Deputat: "Ermənistan bu cür təxribatlara davam edərsə, öz ağır, rəzil gələcəyini hazırlamış olacaq"

GÜNDƏM 24 iyl 2021, 17:23
“Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra üçtərəfli bəyanat imzalandı və bu sənəd həm də Ermənistanın kapitulyasiyası demək idi. Ermənistan müharibədən sonrakı 8 ay müddətində kənar qüvvələrin təsiri altında üçtərəfli bəyannamənin bəzi şərtlərinə süni şəkildə maneələr yaratmağa çalışdı. Bu, əsasən sərhədlərin demarkasiyası və delimitasiyası, həmçinin Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər idi”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O, Ermənistanın kənar dairələrin təsiri ilə addımlar atdığını və bunun ağır nəticələr verəcəyini bildirib:

“Bunda həm Ermənistan, həm də digər dairələrin maraqları var. Həmin qüvvələr Cənubi Qafqazda sülhün, əmin-amanlığın tərəfdarı olmayan, bölgə ilə bağlı geosiyasi maraqları olan dairələrdir. Bu qüvvələr bölgədə münaqişənin bitməsini istəmirlər. Onlar öz niyyətlərini Ermənistanın vasitəsilə həyata keçirməyə çalışırlar. Üstəlik, Ermənistanın gələcək taleyi bu dairələrin marağında deyil. Görünür, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu nüansları lazımi şəkildə qiymətləndirə bilmir. Son vaxtlar sərhəddə təxribat addımlarının atılması, dünən bir hərbi qulluqçumuzun şəhid olması bunu deməyə əsas verir. Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbr kasası var. Bu səbr kasası keçən ilin sentyabrında doldu və Ermənistan Azərbaycanın “Dəmir yumruğ”u altında əzildi. Ermənistan hələ də bu zərbənin təsiri ilə silkələnməyə davam edir. 

Həmin qüvvələr isə artıq keçmiş mənzərənin şahidi ola bilməyəcəklərini anlamalıdırlar. Azərbaycan prezidenin iradəsi, diplomatiyası ilə regionda yeri reallıq, yeni terminlər yaranıb. Bu terminlər Zəngəzur dəhlizinin açılması, qarşılıqlı əməkdaşlıqla bağlıdır. Son hadisələrdə “Dağlıq Qarabağ”, “status” kimi köhnəlmiş və tarixin yaddaşına qovuşmuş terminləri siyasi leksiona gətirməyə çalışanların təsiri görünür”.
 
Deputat vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı təxribat addımlarında bu ölkənin daxili problemlərinin və qarşıdurmanın da təsiri var:

“Görünən odur ki, hələ də Ermənistanda vahid idarəetmə sistemi qurula bilməyib. Vətən müharibəsindən sonra bu ölkənin bütün sahələrində mövcud olan böhran davam edir və hazırda qarşıdurmalar çox böyükdür. Sərhəddə baş verən hadisələr daxildəki vəziyyəti sərhədə fokuslandırmaq məqsədi də daşıya bilər. Bunların arxasında çox səbəblər ola bilər, amma istənilən halda, Ermənistan bununla nəsə əldə edə bilməyəcək. Böyük dövlətlər, o cümlədən Rusiya ilə Azərbaycan bu məsələyə eyni mövqedən yanaşırlar. Bölgədə sülhün təmin olunması üçün eyni konteksdən çıxış edirlər. Bunda hər iki dövlət başçısının şəxsi münasibətləri də böyük rol oynayır. Həmçinin Avropa İttifaqı Şurasının prezidentinin Bakıya səfəri zamanı Azərbaycan dövlət başçısı tərəfindən siyasi leksiondan çıxarılmış ifadələrdən istifadə etmədi. Bu, Azərbaycana olan hörmətdən, prezidentin nüfuzundan irəli gəlir. Bu baxımdan, Ermənistan bu addımlarla süni maneələr yaratmaqla öz gələcəklərini daha ağır vəziyyətə sala bilərlər. Artıq dünyada Azərbaycan prezidentinin siyasi leksiona gətirdiyi ifadələrdən istifadə edilir. Ermənistan isə bu cür təxribatlara davam edərsə, öz ağır, rəzil gələcəyini hazırlamış olacaq”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top