“Məqsədim onu Samur-Abşeron kanalında boğub öldürmək idi...” — Ərinə xəyanət edən bacısını öldürdü

KRİMİNAL 11 iyl 2021, 20:20
Ötən ilin avqust ayında Şabranda bacısını qətlə yetirən qardaşın məhkəməsi keçirilib. Bu məhkəmə və çıxarılan hökm barədə yerli KİV-lər yazır.

Təqsirləndirilən Elşən Abdulov ifadəsində bildirib ki, bacısı Leyla Musayıbovanı başqa bir kişiylə danışdığı üçün qətlə yetirib: “Hadisə günü Leyla Musayıbovanın həyat yoldaşı Zaur Musayıbovla münaqişə yaşadığını eşitdim. Münaqişənin bacımın ərinə xəyanət etməsi üstündə olduğunu biləndə əsəbiləşdim. Bacıma zəng edib ona düzgün hərəkət etmədiyini dedim. O isə mənə kobud şəkildə cavab verdi. Leylanın hərəkəti mənə çox pis təsir etdi. Buna görə də bacımı öldürmək qərarına gəldim. Mənə məxsus avtomobillə atamgilin evinə getdim. Evə girib Leylaya dedim ki, səni həyat yoldaşınla yaşadığın evə aparacağam. Leyla razılaşaraq maşına mindi. Məqsədim onu Samur-Abşeron su kanalına aparıb öldürmək idi...”

Bacı qatili ifadəsində hadisələrin sonrakı inkişafından danışaraq deyib ki, yolda Leyla onu öldürəcəyini başa düşərək ağlayıb, yalvarmağa başlayıb. Amma “əsəbi olduğu üçün” bütün bunlara əhəmiyyət verməyib. Və maşını su kanalının yanında saxlayıb, bacısını  zorla düşürüb və suya itələyərək öldürüb.

“Kanala yaxınlaşdım və Leylanın qolundan tutaraq avtomobildən endirdim. Sonra isə onu kanala itələdim. Kanala düşməsindən əmin olandan sonra maşına minib evə döndüm. Polislərin evin yaxınlığında olduğunu gördüm. Daha sonra isə məni polis şöbəsinə apardılar”,-E.Abdulov deyib.

Zərərçəkmişin hüquqi varisi , yəni qətlə yetirilən qadının əri Zaur Musayıbov isə ifadəsində bildirib ki, L. Musayıbova xalası qızı olub: “2007-ci ildə ailə həyatı qurumuşuq. Birlikdə yaşadığımız dövrdə dava-dalaş olmayıb. Lakin 2020-cil avqustun 29-da evə gələn zaman Leylanın mobil telefonla kiminləsə danışdığını gördüm. Kimlə danışdığını soruşanda dedi ki, heç kəslə… Sonradan bildim ki, danışdığı şəxsin adı Ruslandır. Həmin məsələyə görə aramızda münaqişə oldu. İki gün sonra Leyla mənə atasıgilə getmək istədiyini bildirdi. Atası Oktay, anası Gülcamal və qardaşı Elçin onu Ağbaş kəndinə apardılar. Daha sonra isə qaynım Elşən tərəfindən öldürüldüyünü bildim. Təqsirləndirilən şəxslə barışmışam. Heç bir şikayətim və tələbim yoxdur”.

Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılıb və hökm oxunub. Hökmə əsasən, Elşən Abdulov 9 il müddətinə (?!) azadlıqdan məhrum edilib. Görünür hakim bu cür yüngül cəza seçməklə qardaşın bacısını “namus üstündə” qətlə yetirməsini yüngülləşdirici motiv kimi nəzərə alıb../Virtualaz.org

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top