“O cür arvadı evdə tək qoyub Rusiyaya getmək, evdə qazı açıq qoyub harasa getmək kimidir…”

ƏDƏBİYYAT 28 avq 2021, 12:20
“Bu cür verilişlər sizin dediyiniz kimi ailə-məişət mövzusunda deyil, ailə-məişət mövzusu tamam başqa bir marşurutdur. Bunlar camaatın dərdinin üstündə şou yaradırdılar. O verilişlərdə elə adamlar gəlib iştirak edirdilər ki, onların özünün çox böyük müzakirəyə ehtiyacı var. Onlar kimisə müzakirə etməyə mənəvi haqqı olmayan adamlardır”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət efir məkanımızdakı verilişlərdən danışarkən deyib. Yazıçı deyib ki, özünün müzakirəyə ehtiyacı olan adamlar efirə çıxıb kimisə müzakirə edir:

“Bizim ölkəmiz ərazicə nisbətən balaca ölkədir, əhalisinin sayı da görə də azdır. Ona görə də çinlilər demişkən biz hamımız bir-birimizi tanıyırıq, yəni hamı məlumdur. Ora çıxıb elə adamlar xalqa əxlaq dərsi keçirlər ki, deyirsən ki, bu nə yerə, nə də göyə sığan şeydir. Adamın bir abrı, həyası olar. Biz həmişə belə görmüşük. Bir söz deyəndə ani də olsa, fikirləş ki, sən özün buna əməl edirsənmi, etmirsənmi, ümumiyyətlə, sən kimsən, nəçisən, məssəbin, mövqeyin nədir. Normal adamlar o verilişə getmədiyi üçün ona görə də bu cür adamları efirə çıxarırlar. Mən illər öncə bir verilişdə qonaq oldum və orda əslən ölkəmizin cənub bölgəsindən olan qırx yaşlı bir kişi gəlib şikayət edirdi ki, “bəs getmişəm Moskvada pul qazanıram, arvadıma yollayıram və gəlib görmüşəm ki, arvadım əvvəlki evimi də satıb, özünə yeni ev alıb və adına da keçirib. Bundan başqa özünə bir dənə ər də tapıb”. Orda kişiyə dedim ki, o cür arvadı evdə tək qoyub Rusiyaya getmək, evdə qazı açıq qoyub harasa getmək kimi bir şeydir.

İndi bunlar o qədər əttökən verilişlərdir ki. Məsələn, arıqlamaq üçün insanlar müxtəlif prosedurlar həyata keçirirlər, kimlərsə çörək yemir, ac qalır, idmanla məşğul olur və sair. Əgər arıqlamaq istəyən adamların içində vicdanlı adamlar varsa, (təbii ki var) elə onlar o cür verilişlərə baxıb ətləri tökülər. Ümumiyyətlə, bu cür verilişlərin kökünü kəsmək lazımdır. Bunlar sözün pis mənasında o qədər sırtıq verilişlərdir ki, onları kəssən də təzədən cücərə bilər. Bəzi ağaclar var ki, kəsirsən və görürsən ki, yenə cücərir. Amma onun dibinə salyarka, benzin və neft tökəndən sonra daha cücərmir. Ona görə də o cür verilişlərin də dibinə salyarka, neft, benzin tökmək lazımdır ki, bir daha cücərməsinlər. Bu xalqı nə günə qoydular. Həmişə demişəm ki, bizdə milli şüur sıfırdan aşağıdır. Buna görə bəziləri mübahisə edirdi, amma son hadisə sübut etdi ki, mən haqlıyam. Bir imam peyda olmuşdu və ona olan münasibət sübut etmədi ki, bu xalqın şüuru sıfırdan aşağıdır? Əlbəttə, etdi. Sıfırdan aşağı enməyin elə ən böyük səbəbi bu cür verilişlərdir. Onların kökünü kəsmək, birdəfəlik məhv etmək, mayasını axtalamaq lazımdır ki, bir də doğub-törəyən olmasınlar”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top