“İran Azərbaycana hücum edərsə, Səddam Hüseynin aqibətini yaşayacaq”

SİYASƏT 03 okt 2021, 21:25
Bu gün Səudiyyə Ərəbistanından olan tanınmış yazar Tarik əl-Homayed İranın Azərbaycanla həmsərhəd bölgədə keçirdiyi hərbi təlimlə bağlı “Şarkul Avsat”da məqalə dərc edib. Müəllif yazır ki, İran təxminən 700 kilometrlik sərhədi olan şimal qonşusu Azərbaycanla münasibətlərində hiss olunacaq dərəcədə gərginlik yaşayır. Səbəbi nədir, hər halda deyə bilərik ki, Azərbaycan tərəfi Qarabağa qanunsuz şəkillə soxulmağa çalışan İranın neft daşıyan tanker-avtomobillərinə rüsum tətbiq edəndən sonra iki ölkə arasında xoşagəlməz meyllər ortaya çıxıb.

Cənab Əl-Homayed bilməyənlər üçün də xatırlatma olsun deyə qeyd edir ki, İrandan Ermənistana daxil olan yolun bir qismi Azərbaycan torpaqlarından keçir. Azərbaycanla Ermənistan arasında baş vermiş məlum müharibədən sonra məhz TIR-ların qısa və rahatlığını nəzərə alaraq istifadə etdiyi yolun keçdiyi qəsəbə və ətraf ərazilər Azərbaycanın nəzarətinə verildi. Amma, müəllif sual verir ki, Azərbaycan tərəfinin İran TIR-larından öz ərazilərinə daxil olduqları üçün rüsum alması iki ölkə arasında müharibənin başlamasına səbəb verə və yaxud da İranın Azərbaycan sərhədlərində hərbi təlimlər keçirməsinə zərurət yarada bilərmi? Bircə cavabı var: yox!
 
“İranın narahatlığını artıran məsələ, rəsmi Tehranın öz təbirincə desək, İsrail, Azərbaycan və Türkiyənin bölgənin geopolitik düzənini dəyişdirməyə istiqamətlənmiş addımlar atmasıdır. Burada hekayənin can alıcı nöqtəsinə gəlirik: Tahra İraq - İran və Əfqanıstan - İran sərhədlərini yönləndirən ABŞ-ın çəmbərində yaşadığı 20 illik sərhəd narahatlığını alovlandıracaq yeni sərhəd hekayəsini yaşamaq istəmir” deyən səudiyyəli yazar bildirir ki, İran əvvəllər də olduğu kimi, öz torpaqlarından kənarda oynamaqdadır.

Tarik əl-Homayed yazır ki, sitat: əldə etdiyim məlumata əsasən, rəsmi Tehran bu gün Azərbaycan - Türkiyə - İsrail yaxınlaşmasından olduqca narahatdır. Pakistan - Taliban yaxınlaşması məsələsində də ciddi əndişələri var. İş bunla bitmir - İran həm də İsrailin bəzi Körfəz ölkələri ilə diplomatik müstəvidə yaxınlaşmasından narahatdır. İsrail Xarici İşlər nazirinin Bəhreynə səfərinə İranın göstərdiyi sərt reaksiya da bunun bariz nümunəsidir.

“İranın Azərbaycanla aralarındakı iplərin gərilməsinin əsas hekayəsi və hərbi əməliyyat dili ilə danışması, Tehranın alov alan sərhədlərinin təhlükəsini bir neçə istiqamətdən hiss etməyə başladığını göstərir. Ona görə də bu gün İran silahlı qruplar və agentlər vasitəsilə sərhədlərində oynanılan uzunmüddətli bir oyunun ardından narahatlığını aradan qaldırmaq istəyir. Amma yaxşı, İran medianın eyham vurduğu və ya xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın təhdid etdiyi kimi, Azərbaycana qarşı hərbi əməliyyat keçirməyi planlaşdırırmı? Abdullahiyan Azərbaycan Prezidentinin açıqlamalarına cavab olaraq “təəcübedici və üzücü olduğunu”, ölkəsinin İsrailin milli təhlükəsizliyinə qarşı hərəkət etməsinə və hər hansı faaliyyətlər yürütməsinə icazə verməyəcəyini, hətta lazım olarsa bu müstəvidə əməli addımlar atacağını demişdi”, - müəllif xatırladır.

Müəllif qeyd edir ki, İran bəlkə də bu addımları atmaqla əhalinin diqqətini ölkəni bürüyən sosial böhrandan yayındırmağa çalışır. Amma Azərbaycana hücum edərsə, çox güman ki, vaxtilə Səddam Hüseyn Küveytə girməklə etdiyi strateji səhvi təkrarlayar. “Bax o zaman İran heç şübhəsiz, sadəcə sərhəd məsələsində deyil, bir neçə istiqamətdə tələyə düşəcək. Bu halda İran kəskin və ciddi oxların hədəfi olacaq”, - deyir Səudiyyə yazarı Tarik əl-Homayed.

Mənbə: hafta.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 dek 2021, 08:30
Top