"Demokrat.az"-ın xəbəri Xankəndidəki erməniləri ayıltdı — Onlar Azərbaycana sığınmaqda israrlıdır

QARABAĞ 16 sen 2021, 12:03
Sosial şəbəkələrin erməni seqmentində Qarabağda yaşayan ermənilərin vətəndaşlığı qəbul etmək qarşılığında Azərbaycandan iş istəmək müzakirələrinin getdiyi haqda məlumatlar yayılır. Bu məlumatların əsas məğzi budur ki, ermənilər hazırda mənzil və iş problemi ilə üzləşib, separatçı-terrorçu rejim tərəfindən təminatı yoxdur, buna görə də onlar Azərbaycana üz tutmaq fikrindədirlər.

Ötən ay bir qrup erməninin Şuşanın giriş postuna qədər gələrək, Azərbaycan hərbçilərindən iş istəməsi digər ermənilərin də belə addım atmaq fikrini gücləndirir.

Separatçı rejim, eləcə də Ermənistanın siyasi ekspertləri ermənilərin Şuşaya gələrək, işlə təmin olunmaq barədə müraciət faktını rəsmi Bakının təbliğat informasiyası olaraq təqdim edir. Onların iddiasına görə, Azərbaycan bununla Qarabağdakı erməniləri vətəndaşlığı qəbul etməyə sövq etmək niyyətindədir. Erməni siyasilər həmişə olduğu kimi, yenə yalan üzərində manipuliyasiyaya yol verirlər. Çünki ermənilərin işlə bağlı müraciət faktını "Demokrat.az" saytının rəhbəri Vasif Həsənli Şuşa səfəri zamanı əldə edib.

Məlumatı yenidən xatırlatmaqda zərurət var. Saytımızda dərc olunan “Xankəndi erməniləri Azərbaycan dövlətinə müraciət etdi: “Bizi vətəndaşlığa qəbul edin, işləyək” sərlövhəli xəbərdə deyilirdi:

“Azərbaycanın Xankəndi şəhərində yaşayan bir qrup erməni əhali iş üçün Şuşadakı Azərbaycan hərbçilərinə müraciət ediblər. 

Ermənilər Rusiya sülhməramlı qüvvələrinin iştirakı ilə Şuşanın giriş postuna yaxınlaşaraq, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını dilə gətiriblər. Daha sonra ermənilər Azərbaycan dövlətindən iş istəyiblər. “Biz çox bərbad vəziyyətdə yaşayırıq, Xankəndidə iş, çörək yoxdur, ac qalmışıq. Azərbaycan dövlətindən xahiş edirik ki, bizi vətəndaşlığa qəbul edib iş versin. Xankəndi əhalisinin əksəriyyəti Azərbaycan dövlətinin Qarabağda apardığı yenidənqurma işlərinə dəstək verməyə hazırdır, biz burada fəhlə də işləməyə hazırıq, yetər ki, bizə iş verin” – deyə bildiriblər. Azərbaycan hərbçiləri isə ermənilərin xahişlərini aidiyyatı dövlət qurumlarına çatdıracaqlarına söz veriblər”.

Bu, dəqiq informasiyadır və qeyd etdiyimiz kimi, sayt rəhbərliyinin Şuşa səfəri zamanı əldə olunub. Separatçı-terrorçu rejim və Ermənistan tərəfinin bu faktı “Bakının təbliğatı” kimi təqdim etmək cəhdi də təsadüfi deyil.

Birincisi, Qarabağda bərbad vəziyyətdə yaşayan ermənilərin kütləvi şəkildə eyni yolu tutacaqlarından qorxurlar.

İkincisi, bu informasiya yayılandan sonra bir erməni ailəsi Şuşaya getmək istəyərkən, yoldan geri qaytarılıb. Bu barədə erməni mediası da yazmışdı.

Məlumata görə, Xankəndi sakini 32 yaşlı İzaura Balasanyan dörd azyaşlı övladı ilə birlikdə Şuşaya getməyə cəhd edib. Rusiya sülhməramlıları onu yolun yarısından geri qaytarıb. İzaura Balasanyan bildirir ki, Şuşaya getmək istəyinin səbəbi üzləşdiyi çətinlikdir. Onun kirayə qaldığı evin sahibi ev kirayəsini 100 min dramdan 150 drama qaldırıb. Köməksiz qalan İ.Balasanyan Azərbaycan hərbçilərinə sığınmaq qərarına gəlib, lakin sülhməramlılar buna imkan verməyiblər. Daha sonra separatçı rejimin İzauranı bərbad vəziyyətdə olan “evlə” təmin etdiyinə dair məlumat yayıldı.

İstisna deyil ki, İzauranı Azərbaycan hərbçilərinə sığınmaq istəyində yaydığımız informasiyanın təsiri də olub. Bu məlumata həm Türkiyə, həm də Rusiya mediasında geniş yer verildi, o cümlədən, erməni teleqram kanallarında ciddi müzakirələrə səbəb oldu. Görünür, Şuşaya iş arxasınca gələn ermənilərin bu addımı aclıq çəkən digər ermənilər üçün də nümunə olub. Sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlar da bunu təsdiqləyir.

Hazırda Qarabağda yaşayan ermənilər ciddi çətinliklərlə üz-üzədir. Həm iş, həm mənzil, həm ərzaq və içməli su təminatında ciddi problemlər yaşayırlar. Onlar bildirir ki, aylıq verilən 68 min dram pul bir neçə gün ərzində bitir. Qışın yaxınlaşması erməniləri daha da qorxudur. Çünki soyuq aylarda əlavə olaraq, istilik problemi yaranacaq. Ermənistanda isə Qarabağdan qayıdan ermənilər qəbul edilmir. Məlumatlara görə, Ermənistanda “qarabağlı ermənilərə” verilən aylıq müavinət kəsilib. Onların yaşayış və iş problemləri də var. Bu baxımdan, Qarabağda hələ də yaşayan ermənilər çıxış yolunu Azərbaycana üz tutmaqda görürlər.

Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top