Komitə sədri Əliyevlə Paşinyanın mümkün görüşündən DANIŞDI — "Müsbət addımlar var"

XARİCİ SİYASƏT 05 okt 2021, 12:22
“Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin görüşü ilə bağlı müsbət addımlar var. Ermənistan tərəfi başa düşsə ki revanşist hərəkətlərlə, yanaşmalarla nəyəsə nail olmaq mümkün deyil, əksinə, bununla Ermənistanın taleyi ciddi sual altında düşür, onda görüşlə bağlı gözləntilərdən danışmaq olar. Bunun üçün Ermənistan bütün iddialarını kənara qoymalı və reallığı qəbul etməlidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın mümkün görüşü barədə danışarkən bildirib.

Komitə sədri görüşdə müzakirə oluna biləcək məsələlərə toxunub:

“Ermənistan qəbul etsə ki, bir qurum, dövlət kimi, beynəlxalq ictimaiyyət tərəfindən tanınan struktur kimi gələcəyi Azərbaycan və Türkiyədən asılıdır, onda sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı müzakirələrə başlamaq olar. Həmçinin, gələcəkdə geniş sülh müqaviləsinin imzalanması da reallığa çevrilə bilər. Bu məsələlər görüşün əsas müzakirə predmeti ola bilər. Lakin əsas nüans Ermənistanın görüşə qədərki davranışlarından asılı olacaq. Ermənistan köhnə valı oynatmağa davam etsə, təxribatlara əl atsa, revanşist ideyalarla yaşasa, danışıqların perspektivi olmayacaq. Son zamanlar Ermənistanın bu istiqamətdə müsbət cəhdlərinin şahidi oluruq. Bu cəhdlər Azərbaycanın yaratdığı və hansısa qüvvənin dəyişdirmək iqtidarında olmadığı reallığın əsasında formalaşır. Danışıqlar və mümkün görüşün nəticələri barədə daha dəqiq fikir bildirmək üçün Ermənistanın addımlarının davamını gözləmək lazımdır. Bilməliyik ki, Ermənistanın cəhdləri sistematik xarakter daşıyır, yoxsa sadəcə hansısa siyasi məqsəd güdür”.

S.Seyidovun fikrincə, ATƏT-in Minsk qrupu yalnız görüşləri təşkili prosesində və digər texniki məsələlərdə iştirak edə bilər:

“Biz həmişə bildirmişik ki, ATƏT-in Minsk qrupunun missiyasi bitib və status barədə hansısa təkliflər edilə bilməz. Həmsədr dövlətlər bu prosesdə iştirak etmək istəyirlərsə, texniki cəhətdən Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin görüşünü təşkil edə bilərlər. Prezident də son çıxışlarında bununla bağlı öz mövqeyini bildirib. Minsk qrupu görüşləri təşkil edərək, sülh müqaviləsinin imzalanmasına çalışa bilər”.
 
Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top