Cənubi Koreya və KXDR bütün kommunikasiyaları bərpa etdi — Barışığa doğru addım…

DÜNYA 04 okt 2021, 23:18
Pxenyan və Seul əvvəllər Şimali Koreya tərəfindən birtərəfli qaydada kəsilən dövlətlər arasında əlaqə kanallarını bərpa ediblər.
 
Bu barədə Fransanın “Le Monde” qəzeti yazır. Ölkə liderləri və hökumətləri ümid edirlər ki, belə bir addım dialoqun yenilənməsinə və Koreya yarımadasında davamlı sülhün bərqərar olmasına kömək edəcək.
 
Qəzet yazır ki, oktyabrın 4-ü bazar ertəsi günü Pxenyan və Seul dövlətlər arasında kommunikasiya xətlərinin bərpasını elan ediblər. Nəşrin yazdığına görə, vəziyyət gərgin olaraq qalsa da, münasibətlərdə buzların əriməsı müşahidə olunur.
 
Koreya Respublikasının Birləşmə Nazirliyi rəsmi açıqlamasında səhər saatlarında iki ölkənin liderlərinin telefon danışıqları apardıqlarına aydınlıq gətirib. “Hökumət Şimali və Cənubi Koreya arasındakı əlaqə xəttinin bərpasının Koreyalararası əlaqələrin yenidən inkişafına zəmin yaratdığını güman edir. Hökumət Koreyalararası əlaqələri bərpa etmək üçün dialoqu tez bir zamanda bərpa etməyə və müzakirələrə başlamağa ümid edir”, - deyə Cənubi Koreya qurumu vurğulayıb. Bu arada Cənubi Koreya Müdafiə Nazirliyi hərbi rabitə xətlərinin də bərpa edildiyini təsdiqləyib.
 
Birgə açıqlamadan bir neçə saat əvvəl Koreya Mərkəzi Teleqraf Agentliyi KXDR rəhbəri Kim Çen Inın “Şimali və Cənubi Koreya arasındakı pozulmuş rabitə kanallarını bərpa etmək arzusunu ifadə etdiyini” açıqlayıb. Şimali Koreya lideri niyyətini Koreya yarımadasında “davamlı sülh” yaratmaq cəhdi ilə izah edib.
 
Fransa qəzetinin xatırlatdığı kimi, 2020-ci ilin iyununda Şimali Koreya Cənubi koreyalı fəallar tərəfindən öz ərazisində Pxenyan əleyhinə təbliğat vərəqələrinin yayılmasına qarşı çıxaraq, hərbi və siyasi ünsiyyətin bütün rəsmi kanallarını birtərəfli qaydada kəsmişdi. Bir il sonra iyulun 27-də 1950-53-cü illər Koreya müharibəsindəki atəşkəsin ildönümündə iki ölkənin münasibətlərində gözlənilmədən yumşalma hiss olundu və dövlətlər arasında əlaqələr bərpa edildi.
 
“Le Monde” qəzeti yazır ki, Kim Çen In qonşu ölkənin prezidenti Mun Çje İnlə telefon danışıqları aparmış və hər iki lider bunun rəsmi olaraq hələ də müharibə vəziyyətində olan iki ölkə arasındakı yaxınlaşma prosesində ilk addım olacağına inamlarını ifadə eimişdi. Ancaq gərginliyin bu yumşalması uzun sürməmişdi: ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərindən qıcıqlanan Pxenyan iki həftə sonra zənglərə cavab verməyi dayandırmışdı./Moderator.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top