Politoloq: "Rusiyanın təzyiqi və təkidi ilə Ermənistan da Zəngəzur dəhlizinə qoşulacaq"

GÜNDƏM 12 okt 2021, 17:00
“Son vaxtlar İran-Gürcüstan-Ermənistan nəqliyyat dəhlizinin yaradılması ilə bağlı planlar qurulur, müzakirələr edilir. Bunda əsas məqsəd Fars körfəzindən Qara dənizə yüklərin daşınmasını həyata keçirməkdir. Maraqlıdır ki, 10 noyabrda imzalanan üççtərəfli bəyanatdan sonra bu fikirlər daha çox gündəmə gəlir. İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda Zəngəzur dəhlizinə alternativ olaraq “Qafqaz dəhlizi” ideyasının irəli sürülməsi bir qədər təəccüblüdür”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Politoloq qeyd edib ki, İranın alternativ nəqliyyat dəhlizi qurmaq ideyası uğurlu olmayacaq:

“Türkiyə və Azərbaycanın regional dövlətlərə təklif etdiyi 3+3 formatından kənarda planların qurulması, investisiyaların cəlb edilməsi, yeni tranzit yolunun tikilməsi ilə bağlı planlar ziddiyyətlidir. Azərbaycanın Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində postlar qurması və üçüncü ölkənin yükdaşıyıcılarını vergiyə cəlb etməsindan sonra bu proseslər sürətlənib. Lakin nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizinə alternativ nəzərdə tutulan nəqliyyat dəhlizi üçün düşünülən ərazi çətin relyefi olan bölgədir və  bura investisiya qoyulması istiqamətində həyata keçirilən fəaliyyət heç bir nəticə verməyəcək. Böyük investorlar bu cür çətin bir ərazidən nəqliyyat xətlərinin çəkilməsi ilə bağlı maliyyə qoyulmasından çəkinəcəklər. Ermənistan-Gürcüstan arasında nəqliyyat əlaqəsini təmin edən Yuxarı Lars yolunda qışda avtomobillərin keçməsində xeyli çətinliklər yaranır. Nəqliyyat xətlərinin inşası ilə gələcəkdə Qara dəniz vasitəsilə Bolqarıstan və Yunanıstan xətti vasitəsilə Qərbə çıxış imkanları araşdırılır. Ən ideal variant isə Zəngəzur dəhlizidir və regional dövlətlərin, xüsusilə Rusiya, Türkiyə və Azərbaycanın bu istiqamətə daha ciddi yanaşması və mümkün imkanları maksimum dəyərləndirməsi fonunda Zəngəzur dəhlizi istifadəyə veriləcək, alternativ yola ehtiyac qalmayacaq”.

Politoloqun sözlərinə görə, vacib məsələlərdən biri də Ermənistanın Zəngəzur dəhlizi layihəsinə cəlb olunmasıdır:

“Ermənistanın da Zəngəzur dəhlizinə qoşulacağına şübhə yoxdur. Bu məsələdə ən vacib nüans isə Rusiyanın mövqeyidir və İran-Ermənistan-Gürcüstan xəttində Rusiyanın iştirakı nəzərdə tutulmur. Rusiya çalışacaq ki, özünün iştirak edəcəyi Zəngəzur dəhlizinin açılmasına daha çox diqqət ayırsın və prosesləri sürətləndirsin. 11 yanvar tarixində imzalanan üçtərəfli birgə bəyanat nəticəsində baş nazir müavinləri səviyyəsində işçi qrup formalaşdırılıb və bu istiqamətdə mütəmadi görüşlər keçirilir. Rusiya baş nazir müavini Aleksey Overçuk isə bu istiqamətdə öz təşəbbüsləri ilə fərqlənir. Ona görə də Rusiyanın təzyiqi və təkidi ilə Ermənistan da Zəngəzur dəhlizinə qoşulacaq”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top