İrana SƏRT ETİRAZ: Separatçıları müxtəlif yüklərlə təmin edib bölgəni qan çanağına çevirmək istəyirsiniz?


GÜNDƏM 11 sen 2021, 21:46
İranın dəfələrlə ermənilərə müxtəlif məsələlərdə yardım etdiyi danılmaz faktlarla sübuta yetirilib. Hələ Qarabağ münaqişəsi zamanı İrandan Ermənistana ərzaq, nef, yağ və digər məhsulların göndərildiyi heç kimə sirr deyildi. Bu barədə Azərbaycan hökuməti tərəfindən dəfələrlə İrana nota göndərilib və xəbərdarlıq edilib. Lakin görünən odur ki, İrana məxsus yük maşınları hələ də Azərbaycan ərazisi olan Qarabağa qanunsuz daxil olaraq, ermənilərə yardım göstərməyə davam edirlər.

Mövzu ilə bağlı  danışan tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev bildirib ki, İran hələ də Ermənistanın maraqlarına xidmət edən addımlarını davam etdirir: “Təəssüflə qeyd etmək lazımdır ki, İran tərəfi həm torpaqlarımızın işğal olunduğu dövrdə, həm işğal prosesinin davam etdiyi uzun illər ərzində, həm də 44 günlük Vətən müharibəsi vaxtı Azərbaycanın maraqlarına, beynəlxalq hüququn prinsiplərinə zidd olan, İslam həmrəyliyinə və mehriban qonşuluq münasibətlərinə kölgə salan addımlar atıb, müsəlman abidələrini dağıdan işğalçını dəstəkləyib. Bunu Azərbaycan cəmiyyəti hər zaman görüb və bilib. Lakin Azərbaycan xalqı və dövləti İrandan hər zaman xoş niyyət və münasibət sərgilənməsini gözləyib. Amma təəssüf ki, İranın Ermənistana və hələ də mövcudluğunu qoruyub saxlayan separatçı qüvvələrə dəstəyi davam edir. İran tərəfi hesab edir ki, müxtəlif yayındırıcı və aldadıcı metodlardan istifadə etməklə Azərbaycan dövlətini və xalqını aldada biləcək. Amma Azərbaycan dövləti və xalqı bütün proseslərə, o cümlədən Laçın dəhlizindən keçən yüklərə nəzarət edir. İran tərəfi bilməlidir ki, onun atdığı addımlar Azərbaycan dövlətinin suveren hüquqlarını pozmağa və ölkə daxilində separatizmi alovlandırmağa xidmət edir. Düşünürəm ki, İran tərəfi Azərbaycanın Gorus-Qafan yolunu bağlamaqla hansı addımları ata biləcəyini və hansı gücdə olduğunu, kiçik bir addımla İran İslam Respublikasından Ermənistana göndərilən yüklərin qarşısını kəsə biləcəyini sübuta yetirdi. İran tərəfi bunu heç vaxt unutmamalıdır”.
İlkin razılıq verilsə də, təyyarə boş geri qayıtdı-politoloq Anar Əliyev
Politoloqun sözlərinə görə, İranın Ermənistandakı səfiri bəyan edir ki, guya onlar balansın qorunmasına çalışırlar: “Axı burada hansı balansdan söhbət gedə bilər? Azərbaycan ordusunun gücü qarşısında Ermənistanla-Azərbaycan arasında balansın təmin olunması, məhv edilən düşmən silahlı birləşmələrinin yenidən qurulması deməkdir. Sual edirəm: “Sizin məqsədiniz nədən ibarətdir? Yenidən separatçıları müxtəlif təyinatlı yüklərlə təmin edib münaqişə ocağı yaratmaq, bölgəni qan çanağına çevirmək istəyirsiniz? İranın atdığı addımlar regionda əldə edilən kövrək sülhə ciddi təhdiddir. Bunu İran rəsmiləri bilirlər. Hesab edirəm ki, İranın yeni hakimiyyəti proseslərə və Azərbaycanın ərazi bütövlüyünə daha hörmətlə yanaşacaq. Çünki Azərbaycan dövləti və lideri İlham Əliyev hər zaman İranın ərazi bütövlüyünə və dövlət suverenliyinə hörmət göstərib. Biz eyni münasibəti İrandan gözləyir və tələb edirik. İran dövləti müsəlman abidələrini təhqir edən Ermənistana yox, Azərbaycana dəstək verməlidir. İran unutmamalıdır ki, böyük dövlətlərin sanksiyalarına məruz qaldığı dövrdə Azərbaycan bu ölkə ilə dostluq və qonşuluq siyasətinə xəyanət etməyib. Rəsmi Tehran unutmamalıdır ki, Ermənistanın mövcud ritorikasına dəstək bölgə xalqlarına yalnız bədbəxtlik gətirə bilər. İslam dəyərlərindən, qonşuluq siyasətindən, insan hüquqlarından danışan İran dövləti, bunu yalnız sözdə deyil, əməldə də göstərməlidir. Çox təəssüf ki, biz İran hökumətinin əməli ilə danışığı arasında hələ ki kəskin ziddiyyət görürük. Ümid edirəm ki, İranın yeni hökuməti Azərbaycan xalqının və dövlətinin çağırışlarına səmimi yanaşacaq və mehriban qonşuluq siyasəti sərgiləyəcək”.

Mövzu ilə bağlı saytımıza açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da sərt mövqe sərgiləyib. O bildirib ki, İranın Ermənistanla münasibətləri narahatlıq doğurur: “Heç bir əsas və iqtisadi maraq olmadan Ermənistanla sıx münasibət saxlayırlar. Sanki bunu Azərbaycanın acığına edirlər, yaxud hansısa məqsədlər güdürlər, bəlli deyil. İllərdir bu məsələlərə münasibət bildiririk və çalışırıq ki, İranla xoş qonşuluq münasibətləri qorunub saxlanılsın. Amma İranın bu cür siyasət yürütməsi anlaşılan deyil. Burada yalnız Azərbaycan tərəfinin qıcıqlandırılması məqsədi ola bilər. Zaman-zaman İran tərəfindən Qarabağın hələlik Azərbaycanın nəzarətində olmayan hissələrinə yükdaşımaların edildiyi məlum olur.
Akif Nağı da deputat olmaq istəyir Pravda.az
Görün vəziyyət hansı həddə çatıb ki, Azərbaycan rəsmi qaydada İrana Nota verməyə məcbur qalır. Amma yenə də İran bu cür əməllərini davam etdirir. Xankəndinə hər hansısa bir yük göndərməklə İran nəyə nail olmaq istəyir? Axı orada elədə böyük əhali yoxdur ki, İran bundan qazanc əldə etsin. Yəni söhbət gəlir götürməkdən getmir. Burada ancaq siyasi məqsədlər güdülür. Lakin belə olmalı deyil. Çünki İranla-Azərbaycan və Türkiyə arasında xoş münasibətlər, daimi təmaslar mövcuddur. Azərbaycan da, bu münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Ona görə də, hesab edirəm ki, Azərbaycan tərəfi məsələ ilə bağlı araşdırma aparmalı və İran hakimiyyətinin qarşısına konkret faktları qoymalıdır. Bizim istədiyimiz odur ki, İran Ermənistanla bütün əlaqələrini kəssin. Lakin İran hökuməti nəinki əlaqələri kəsir, hətta Ermənistana yardım məqsədi ilə Azərbaycan ərazilərinə qanunsuz səfərlər təşkil edir. Bu məsələlərə aydınlıq gətirilməli və əgər düzgün izah olunmasa, Azərbaycan artıq İranla münasibətlərində müəyyən dəyişikliklər etməlidir. Biz dost deyirik və bunu bacarırıq. Amma kimlərsə bunu düzgün qiymətləndirmirsə, o zaman dostluğu davam etdirməyin mənası yoxdur”./Konkret.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top