Baş redaktor Rövşən Əkbərovu ittiham etdi — Məhkəmədə şok ifadələr

HADİSƏ 08 sen 2021, 14:30
Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Respublika Mülki Müdafiə üzrə Qərərgah rəisinin müavini Elxan Cəbiyev ifadə verib.

O bildirib ki, bu günə kimi ibtidai istintaqa iki dəfə ifadə verib, təqsirləndirilən Rövşən Əkbərovu tanıyıb. 

Şahid deyib ki, 2001-ci il mayın sonlarında Kiyev şəhərində beynəlxalq tədbirdə iştirak edib: "Həmin dövrdə Rövşən Əkbərov da orada təhsil alırdı. Biz orada olan vaxtı səfirlikdə respublika günü ilə bağlı tədbir oldu. Mən də Azərbaycanın Ukraynadakı səfirliyində keçirilən həmin tədbirdə iştirak etdim. Rövşən Əkbərov da ilk dəfə həmin tədbirdə gördüm. Rövşən Əkbərov mənə yaxınlaşaraq onda xidməti fəaliyyəti ilə bağlı bağlama olduğunu, həmin bağlamanı Bakıya aparmağımı istədi. Mayın 31-də generaldan bağlamanı aldım, sonra Bakıya gəldim".

Daha sonra şahid qismində "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz ifadə verib. O deyib ki, mərhum Elçin Əliyevi 1994-cü ildən tanıyıb, onunla dostluq edib, birgə biznesləri olub: "2001-ci ilin iyunun 1-də mənə bir neçə yerdən zəng gəldi. Bildirdilər ki, Elçini Ukraynada vurublar, rəhmətə gedib. Mən də bu hadisəni eşidən kimi Elçinin ailəsinin yaşadığı evə getdim. Bir qədər sonra ora Nazim İbrahimov və Səməd Novruzov gəldilər. Söz-söhbət aparıldı. Sonradan Nazim İbrahimov və Səməd Novruzov meyiti gətirmək üçün Kiyevə getdilər. Elçin Əliyevin qətli ilə bağlı müxtəlif söz-söhbətlər gedirdi. Bildirildi ki, Elçin Rövşəb Əkbərov qətlə yetirib. Bunu sonradan hamı danışmağa başladı. Elçin Əliyevi Rövşən Əkbərov qətlə yetirməsini sonradan mənə Nazim İbrahimov və Orucəli Hacıyev də dedilər. Bundan başqa qardaşım Musaxanla danışan da, o da qətlin Rövşən tərəfindən törədildiyini söylədi. Bunların hər üçü bu hadisəni Məzahir Şıxəliyevə istinadla danışırdılar".

Daha sonra ifadə verən digər şahid Elman Ağayev bildirib ki, mərhum Elçin Əliyevin qohumu olub. O bildirib ki, hadisədən bir gün əvvəl Elçinlə telefonda danışıb: "Elçin mənə dedi ki, burada general qonağı var, onunla qonaqlığa gedir. Ertəsi gün Elçinin qətlə yetirildiyini eşitdim. Bundan sonra Elçinin valideynlərinin yaşadığı evə getdim. Orada meyiti gətirilməsi məsələsi müzakirə olunurdu. Arada aparılan söhbətlər zamanı məlum oldu ki, Elçin general Rövşən qətlə yetirib".

Şahid daha sonra qeyd edib ki, sonradan Elçinin anası Səmayəni hadisənin şahidlərindən biri Qüdrət Əhmədovun Bakıdakı evinə aparıb: "Orada rəhmətlik Qüdrət ağlaya-ağlaya dedi ki, Elçini Rövşən Əkbərov qətlə yetirib, bunu danışmağa qorxur. Həmişə Qüdrət Əhmədov da, Məzahir Şıxəliyev də bu qətlin Rövşən Əkbərov tərəfindən törədildiyini deyirdilər".

Bundan sonra hakim bildirib ki, cinayət işi üzrə şahid qismində keçən Səməd Novruzovu məhkəməyə dəvət etsələr də, o, koronavirusla bağlı özünü təcriddə yaşayır. Hakim deyib ki, şahid bu məlumatı rəsmi qaydada verməyib. Bu səbəbdən hakim Səməd Novruzovun məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edib. 

Növbəti proses sentyabrın 15-də davam edəcək.

İttihama görə, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevlə aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib.

İstintaq sənədlərinə görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilib.

Həmin il mayın 31-də gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində olub. Həmin zaman Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxslərin ona qarşı hörmətsizlik etdiyini, onu tanımadıqları ilə bağlı etirazını bildirib.

Rövşən Əkbərov Elçin Əliyev və Məzahir Şıxalıyevlə mübahisə edib.

Bu zaman kafenin rəhbərliyi onları oradan çıxarıb. Tərəflər mübahisələrini çöldə davam etdiriblər. Rövşən Əkbərov Məzahir Şıxalıyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Bıçaqla Elçin Əliyevə xəsatət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top