Gənc nəslin mənəvi inkişafı üçün bəzi şərtlər əsasdır. Gənclər Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmalıdır.
Onların hərbi–vətənpərvərlik tərbiyəsi gücləndirilməli və gənclər hərbi xidmətə hazırlanmalıdırlar. İstedadlı gənclər aşkar edilməli, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şərait yaradılmalıdır. 
Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin uşaq və gənclərin mənəvi və fiziki cəhətdən inkişafına yönəlmiş işləri xüsusilə qeyd olunmalıdır. Onun uzaqgörən siyasəti sayəsində artıq Azərbaycan gəncləri ölkəmizin xaricdə təmsil olunması və təbliğində böyük uğurlara imza atırlar. Bütün bunlara son dövrlərdə Azərbaycanın olimpiya sahəsində qazandığı uğurları, gənc alimlərə göstərilən qayğını misal göstərə bilərik.
Uşaq və gənclərin hərtərəfli inkişafı yolunda görülən işlər bütün bölgələrdə uğurla həyata keçirilir. Onların mənəvi inkişafı yolunda keçirilən tədbirlərdə gənc nəsilə Vətənə, millətə, milli-mənəvi dəyərlərə hörmət və məhəbbət hissləri aşılanır.
Azərbaycan illərdir "idman ölkəsi" kimi tanınmaqdadır. Ölkə daxilində idman sahəsində aparılan islahatlar, rayonlar üzrə olimpiya idman komplekslərinin açılması uşaq və yeniyetmələrin idmana marağını artırır. Bu maraq isə illər keçdikcə yeni-yeni idmançıların aşkara çıxmasına gətirib çıxarır. Nəticədə o uşaqlar arasından Dünya və Avropa çempionları, eləcə də Olimpiya çempionu yetişir. Beləcə, həm yeniyetmələrin istedadı üzə çıxır, həm də onlar zərərli vərdişlərdən uzaq olurlar. 
Azərbaycan Prezidenti İlham Əliyev bu gün dövlətin uşaq siyasətini uğurla davam etdirir. Ölkə başçısının rəhbərliyi ilə gənc nəslin təlim-tərbiyəsinin yüksəldilməsinə yönəlmiş çoxsaylı dövlət proqramları qəbul edilib, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılıb, ölkənin sürətli inkişafı fonunda uşaqların təhsili və intellektual inkişafı istiqamətində önəmli layihələr həyata keçirilib. Xalqın gələcəyi olan uşaqlara diqqət və qayğını yüksək qiymətləndirən Prezident İlham Əliyev deyib: 
Azərbaycanlı uşaqların həyatı idmana sıx bağlıdır. İdman insanların sağlamlığına xidmət edən ən mühüm amil, uşaq və gənclərin mənəvi tərbiyəçisidir. İdman həm də insanları psixoloji sarsıntılardan qoruyan vasitədir. Mütəxəssislərin fikrincə, mənfi elementlərin orqanizmə təsiri bəzən o qədər böyük olur ki, orqanizmin özünü bu təsirlərdən qorumağa gücü çatmır. Bu cür hallarla rastlaşan on minlərlə insanın təcrübəsi sübut edir ki, mənfi təsirlərə qarşı ən yaxşı mübarizə üsulu məhz idman, fiziki tərbiyədir. İdman hərəkətləri orqanizmin bərpasına, möhkəmlənməsinə yardım edir. İdman həm də tərbiyəvi əhəmiyyət daşıyır. Təhlillər göstərir ki, idmanla müntəzəm məşğul olan insanlar öz davranışları ilə də fərqlənirlər. Bu, yaşından, sosial vəziyyətindən peşəsindən asılı olmayaraq, idmana maraq göstərən bütün insanlarda rast gəlinən müsbət xüsusiyyətdir.
Təsadüfi deyil ki, idman mənəvi tərbiyənin, etikanın əsasını təşkil edən vasitələrdən biri hesab olunur. O, fiziki və mənəvi tərbiyənin formalaşmasında, sağlamlığın qorunması və bərpası yolunda cəmiyyət üçün “yaşıl işıq” rolunu oynayır. Uşağın sağlamlığına göstərilən diqqət çox erkən - uşaq bağçasından başlanır. Uşaqların tərbiyəsi, onların sağlamlığının qorunması, ümumilikdə onların gələcək həyata hazırlanmalarında uşaq bağçalarının rolunu yüksək qiymətləndirən Azərbaycan dövləti bu müəssisələrə xüsusi qayğı ilə yanaşır, uşaqların fiziki və mənəvi tərbiyəsi üçün orada hər cür şərait yaradır. Bu sahədə işlər üç istiqamətdə aparılır: əvvəlcə balacaların idmana cəlb olunmasına başlanılır. Bu iş müntəzəm davam etdirilir və nəhayət, uşaqlara fərdi yanaşılır. Metodist və tərbiyəçi pedaqoqların iştirakı ilə uşaq bağçasında, hər şeydən əvvəl, uşaqların düzgün fiziki inkişafına, gündəlik rejim və gigiyenik tələblərə cavab verən şərait yaradılıb. Bağçalarda fiziki tərbiyə məşğələləri üçün müvafiq avadanlıqlarla təchiz edilmiş idman salonu, valideynlərin köməyi ilə yaradılmış meydança var. Hər dərs ilinin əvvəlində uşaqların sağlamlıq səviyyəsini öyrənmək məqsədi ilə müayinə aparılır. Onların sağlamlığının və fiziki inkişaf səviyyələrinin hərtərəfli qiymətləndirilməsi fiziki tərbiyə işinin əsasını təşkil edir. Uşaqların sağlamlığı öyrənilərkən onların boylarına, çəkilərinə, fiziki inkişafına, sağlamlığına, keçirdikləri xəstəliklərə, valideynlərin uşaqlara hansı formada nəzarət etdiklərinə, uşaqların əsəb sisteminin hansı formada olmasına və s. fikir verilir. Bu cür müayinələrin aparılmasında məqsəd bağçaya qəbul edilən uşaqların problemlərini öyrənməkdir.
Bu gün Azərbaycan ailəsində fiziki tərbiyə münasibətləri sırf məişət problemi çərçivəsindən çıxıb daha geniş məna və məzmun kəsb edir, ictimai xarakter alır. Bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısı uşaq, yeniyetmə və gənclərin təkcə idman ocaqlarında deyil, ailələrdə də bu qayğını hiss etməsinə zəmin yaradıb. Ailə şəraitində uşaqların fiziki tərbiyəsinin təşkili məsələləri müxtəlif sosial, psixoloji, fizioloji və digər amillərlə şərtlənir. Ailədə uşaqların fiziki tərbiyə məsələlərinin müvəffəqiyyətli həlli tərbiyə prosesinin təşkilindən və imkanlarından, şərait və vasitələrdən səmərəli şəkildə istifadə olunmasından asılıdır. 
Son dövrlər cəmiyyətimizin ən böyük bəlasına çevrilmiş narkomaniya və alkoqolizmə qarşı mübarizəyə həsr olunmuş tədbirlərdə uşaq və gənclərin bu cür təhlükəli və zərərli vərdişlərdən uzaqlaşması təbliğ olunur. Eləcə də, gənc qızların erkən nigaha cəlb olunmasına qarşı maarifləndirici tədbirlər keçirilir. Bir sözlə, şagirdləri bu cür zərərli vərdişlərdən uzaqlaşdırıb idmana və elmə cəlb etmək lazımdır.
Zaur Hacılı Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində hazırlanıb


