XİN-in keçmiş əməkdaşlarının məhkəməsi: "Mənə yeddi min manat çatıb"

SOSİAL 06 okt 2021, 20:39
Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. Şahid qismində dindirilən Cavanşir Məmmədov ifadəsində istintaq zamanı DTX-yə çağırıldığını, dindirildiyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib: "Şirkətlərlə əməliyyatı yaradılan gündən özüm etmişəm. Məndən başqa heç kimin imzası olmayıb. Səhv etdiyimi bilirəm. O puldan mənə iki faiz çatıb. Ümumilikdə isə yeddi min manat çatıb".
Tərəflərin suallarını cavablandıran şahid dəftərxana işi ilə məşğul olduğunu açıqlayıb: "Məni Asəflə bankda işləyən Rövşən Məmmədov tanış etmişdi".
Səlim Əlizadə məhkəməyə bildirib ki, qonaqların qəbul olunması və hədiyyələrin alınması şöbəsinə nazirliyin əməkdaşı Asif Həsənov (rəhmətə gedib - red.) baxıb.

Daha sonra şahid Azər Əliyev ifadə verib. O, müqavilə əsasında nazirliklərlə işlədiyini, çap işləri ilə məşğul olduğunu deyib: "Mən "A dizayner" və "M dizayn" şirkətlərinə rəhbərlik etmişəm. 2015-ci ildə "A dizayner" təsis edilib. Xarici İşlər Nazirliyi ilə müqavilə əsasında işləmişik və bir neçə tenderdə qalib olmuşuq".
Şahid 2011-2014-cü illərdə keçirilən tenderlərdən əldə olunan məbləği çap məhsullarına verdiyini açıqlayıb: "Ümumilikdə 456 min manatlıq tenderlərin qalib olmuşuq. Bundan əlavə, 2015-2017-ci illərdə keçirilən 512 min manatlıq tenderin qalibi olmuşuq. Pulun hamısını çap məhsullarına vermişik. Səlim Əlizadə və Fərhad Mollazadəni elə nazirlikdən tanımışam".

Tərəflərin suallarını cavablandıran şahid tenderdə qalib olduğuna görə S.Əlizadəyə 61 min manat verməsini açıqlayıb: "Müqaviləni nazirliyin İşlər İdarəsi ilə bağlayırdım, müdiri ilə".

Digər şahid Aleksandr Qriqoriyev ifadəsində Xarici İşlər Nazirliyi ilə 5 il əməkdaşlıq etdiyini deyib: "Mən kartriclərin təmiri və doldurulması ilə məşğul olmuşam. Pulu nağd almışam. Müqavilə bağlamamışam. Pulu mənə Səlim Əlizadə verirdi".

Şahid qismində dindirilən Nicat Ələkbərov ifadəsində deyib ki, özünün xəbəri olmadan onun adına 5 şirkət təsis edilib və pul əməliyyatları həyata keçirilib: "Taksi sürücüsüyəm, həm də su filtirlərinin satışı ilə məşğul oluram. Təqsirləndirilənləri tanımıram. Bir dəfə istintaqa çağırılmışam. Adıma şirkət açıldığını bilməmişəm. Mənim xəbərim olmayıb. Rövşən adlı şəxs həmin şirkətin adından pul çıxarıb".

Məhkəmə prosesi oktyabrın 13-də davam edəcək.

İttihama görə, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb, barələrində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Səbail Rayon Məhkəməsi tərəfindən həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top