdı. Bu, etiraf etsə də, etməsə də, erməniliyin böyük məğlubiyyəti oldu. Ermənilər əslində ilk məğlubiyyətə elə tariximizə qızıl hərflərlə yazılan uğurlu Aprel döyüşlərində düçar oldular. Həmin döyüşlər hər birimizi ürəkdən fərəhləndirdi, ordumuzun döyüş hazırlığının yüksək olduğunu bir daha dünyaya göstərdi. Aprel döyüşlərinin uğurla başa çatması ordumuzun gücünün, qüdrətinin ilk göstəricisi idi. Elə hadisələr var ki, tez bir zamanda unudulub yaddan çıxır. Amma elə hadisələr də var ki, heç zaman unudulmur. 2016-cı ilin Aprel döyüşləri də yaddaşlarda dərin iz salan hadisələrdəndi. Həmin döyüşlərdə iştirak edən cəsur Azərbaycan əsgəri qanı və canı bahasına olsa da, bizə Qələbə sevincini yaşatdı.

Aprel qazisi Hikmət Məmmədov Zəfər Günü ilə bağlı sevinc hisslərini Demokrat.az-a bölüşüb.

O, bu gün sevinc, milli qürur hissləri keçirdiyini ifadə edib: “Çox sevinirəm ki, bu günü görmək mənə də qismət oldu. Həqiqətən də, keçirdiyim hisslər çox qüruruvericidir. İlk növbədə fəxr edirəm ki, igidlərimizin 30 illik işğalda olan torpaqlarımızı canı və qanı bahasına düşməndən azad elədi. Azərbaycan Ordusunun şəxsi heyəti bu döyüşlər zamanı böyük hünər və rəşadət nümayiş etdirərək, yurdumuza sahib çıxmaq istəyən erməni işğalçılarına ağır zərbə endirdi. Ordumuzun əks-hücum əməliyyatı qarşısında duruş gətirə bilməyən erməni qəsbkarları geri çəkilməyə məcbur oldular. Gücsüz olduqlarını özləri də gördü, dünya da. Bu tarixi anlar xalqımız, dövlətimiz və bizlər üçün böyük fəxarətdir. Ən əsası isə igidlərimiz həm Birinci Qarabağ müharibəsinin, həm də bizlərin qisasını aldı. Şəhidlərimizin qanı yerdə qalmadı. Bu qələbəni həm Ali Baş Komandan, həm də xalq birliyi qazandı. Vətən uğrunda qan tökmək hər bir kişinin borcudur”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top