Paşinyanın xəritə hiyləgərliyi — Əliyevlə görüşə nə ilə gəlir?

GÜNDƏM 09 okt 2021, 12:27
Əliyev-Paşinyan görüşü belə görünür ki, çox uzaqda deyil. Bölgədə və onun ətrafında cərəyan edən olaylar, o sırada Azərbaycanla Ermənistan arasında hava məkanının açılması, artan diplomatik fəallıq, verilən açıqlamalar bunu söyləməyə əsas verir. Yəni belə bir görüş, daha dəqiqi, iki qonşu ölkə arasında sülh müqaviləsi yönündə real addımlar artıq zərurətə, imperativə çevrilib.

Bəllidir ki, hər iki tərəf görüşə razılıq verib. O da məlumdur ki, Nikol Paşinyan “yerdə qalan mina xəritələri”nin qarşılığında Bakıdan “yerdə qalan əsirləri” (diversantları) geri alacağına ümid edir. Bəs biz necə biləcəyik ki, Paşinyanın gətirdiyi xəritələr həqiqidir və xəritələrin hamısıdır? Diversantları buraxdıq, sonra da bəlli oldu ki, xəritələr 25 faiz düz imiş? Bunu sürətli yoxlamanın bir üsulu varmı? Bəlkə diversantları ümumiyyətlə, Zəngəzur dəhlizinin açılmasına saxlayaq - əfv elan edib buraxmaqla?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, sabiq deputat Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistan hakimiyyəti reallıqla barışmaq istiqamətində addım atmağa cəhd edir: “Düzdür, Ermənistan hakimiyyətinə də güclü daxili və xarici təzyiqlər var. Bu prosesin ləngiməsində, sülh danışıqlarına başlanmasının yubadılması üçün Ermənistanı çəkindirməyə çalışan qüvvələr var. Elə son olaraq İranın məhz Zəngəzur dəhlizinin açılması ilə bağlı davranışları dediklərimizdən birinin bariz nümunəsidir. Amma artıq iki ölkə rəhbərlərinin görüşə razılıq verməsi, hesab edirəm ki, xarici təsirlərin kənarlaşdırılmasında da rol oynayacaq. Bu həm də reallığa doğru addım atılmasıdır.



Çingiz Qənizadə

Yaxın vaxtlarda İlham Əliyevlə Nikol Paşinyanın görüşəcəyinə ümid edirik. Paşinyan sözünü deyib ki, minaların xəritələrini gətirirəm, əvəzində “əsirlərin” buraxılmasını istəyirəm. Bu istiqamətdə hələ ki, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri bir epizodda pozub -15 diversantın qaytarılması qarşılığında verdiyi xəritələrin çoxunun yalan olduğu üzə çıxdı. Azərbaycan bir dəfə öz jestini etdi və yenə də Ermənistanın yalanı ifşa olundu. İndi dövlət rəhbərləri səviyyəsində bu məsələ ortaya çıxırsa xəritələrin bu dəfə yalan olmayacağı ehtimalını artırır. Hər halda bu məsələdə qarant olan başqa qüvvələr də olacaq. Yəqin ki, Azərbaycan tərəfi bu qarantın kifayət qədər etbarlılığı üzərində düşünür və bununla bağlı öz sözlərini deyirlər. Xəritələrin dəqiqliyinin bir gün ərzində yoxlanması mümkün deyil. Amma müəyyən müddət üçün razılıq əldə oluna və xəritələrin dəqiq çıxması təsdiqlənəndən sonra hansısa diversantlar Ermənistana təhvil verilə bilər. Diversantların hamısı, yoxsa bir qismi buraxılacaq kimi məsələ də yəqin ki, müzakirə mövzusudur. Ümid edirəm ki, Azərbaycan rəhbərliyi həmişə olduğu kimi bu məsələdə də dəqiq, hesablanmış, tarazlı təkliflərini ortaya qoyacaq".

Qənizadə qeyd etdi ki, bölgədə cərəyan eləyən olaylar bu cür görüşlərin baş tutmasına razılaşmanın əldə olunması ilə müəyyən qədər nizama düşəcək: “Ermənistanla Azərbaycan arasında hava məkanının açılması 10 noyabr bəyanatında nəzərdə tutulan kommunikasiyaların açılması tələbinin bir tərkib hissəsidir. Ümid edirəm ki, yaxın vaxtlarda anlaşma əldə edildikdən sonra Zəngəzur dəhlizinin açılması ilə nəqliyyat, dəmiryolu komunikasiyası da açılacaq. Bəzi dövlətlərin bu məsələdə yanaşmasından asılı olmayaraq bu baş verəcək. Bütün kommunikasiyaların açılması, görüşlərin keçirilməsi sülh sazişinə yönələn addımlardır.

Bununla belə, nə qədər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, sərhədlərin delimitasiyası, demarkasiyası olmayıb Ermənistana inanmaq olmaz. Ona görə də Azərbaycan hakimiyyəti düşünülmüş, balanslaşdırılmış siyasi mövqe nümayiş etdirir. Ermənistanın başqa çıxış yolu yoxdur, reallıqla barışmalıdır. Görünən odur ki, barışmağa çalışır. Paşinyanın da vəziyyətini başa düşməliyik ki, ölkədə güclü, təhlükəli müxalifət var, revanşist Qarabağ klanı Paşinyana sülhə gedən yolda addımlar atmağa imkan vermək istəmir. Amma  Paşinyan da dirəniş göstərməklə onları bir-bir zərərsizləşdirməklə erməni xalqını fəlakətli gələcəkdən xilas etmək üçün Azərbaycanla əlaqələrin qurulmasını, sülh müqaviləsinin bağlanmasını çıxış yolu kimi görür. Paşinyan deyəsən bunu dərk edir. Əgər o, prosesin normal getməsini istəyirsə, düzgün mina xəritələrini təqdim etməlidir".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top