İmişlidə parkda məktəblilər arasında dava — Təfərrüat

HADİSƏ 02 noy 2021, 11:06
İmişli şəhərində 2004-cü il təvəllüdlü Vəli şəxsi münasibətlər zəminində sinif yoldaşı Təbrizə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il sentyabrın 8-də, saat 20.00-da İmişli şəhərində yerləşən Heydər Əliyev adına parkın ərazisində baş verib. 

Vəli Təbrizlə şəxsi münasibətlər zəmnində mübahisə edib. Mübahisə zamanı Vəli Təbrizin sifət nahiyəsindən vuraraq ona xəsarət yetirib. 

İstintaq orqanı tərəfindən Vəlinin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli bildirib ki, ailəsi ilə birlikdə İmişli şəhərində yaşayır: “Özüm İmişli şəhəri “Nəriman Nərimanov” adına 1 saylı Məktəb-Liseyin 10-cu sinif şagirdiyım. Təbrizi keçmiş məktəb yoldaşım kimi tanıyıram. Sentyabrın 8-də, təxminən saat 20:00 radələrində İmişli şəhərində yerləşən parkda Təbrizlə şəxsi münasibətlər zəminində aramızda mübahisə yarandı. Mübahisə zamanı Təbrizin təşəbbüsü ilə dalaşaraq, yumruqla qəsdən onun sifət nahiyəsindən vurdum və ona zor tətbiq etdim. Ona xəsarətlər yetirdim”. 

Vəli qeyd edib ki, törətdiyi cinayət əməlinə görə özünü təqsirli hesab edib. O, törətdiyi əməldən səmimi peşmandır. Qeyd edib ki, zərərçəkmiş şəxs ilə barışıb və ona dəymiş ziyanı tamamilə ödəyib. 

İmişli rayon Məhkəməsinin hökmü ilə Vəlinin zərərçəkmişlə barışması nəzərə alınıb və onun barəsində olan cinayət təqibinə xitam verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top