Deputat: “Daxildə iranpərəst qüvvələr var, vəzifədə olanlar da...”

GÜNDƏM 09 okt 2021, 13:16
“Əksər dövlətlər Ermənistana yardım edirdi, həmçinin bəzi qonşu dövlətlər, o cümlədən İran. İran faktiki olaraq 44 günlük müharibənin 43 günündə Ermənistana yardım elədi. Hələ mən müharibədən əvvəlki yardımları demirəm”.

Bunu millət vəkili Vahid Əhmədov “Yeni Müsavat”a müsahibəsində deyib.  

O, bildirib ki, müharibə günlərində İran həm silah-sursat verdi, həm də digər məsələlərlə bağlı işğalçı Ermənistana yardım etdi. “Amma 44-cü gün gördülər ki, vəziyyət tamamilə dəyişib, Azərbaycan qalib dövlətdir, ondan sonra Azərbaycan barədə bir-iki kəlmə dedilər. 44 günlük müharibədən sonrakı müddətdə də Ermənistana müəyyən qədər yardım etdilər. Sonra isə dövlət başçımızın göstərişinə uyğun olaraq sərhəddə Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti, Gömrük Komitəsi sərhəddə nəzarəti təmin etdi və yük maşınlarının yoxlanışı həyata keçirildi. Çünki həmin maşınlarla silah-sursat, digər qanunsuz yüklər daşınırdı. Bundan sonra İran Cəbrayıl istiqamətində, sərhəd boyunca hərbi təlimlər keçirdi.

Görünür dövlət başçımızın mövqeyini anlamadılar, başa düşmədilər və hərbi təlim keçirməyə, Azərbaycan əleyhinə artıq-əskik danışmağa başladılar. Əvvəlcə bir molla danışdı, ona əhəmiyyət verilməyəndə rəsmilər danışmağa başladılar. Hətta Xamnei “şapalaq” və sairdən danışdı. Mən deyərdim ki, vəzifəsinə yaraşmayan söhbətlər ortaya atdı. 

Cənab prezident də bu günlərdə Cəbrayılda olarkən onların cavabını verdi. Açıq şəkildə dedi ki, heç kim Azərbaycanla təhdid dilində danışa bilməz, Azərbaycan kifayət qədər güclü dövlətdir. Dəmir yumruq da öz yerindədir və istənilən vaxt işə düşə bilər”.

Millət vəkili hesab edir ki, artıq indi bu, dəmir yox, polad yumruqdur. Çünki Azərbaycan ötən 1 il müddətində öz ordusunu daha da möhkəmləndirib, sərhədlərinə nəzarəti təmin edib, bu işlər davam edir: “Ancaq bu, faktdır ki, ayrı-ayrı qüvvələr Azərbaycanın Qarabağda gördüyü işləri həzm edə bilmir. Artıq Qarabağda aeroport açılıb, yollar çəkilir, digər işlər görülür. 

Mən diqqət edirəm, İran apardığı siyasətin nəticəsində dünyada təklənib. Bu gün bütün dünyada, o cümlədən Qafqazda düzən dəyişib. Hətta Rusiya XİN rəhbəri də İranın addımlarını bəyənmədiyini bildirdi. 

Digər tərəfdən, İran bilir ki, Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İsrail dost dövlətlərdir. Bunlar dost dövlətlərdir, 44 gündə yanımızda oldular, bizi müdafiə etdilər. Yəni müəyyən birlik formatı yaradılır, çoxtərəfli sazişlər imzalanır, bunlar narahatdır. 

Azərbaycanın heç kimə qarşı ərazi iddiası yoxdur, öz ərazi bütövlüyünü təmin edir. Cənab prezident Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdı, bununla bir daha bəyan etmiş oldu ki, bu ərazilər Azərbaycanındır. Ermənistanın mövcud olduğu ərazilər də bizim dədə-baba torpaqlarımızdır, bəzi dairələr bu tarixi həqiqəti də nəzərə almalıdırlar. Özü də mən fikir verirəm, İran yalnız Azərbaycana deyil, elə Rusiyaya da meydan oxuyur. Rusiya-Ermənistan münasibətləri bəllidir. Moskva Ermənistanı həmişə qoltuğunun altında saxlayırdı, yardımlar edirdi. Amma indi bölgədə vəziyyət müəyyən qədər dəyişdiyi üçün İran Ermənistanı qanadının altına almağa, ona yardımlar etməyə çalışır. Çünki dünya düzəni dəyişib, Türkiyə Qafqazda söz sahibinə çevrilib, Azərbaycan-Türkiyə-Pakistan-Əfqanıstan əlaqələri yüksək səviyyədə inkişaf edir, müəyyən müqavilələr imzalanıb. 

Ona görə də faktiki olaraq bölgədə təklənən İran özünə qardaş axtarır. Necə olur ki, müsəlman dövləti olan İran Azərbaycana yox, Ermənistana “qardaş” deyir? Bu, anlaşılan məsələdir. Onu da deyim ki, tarix boyu Azərbaycan-İran münasibətlərində müəyyən gərginliklər olub. İran heç vaxt bizim inkişafımızı istəməyib. Baxmayaraq ki, cənab prezident bu, çətin illərdə onlara çox yardım etdi, Azərbaycanda dərman preparatları zavodu tikməyə, o cümlədən gediş-gəlişin asanlaşdırılması, əmlak almaları üçün bütün şəraiti yaratdı. Amma görünür ki, onlar başa düşmür”.

Vahid Əhmədov İranın Azərbaycana müəyyən həmlələri, müharibə ehtimalını mümkün hesab etmir: “İran buna gedən deyil. Çox şişirtsələr də, İranın elə də böyük gücü yoxdur. Azərbaycanın müttəfiqləri kifayət qədər güclüdür. Amma müəyyən təhdidlər ola bilər. Biz daxildə çox ciddi işlər görməliyik, daxildə iranpərəst qüvvələr var, onları yavaş-yavaş təmizləməliyik. Vəzifədə olanlar da var. Fikir verdinizsə, İran Mədəniyyət Mərkəzinə məxsus mərkəzin yerləşdiyi məscidin fəaliyyəti dayandırıldı. Çox düzgün addımdır. Onun burada fəaliyyət göstərməsinə nə ehtiyac var idi? 

Digər məsələlər də var, yəqin ki, dövlət başçımız onları müsbət həll edəcək. Heç kim bizimlə təhdid dilində danışa bilməz! İran elə bilirdi ki, Xudafərin ətrafı hamısı bunundur və daim onun ixtiyarında olacaq. Amma unutmuşdu ki, beynəlxalq qanunlarla Azərbaycanın tanınmış sərhədləri var. Ümumilikdə İran çox böyük riskə gedir. Unudur ki, daxildə 40 milyon türk var. Elə bu yaxınlarda İrandakı azərbaycanlılar ayağa qalxıb, mitinqlər keçiriblər. Unutmasın ki, Azərbaycana qarşı nə iş olsa, İrandakı soydaşlarımız hamısı ayaq üstə olacaq. Onu da unutmasın ki, bütün dünyada təklənib və bu siyasət ona uğur vəd etmir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top