Anasının sevgilisi tərəfindən işgəncə görən azyaşlı danışdı: “Başıma torba keçirib, bədənimi dağlayıb”

KRİMİNAL 12 okt 2021, 12:02
Yevlax şəhərində 1980-ci il təvəllüdlü Paşa arvadının birinci ərindən olan uşağı Tunara qarşı cinayət törədib.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Paşa qeyri-rəsmi olaraq birlikdə yaşadığı Turanənin birinci ərindən olan oğlu, 2016-cı il təvəllüdlü Tunarın onun istəyinə uyğun olaraq idmanla məşğul olmadığına görə cəzalandırmaq məqsədi ilə ona qəsdən işgəncə verib. O, Tunarı döyməklə güclü fiziki ağrı və psixi iztirablar vermək qərarına gəlib. 

Bu cinayətkar niyyətini həyata keçirmək üçün 2020-ci ilin dekabrın əvvəlindən 2021-ci ilin aprelin sonlarınadək olan müddət ərzində mütəmadi olaraq ona güclü fiziki ağrılar yetirmək məqsədilə əlləri ilə Tunarın qulaqlarını dartıb, digər yerlərinə xəsarət yetirib, alışqanla onun bədəninin müxtəlif nahiyələrini yandırıb. 

Paşa 25 aprel 2021-ci ildə, saat 23 radələrində yenidən əlləri ilə Turanın qulaqlarından qəsdən dartıb, “idmançının qulaqları qırıq olar” deyib. Paşa alışqanla onun sol əlinin ovuc hissəsini yandırıb. 

Daha sonra o, bıçağın tiyə hissəsini qızdıraraq Tunarın sol tərəf bel, sol qolun dirsək, sol qabırğaüstü, sol qaşüstü nahiyələrini yandırıb.

İstintaq orqanı tərəfindən Paşanın barəsində Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 133.2.6-cı (işgəncə verməklə törədildikdə) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Paşa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, təxminən bir ildir Turanə ilə tanış olub və həmin vaxtdan onunla ər-arvad kimi Yevlaxın C.Cabbarlı küçəsində evlərdən birində kirayədə yaşayıb: “Turanənin birinci nikahdan olan övladı Tunar mənimlə birlikdə yaşayıb. Tunara daima ata qayğısı göstərmişəm, onun tərbiyəsi ilə məşğul olmuşam, onu özüm ilə gəzməyə aparmışam. Tunar fiziki cəhətdən zəyif olduğu üçün onu idmana cəlb etmək qərarına gəldim”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, bu məqsədlə Tunara müəyyən idman hərəkətləri etməyi öyrədib: “Ara-sıra Tunar o hərəkətləri etməyəndə və ya bəzi vaxtlarda küçəyə çıxaraq oynadıqdan sonra evə gec qayıdanda ona əsəbləşmişəm və yüksək səslə iradımı bildirmişəm. Bir-iki dəfə şillə ilə vurmuşam, yumşaq nahiyələrindən vurmuşam. Lakin, Tunarı heç vaxt döyməmişəm, ona qarşı qəddarlıq göstərməmişəm. Onun bədənini alışqanla yandırmamışam, ona əzab verməmişəm”.

Paşa qeyd edib ki, 2021-ci ilin martında Tunarın küçədə uşaqlarla oynadıqdan sonra evə qayıtmadığını görüb: “Ona əsəbləşdim və şillə ilə Tunarın üzündən bir dəfə vurdum. İkinci dəfə Tunarı aprelin 25-də, saat 23 radələrində yaşadığımız evdə şillə ilə vurmuşam. Tunar həmin gün evə gec gəldiyi üçün əsəbləşdim. Tunarın üzündən bir dəfə şillə vurmuşam. İttiham aktında qeyd edilən hərəkələri heç vaxt etməmişəm”. 
Paşa deyib ki, faktiki nikah münasibətlərində olduğu Turanənin anası sosial müavinat almaq üçün ondan müəyyən sənədlər istəyib: “Mən isə həmin sənədləri vermədim. Bu səbəbdən Turanə mənə qarşı belə böhtan xarakterli ərizə ilə polis orqanlarına müraciət edib”.

Yetkinlik yaşına çatmamış zərərçəkmiş. Tunar qeyd edib ki, anası Turanə ilə birlikdə Yevlax şəhərində yaşayır: “Bizimlə birlikdə Paşa adlı şəxs yaşayıb. Paşa mənim atam deyil. Paşa məndən evdə idman etməyi tələb edirdi. İdman etmək istəmədiyi üçün Paşa tez-tez döyüb, başıma torba salaraq boğazımı sıxıb, nəfəsim tükənənə qədər saxlayıb. Bundan sonra anam evdə olmayanda yanan siqaretlə əlimə, kürəyimə dağ basıb, əlləri ilə qulaqlarımı dartıb. Döyülən zaman ağlasam da, Paşa buna əhəmiyyət verməyib. Bədənimdə olan bütün xəsarətləri Paşa yetirib”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində azyaşlının anası Turanə də ifadə verib. O bildirib ki, birinci nikahdan iki övladı var: “Məhkəmə qərarı əsasında birinci ərimdən boşanmışam. Keçmiş ərim ilə razılığa əsasən bir övladım atası ilə, azyaşlı Tunar isə mənimlə qaldı. 2020-ci ilin iyununda Paşa ilə tanış oldum və bir müddət sonra onunla qeyri-rəsmi olaraq ər-arvad kimi kirayə olaraq tutduğumuz mənzildə yaşamağa başladıq. Əvvəllər Paşanın mənə və oğlum Tunara qarşı münasibəti yaxşı olub. Lakin sonradan onun münasibəti tam dəyişdi. Paşa oğlum Tunara nifrət hissi bəsləməyə başladı, dəfələrlə onu döyüb, əzab verib”.

Turanənin sözlərinə görə, 2020-ci ilin dekabrın əvvəlindən başlayaraq Tunar idman etmədiyi zaman Paşa əsəbləşib və Tunarı döyüb: “Paşa hər dəfə əlləri ilə Tunarın qulaqlarını dartıb, “idmançının qulağı qırıq olar” deyiv. Paşa əlləri ilə Tunarın bədəninin müxtəlif nahiyyələrindən, başından və belindən vurub. Paşa siqaret çəkərkən istifadə etdiyi alışqanla Tunarın əllərini yandırıb. Tunar ağrılardan ağlasa da, Paşa heç bir əhəmiyyət verməyib, Tunarı döyməkdə davam edib. Bu halların çoxu gözümün qarşısında baş verib. Tunarı Paşa ilə evdə tək qoyaraq bir yerə çıxıb, qayıtdıqda Tunarın üzünün, bədəninin müxtəlif hissələrinin qızardığını görmüşəm. Tunar mənə bildirib ki, Paşa onu döyüb. Bir dəfə isə Tunar bildirdi ki, Paşa onun başına torba keçirərək sıxıb. Ona etiraz etdikdə Paşa hər dəfə bildirib ki, polisə müraciət etsəm və ya başqa adama olanlar barədə məlumat versəm, həm məni, həm uşağımı öldürəcək. Uşağı xəstəxanaya aparmağa belə icazə verməyib”.

Turanə bildirib ki, sonuncu dəfə Paşa Tunarı aprelin 25-də, saat 23 radələrində yaşadığı evdə döyüb: “Həmin vaxt gecə saatları olsa da, Paşa Tunarı idman etməyə məcbur etdi. Tunar isə “yuxum gəlir” dedi, idman etməkdən imtina etdi. Bu səbəbdən Paşa əlləri ilə Tunarın qulaqlarını dartaraq qanatdı, sonra alışqanla əlinin ovuc hissəsini yandırdı. Paşa Tunarın arxa nahiyyəsini yanan qaz sobasının qızmış hissəsinə yapışdırdı, sonra kiçik ölçüdə olan mətbəx bıçağının tiyəsini qızdıraraq Tunarın bədənini bir neçə yerdən yandırıb. Paşa həmin bıçağın dəstək hissəsi ilə bir neçə dəfə Tunarın başından vurub. Tunar ağladığı üçün onu Paşanın əlindən almışam. Yalnız bundan sonra Paşa Tunarı döyməyi dayandırıb. Tunarın bədənində çoxlu sayda qızarmış və yanmış xəsarətlərin olduğunu görmüşəm”. 

Turanənin sözlərinə görə, səhəri gün Paşa Tunarı xəstəxanaya aparmağa icazə verməyib: “Paşadan qorxduğum üçün Tunarı xəstəxanaya aparmamışam. Həmin gün Paşa Tunara bədən xəsarətləri yetirdiyi alışqanı və bıçağı özü ilə götürüb apardı. Həmin əşyaları bir daha evə qaytarmadı”. 

Turanə deyib ki, aprelin 27-də Yevlax rayon polis şöbəsinə dəvət edilib: “Bunu bilən Paşa mənə hədə-qorxu gəldiyindən məcbur olaraq ərizə yazdım ki, uşağa xəsarəti özüm yetirmişəm. Lakin, Paşa polislərdən qorxub qaçdıqdan sonra yenidən olanlar barədə polisə düzgün məlumat verdim”. 

Yevlax rayon Məhkəməsinin hökmü ilə Paşa 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top