"İrandan gələn zəhərli ideoloji mənbələrə mane olmalıyıq"

GÜNDƏM 08 okt 2021, 18:15
“İranla gərginləşən münasibətlər fonunda ölkədə İranı dəstəkləyən, onun mövqeyindən çıxış edən şəxslərin olması milli təhlükəsizliklə bağlı məsələdir. Proseslər göstərdi ki, İran son 30 ildə bu sahədə çox ciddi iş aparıb. SSRİ-nin dağılmasından sonra Azərbaycanda yaranmış ideoloji boşluq, İranla ortaq tarix, ənənələr bu siyasəti həyata keçirmək üçün İrana şərait yaratdı. Amma son proseslərdə həm də böyük kütlənin formalaşdırıldığının şahidi olduq”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib.

O qeyd edib ki, 90-cı illərdə Azərbaycanda mövcud olan vəziyyət ideologiya formalaşdırmaq üçün müxtəlif qüvvələrə fürsət yaradıb: “Müharibə dövrü, torpaqlarımızın işğal altında olması, məğlub xalq sindromu – bütün bunlar milli məsələ və milli ideologiya ilə bağlı ciddi problemlər yaratdı. Amma 44 günlük müharibədə yeni Azərbaycan, yeni ideyalar gördük. Bu, milli dövlətçilik vəzifələrinin reallaşmasını zəruri edir. Bu baxımdan, artıq Azərbaycanın qarşısında vacib məsələ dayanır. İlk növbədə milli və dini kimliyimizi doğru fərqləndirməliyik. Birmənalı şəkildə anlaşılmalıdır ki, milli, dini və etnik kimlik İran-Fars düşüncəsinə qəti şəkildə bağlı deyil. Milli kimliyimiz milli ideologiya üzərində, böyük xalq, torpaqlarını işğaldan azad edən xalq imicində qurulmalıdır”. Ə.Əlibəyli son hadisələrdə daha sıx görünən radikallarla bağlı qanuni addımların atılmasını zəruri hesab edib:

“Ortaya çıxan mənzərədən aydın olur ki, radikalları hüquq-mühafizə orqanları vasitəsilə cəzalandırmaq olar və vacibdir, amma ümumilikdə söhbət kifayət qədər çox şəxsdən gedir ki, onları eyni formada, qanun çərçivəsində islah etmək mümkün deyil. Bu baxımdan, dini və ideoloji xətt üzrə çox ciddi siyasət aparılmalıdır. Milli ideologiyamız yaradılmalı, nəzarət altında saxlanılmalı, xüsusilə İrandan gələn zəhərli ideoloji mənbələrə mane olmalıyıq. Bu mənbələrə xəbər seqmentindəki fəaliyyətlər, onlayn kanallar vasitəsilə cəhdlər, Azərbaycandakı nümayəndələri vasitəsilə yeritdikləri düşüncələr və təsir qruplarına malik şəxslər aiddir. Sözügedən mənbələri nəzarət altında saxlamaq indiki vəziyyətdə vacibdir. Milli dövlətçiliyimizi təhdid edən addım atanlar mütləq şəkildə cəzalandırılmalıdır.”

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top