Politoloq: “Böyük sülh sazişinin belə tezliklə imzalanması real görünməsə də ən azından…”

GÜNDƏM 24 sen 2021, 11:35
“Azərbaycanın beynəlxalq hüquqa istinadla özünümüdafiə hüququndan istifadə edərək Qarabağı işğaldan azad etməsi nəticəsində yaranan yeni geosiyasi reallıq başlıca olaraq region dövlətlərinin bu reallığa uyğun olaraq bölgədə qalıcı sülhün təmin edilməsi baxımından ikitərəfli və çoxtərəfli kontekstdə mütəmadi görüşlərin keçirilməsi, məsləhətləşmələrin aparılması zərurətini yaradır. Bölgədə gedən proseslərdə daha basqın olan iki dövlət olaraq Türkiyə və Rusiyanın məsələlərə münasibəti olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan da hazırda bütün gözlər sentyabrın 29-da Ərdoğan-Putin görüşündədir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

O, Ərdoğan-Putin görüşünün Ermənistanın öhdəliklərini yerinə yetirməsi baxımından vacib ola biləcəyini vurğulayıb:

“Belə ki, Vətən müharibəsinin başlamasından bir ilə yaxın vaxt keçsə də, təəssüflər olsun ki, Ermənistan hələ də üçtərəfli bəyanatda əksini tapan müddəaların həllindən yayınır. Ya danışıqları əngəlləmək istəyir, ya da gecikdirmə taktikasına əl ataraq irəliləyişin qarşısını almağa cəhd edir. Ərdoğan-Putin görüşündən gözləntilərimiz hələ də həllini tapmayan məsələlərin həll edilməsi ilə bağlı ortaq məxrəcə gəlinməsidir. Belə ki, böyük sülh sazişinin belə tezliklə imzalanması real görünməsə də, ən azından buna aparan texniki məsələlər həll olunmalıdır ki, burada söhbət əsasən sərhədlərin delimitasiya və demarkasiyasının müəyyən edilməsindən gedir. Həmçinin, görüşün digər ana xətti Zəngəzur koridorunun açılması ilə bağlı Azərbaycan-Ermənistan arasında ortaq məxrəcin tapılması olacaq. Çünki Paşinyan burada da ikili oynayır. Gah Gürcüstanın baş naziri vasitəsilə Türkiyə prezidenti ilə görüşməsi haqqında niyyətini ifadə edir, gah da Zəngəzur koridorunun açılmasının siyasi məsələ olduğunu bildirir. Bütün bunların fonunda Putin və Ərdoğan bu görüşün baş tuta bilmə ehtimalının nələrdən keçmə perspektivlərini müzakirə edəcəklər. Çünki Ərdoğanın da qeyd etdiyi kimi, Paşinyan Türkiyə kimi bir dövlətin rəhbəri ilə görüş istəyirsə, Ermənistandan müsbət addımlar gəlməlidir. Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, Ermənistanın müsbət addımlar atacağı təqdirdə öz növbəsində müsbət addımı dəstəkləyəcək”. 

Politoloq son günlərdə yaşanan hadisələr fonunda Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin Tehranda görüşünün planlaşdırıldığını xatırladıb:

“Düşünürəm ki, “6-lıq” platformasının reallaşmasının hələ yaxın zamanda baş tutmasının ləngiməsi fonunda bu görüş də çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın azad edilmiş ərazilərində bərpa, yenidənqurma və reinteqrasiya işləri sürətlə gedir. Kommunikasiyaların açılması həm də reinteqrasiya məsələlərini təşviq edəcək. Azərbaycan tərəfi də dəfələrlə bəyan edib ki, erməni əsilli vətəndaşlarını yenidən öz siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etmək əzmindədir. Üç dövlətin xarici işlər nazirlərinin görüşü Azərbaycan və Ermənistan arasında hələ də mövcud olan problemlərin həll edilməsinə kömək edə bilər. Azərbaycan bütün region ölkələrindən regionda sülh və sabitliyin qalıcı olması istiqamətində səylərini artırmalarını gözləyir. Həmçinin, həm region dövlətləri, həm də beynəlxalq ictimaiyyət Ermənistana revanşist yanaşmalardan əl çəkmək üçün təzyiq göstərməlidir. Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması Ermənistanın üçtərəfli bəyanatın bəndlərini icra etməsindən yayınmamasından, konstruktiv mövqe tutmasından, eyni zamanda region dövlətlərinin əməkdaşlıqlarının konkret və nəticəyönümlü addımlardan ibarət olmasından keçir”. 

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top