"Görəsən səfir Tehrandan hansı təlimatı alıb ki, yenidən Hikmət Hacıyevlə görüşmək istəyib?"


SİYASƏT 16 sen 2021, 22:16
Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 3 gün ərzində İranın ölkəmizdəki Seyid Abbas Musəvi səfiri ilə ikinci dəfə görüşüb. Böyük ehtimalla birinci görüşün təşəbbüskarı səfir olub. Yəqin səfir Azərbaycan XİN-in növbəti notasını almaqdansa Hikmət Hacıyevin iradlarını dinləməyə üstünlük verib. 
 
Maraqldır, səfir “İran maşınları niyə Ermənistan üzərindən Azərbaycan ərazisinə qanunsuz  yüklər daşıyırlar” sualına necə cavab verib? Əslində səfir ona verilən birinci notadan sonra rəsmi Bakının narahatlığını Tehrana çatdırıb. Tehran notanı qulaqardına vuraraq Qarabağa yanacaq daşımağı davam etdirməklə  Azərbaycandakı səfirini pis vəziyyətdə qoyub.
 
Görəsən səfir bu dəfə Tehrandan hansı təlimatı və ya cavabı alıb ki, yenidən Hikmət Hacıyevlə görüşmək istəyib? Müsbət xəbər o olardı ki, Tehran Ermənistan üzərindən Qarabağa yük daşımayacağını vəd edib və səfir bu xəbəri Hikmət Hacıyevə çatdırıb. Tehran bunun qarşılığında İran yüklərinin Gorus-Qafan yolundan rahat keçməsini Bakıdan xahiş edə bilərdi. 
 
Birincisi, təminat yoxdur ki, hər hansı vəddən sonra da İrandakı mərkəzlər Qarabağ separatçılarına yanacaq daşımaqdan imtina etsinlər. Əks halda Tehran səfirə Bakıda verilən birinci notadan sonra bu əməlindən çəkinməliydi. O ki qaldı, İran yük maşınlarından alınan gömrük rüsumuna burda da qeyri-adı heç nə yoxdur. Azərbaycan gömrükçüləri Azərbaycan ərazisində xarici yük maşınlarından rüsum alırlar. Əlbəttə, bu Ermənistana keçən İranın yük maşınları üçün qeyri-adi haldır, illər boyu istədiklərini Ermənistana və Qarabağa daşıyıblar. 
 
İran rəsmiləri və şirkətləri müharibədən sonra durumun dəyişdiyini anlamalı idilər. İrəvanın bu vəziyyətdən yeganə çıxış yolu ya Ermənistanı İranla birləşdirən alternativ yol tikməkdir, ancaq ona xeyli maliyyə və zaman lazımdır, ya da Azərbaycan ərazisinə iddialardan əl çəkib sülh sazişini imzalamağa hazır olduğunu bəyan etməkdir.
 
Elxan Şahinoğlu, siyasi analitik


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top