"Kəmaləddin Heydərov dedi ki, bu iş həll olunan deyil, yuxarılar razılıq vermir" — Aparat rəhbərinin işi

KRİMİNAL 04 okt 2021, 18:05
Bakı şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə "FF" Mənzil Tikinti Kooperativin təsisçisi Tamella İbrahimova şahid qismində ifadə verib. O bildirib ki, 2011-ci ildən şirkətin təsisçisidir: "11 ildir bütün sənədlərin arxasınca özüm gedirəm. Onkoloji xəstəyəm. təqsirləndirilən şəxs Rasim Quliyevin ittiham olunan maddələrlə bağlı mən zkorupsiyaya Qarşı Mübarizə İdarəsində dindieilməmişəm. Mənə bu barədə məlumat verilməyib, üzləşmə olmayıb. Müstəntiq Eldar Səfərovdan mənim Rasim Quliyevlə üzləşməyimi istəmişəm. Amma şərait yaratmayıb, kobud qanun pozuntusuna yol verib. Mən Bakı şəhər İcra Hakimiyyətində Rasim Quliyevi görməmişəm. Memarlıq və Şəhər Salma İdarəsində Anar Əliyev var idi müavin, o da mənə Rasim haqqında heç nə demədi".

Şahidin sözlərinə görə, 2012-ci ildə Dilarə Əliyeva küçəsində pul əvəzinə ona yer veriblər: "Sonradan dedilər orada park olacaq. Mən Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdim. Dedilər ki sənə yer verəcəyik. Yay ayları idi, mənə zəng gəldi, çağırdılar. Mənə dedilər ki, sizə icazə verəcəklər ev tikəcəksiniz. Mənə icazə verildi, başladım 145 dəki evləri aldıq, layihə hazırladıq. Baş memar Akif Abdullayev mənə memar təklif etdi, həmin memar bizimlə işləməyə başladı".

Şahid qeyd edib ki, əvvəldən heç bir pozuntu olmayıb: "Layihəni apardım Akif Abdullayevə göstərdim, dedi ki, bina böyükdü, azaldaq. Layihəni azaltdım, bütün qurumlardan təstiqlətdim verdim Akif Abdullayevə. Mənə Zülfəli dedi ki, Hacıbala müəllim həmin ərazi tikinti aparmağı qadağan edib. O dedi ki, tikinti aparılacaq və mən nəzarət edəcəm. 2015-cü ildən söküntüyə başladıq. Dilarə Əliyeva145-də bir hakimin atası yaşayırdı. 9 min vərəqəlik sənəd var, hamısında da möhür var. Biz evi alırdıq, Bakı Şəhər İcra Hakimiyyəti sökürdü, sakinlərdən biri icra hakimiyyətini məhkəməyə verdi, uddu. İcra hakimiyyətində şöbə müdiri olmuş Zülfəli dedi ki, o özü məsələni həll edəcək. Zülfəli mənim aldığım evlərə ayrı ayrı adamları gətirib kirayə saxladı. Hələ də yaşayırlar. Dilarə Əliyeva 145- də isə memarlıq üslubu yoxdu. Əgər bu bina memarlıq binası olsaydı, iki il sənədləşmə gedən halda mənə heç nə təqdim etmədilər. Mən Rasim Quliyevi birinci dəfədir ki, burda görürəm. Bu adamı tanımıram".

Şahidin sözlərinə görə, ötən il səhhətində yaranan problemlə bağlı əməliyyat olunanda Tikinti və Şəhərsalma Arxitektura Komitəsinin rəis müavini Namiq Hümbətova layihə barədə danışıb: "Namiq Hümbətov bildirdi ki, məsələ həll olunacaq. Mənim layihəmdə Namiq dəyişikliklər etdi, razılaşdım. Müharibə başladı, bir müddət keçdi, amma ortada heç nə yoxdu. Bu il fevral ayında Tikinti və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümbətov mənim yoldaşıma dedi ki, iş alınmır. Mən dedim ki, kimə lazımdı yenə pul verim, işim dayanmasın. Namiq çox yerlərə müraciət etdi, cavab gəlmədi. Sonra eşitdim ki Rasim Quliyevlə bağlı cinayət işi başlandı, tutuldu. Mən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etdim ki, Rasim Quliyevi tanıyım. İmkan vermədilər. İdarədən dedilər ki, bu işdə 32 şirkət var, sənlik deyil. Sonra gördüm ki ancaq mənim şirkətimin adını çəkirlər".

Tamella İbrahimova qeyd edib ki, Baş nazirin müavini Hacıbala Abutalıbovun yanına gedib: "Dedim Rasim Quliyev kimdi? Dedi ki nə olub? Ona bildirdim ki, Anar deyir ki, Rasim Quliyevin sənin sənədinə qol çəkdiyinə görə, işin alınmayıb. Hacıbala dedi ki, ola bilməz. Məni arxayın elədi və götürdü zəng elədi Ramiz Mehdiyevlə Kəmaləddin Heydərova, Əbülfəz Qarayev və ədliyyə nazirliyinə. Ramiz müəllimə dedi ki, arxitektura Rasim Quliyevin imzasını tanımırıq. Ramiz Mehdiyev dedi ki, ola bilməz, biz onun sənədlərini qəbul edirik. Zakir Qaralov bir məktub göndərdi ki bina qanunsuz tikilir. Biz də işi saxladıq. Kamaləddin Heydərov dedi ki, bu iş həll olunan deyil, yuxarılar razılıq vermir. Şahid daha sonra qeyd edib: "Hacıbala dedi ki, mənim müavinin Rauf Pənahov rəhmətə getdi, ona görə saxlayıblar. Sonra dedilər ki, mənim 2013-cü ildə aldığım sərəncamı 2014 də sərəncam ləğv edilib. 2014-cü ildə mən ora 17 milyon pul qoymuşam. Mən o qədər sübitlarım var. 2021-cildə Namiq Hümbətov deyib ki, mən nə qədər vəzifədəyəm, "Ff" şirkəti burda bina tikməyəcək. Mən Samir Nuriyevlə görüşdüm. Samir Nuriyev dedi ki, binanın tikilməsinə icazə veriləcək. Mən ora milyonlarla pul qoymuşam. Dilarə Əliyeva 141 və 145 də söküntü işləri gedirdi. Namiq Hümbətov gəldi ora başladı nəzarət eləməyə. Mənə dedi ki, özüm nəzarət edəcəm. 141 ünvanından evlər almışam. Ora sökülməyib. Ora qalır".

Şahid qeyd edib ki, bir müddət sonra onun ofisinə Mədəniyyət Nazirliyindən Vüqar adlı şəxs gəlib: "Vüqar dedi ki, nazirliyinin yanında Mədəni İrsin Qoruması, İnkişafı və Qorunması üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovla görüşməlisən. Görüş zamanı o məndə çox mənfi təsir yaratdı. O zaman ona dedim ki, sənin yerinən DTX-nın təcridxanasıdır. Deyirdi ki, evləri sökmüsən, tarixə abidəni məhv etmisən, tikintini dayandırmalısan. Mən ordan çıxıb Hacıbala müəllimin yanına getdim. Hacıbala müəllim yanımda Əbülfəz Qarayevə zəng elədi. Əbülfəz Qarayev dedi ki, ərazidə evlər köhnədir, siz tikintinizi aparıb. Zakir Sultanova tapşıracağını bildirdi". Hakim şahidin ifadəsinə saxlayıb. Bildirib ki, ifadəsinin davamını gələn prosesdə dinləyəcəklər. Növbəti proses oktyabrın 11-də davam edəcək. İttihama görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının,habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılıb.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Rasim Quliyevin təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub. Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura İdarəsi zərərçəkmiş qismində tanınıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top