Zəngəzur dəhlizi regionun inkişafı üçün vacib layihələrdən biridir — Deputat

QARABAĞ 03 okt 2021, 21:43
Zəngəzur dəhlizinin reallaşması bütövlükdə regionun inkişafı üçün vacib layihələrdən biridir.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolun bərpasına imkan verməyəcək, eyni zamanda bütün region ölkələrinin bu dəhlizdən faydalanmasına imkan yaradacaq: “Bununla yanaşı, bu dəhlizin reallaşması region üçün vacibdir. Azərbaycan və Türkiyə regionda 6-lıq əməkdaşlıq platformasının yaradılmasını dəstəkləyir. Bu o deməkdir ki, Zəngəzur dəhlizinin reallaşması region dövlətləri üçün də iqtisadi baxımdan faydalıdır. Həmçinin, Ermənistan da bu dəhlizdən faydalana biləcək.

Ermənistan iqtisadiyyatındakı mövcud vəziyyəti nəzərə alsaq, bu ölkədə müşahidə edilən tənəzzülün aradan qaldırılması üçün yeganə yol kommunikasiyaların paralel bərpasıdır. Revanşist meyillərlə Ermənistanda müşahidə edilən tənəzzülü aradan qaldırmaq mümkün deyil”.

Deputat vurğulayıb ki, Zəngəzur dəhlizinin reallaşması həm də imkan verəcək ki, Rusiyadan Ermənistana daşınan yüklərin həcmində də artım olsun: “Beləliklə, dəhliz Ermənistanın nəqliyyat və daşınmalar baxımından asılılığının minimumlaşdırılmasına gətirib çıxaracaq. Bunun da gələcəkdə Ermənistan iqtisadiyyatı üçün müsbət təsirləri ola bilər. Praktiki olaraq kommunikasiyaların paralel bərpası regionun inkişafı baxımından vacib hesab olunur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top