Qarabağdakı bərpa işləri Moldova mətbuatında

QARABAĞ 02 noy 2021, 00:25
Moldovanın nüfuzlu “NOİ” xəbər portalında rumın və rus dillərində jurnalist-publisist Anna Jdanovanın “Azərbaycan hakimiyyəti Qarabağı bərpa edir və əhalinin maaşlarını yenidən artırır” başlıqlı məqaləsi dərc edilib.
 
Məqalədə ölkəmiz tərəfindən Qarabağın bərpası prosesinə böyük vəsait ayrıldığı, Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməməsinə baxmayaraq, azad edilmiş bölgələrdə şəhər və rayonların yenidən qurulduğu, dağıdılmış nəqliyyat infrastrukturunun yenidən bərpa edildiyi qeyd edilib.
 
Eyni zamanda, məqalədə Prezident İlham Əliyevin hökumətdən əhalinin maaşlarının artırılması ilə bağlı sənədlərin hazırlanmasına dair tələbi əks olunub. Məlumatda bildirilib ki, Azərbaycan mətbuatına istinadən, Prezident İlham Əliyev mütəmadi olaraq Qarabağa səfərlər edir, orada aparılan işlərlə şəxsən tanış olur. Belə ki, dövlət başçısı Birinci xanım Mehriban Əliyevanın müşayiəti ilə gəldiyi Zəngilan rayonunda ictimaiyyətlə görüşdə Zəngilanı “Azərbaycanın ən gözəl yerlərindən biri” adlandırıb və “köhnə Zəngilandan heç nə qalmadığını” təəssüflə qeyd edib. Prezident Zəngilan üçün yeni dövrün başladığını, artıq şəhərin baş planının hazırlandığını, işğaldan azad edilmiş torpaqlarda ilk “ağıllı kənd” layihəsinin Zəngilan rayonunda həyata keçirildiyini vurğulayıb.
 
Moldovalı jurnalist məqaləsində hazırda Qubadlı, Kəlbəcər və Laçın və digər rayonların baş planlarının hazırlandığını, bunun Azərbaycanın vəsaiti hesabına həyata keçirildiyini qeyd edib. O, Qarabağda Zəngilan və Laçın rayonlarında hava limanının tikintisinin planlaşdırıldığını, bundan öncə Azərbaycan və Türkiyə prezidentlərinin Füzulidə beynəlxalq hava limanının açılışını etdiyini, hava limanının cəmi 8 aya tikildiyini bildirib.
 
Bundan əlavə, məqalədə Azərbaycanda sözügedən ciddi dövlət investisiya yatırımları ilə yanaşı, maaşların növbəti artımının nəzərdə tutulduğu, 2021-ci ildə COVID-19 pandemiyasının yaratdığı çətinliklərin aradan qaldırılması ilə bağlı ölkəmizin iqtisadiyyatının bərpa edilməsi, ölkə əhalisinin rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin mühüm prioritetlərindən olduğu qeyd edilib.
 
Məqalənin sonunda Azərbaycanın Ermənistan tərəfi ilə yalnız minalanmış ərazi xəritəsinin təhvil verilməsi ilə bağlı deyil, həm də sərhədlərin yekun demarkasiyası ilə bağlı danışıqlar prosesini davam etdirdiyi, Ermənistanla sülh sazişi imzalamağa və delimitasiya prosesinə başlamağa hazır olduğu vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top