Əhəd Abıyev şəhid anasını döyübmü? — AÇIQLAMA

GÜNDƏM 07 iyl 2021, 14:50
Daşkəsən Rayon İcra Hakimiyyəti bu gün (6 iyul) “Kanal-13” internet kanalında  Əhəd Abıyevlə bağlı “İcra başçısı otağında şəhid anasını döydü” başlıqlı video süjetə münasibət bildirib.  

Açıqlamaya keçmədən öncə bildirək ki, “Kanal-13”lə bərabər bir neçə saytda da yuxarıda qeyd etdiyimiz iddiaya yer verilib.

Demokrat.az-a icra hakimiyyətindən bildirilib ki, Daşkəsən rayon Dəstəfur kənd sakini şəhid anası Şıxıyeva Sevda İsrəfil qızı Daşkəsən rayonunun Dəstəfur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə Cəfərovanın və onun bütün qohumlarının, həmçinin SHXÇDX-nin Daşkəsən rayon bölməsinin rəisi Faiq Vahabovun və onun sürücüsü Rəşad Həsənovun işdən azad olunmasını tələb edir, müxtəlif əsassız iddialar irəli sürür.

Açıqlamada qeyd olunur ki, Sevda Şıxıyevanı bacısı oğlu Daşkəsən rayon Muşavaq kənd sakini, dövlət çevrilişi ilə bağlı təqsirləndirilərək 13 il həbs cəzası çəkən Məmmədov Asif Rəcəb oğlu öyrədərək, ona müxtəlif  tapşırıqlar verir.  Sevda Şıxıyeva da şəhid anası adından istifadə edərək Daşkəsən rayonunun Dəstəfur kəndində qarşıdurma yaradır:

 “Sevda Şıxıyeva Daşkəsən rayon Dəstəfur kənd  icra nümayəndəsi Cəfərova Lalə Rafail qızını şərləyərək bildirir ki, guya o, oğlu şəhid Şıxıyev Orxan Raqif oğluna qəsdən müharibəyə çağırış vərəqəsi verməklə həlakına səbəb olub.

Həmçinin Sevda Şıxıyeva SHXÇDX-nin Daşkəsən rayon bölməsinə gələrək orada dava salıb, bölmə rəisi Faiq Vahabovun otağına girərək onu təhqir edib, bölmənin əməkdaşı Təranə Pirqurbanı döyüb və onları da oğlunu hərbi xidmətə göndərikləri üçün günahlandırıb.  Bundan əlavə o, bölmə rəisinin sürücüsü Rəşad Həsənovun da  dərhal işdən azad olunmasını tələb edib.

Sevda Şıxıyeva ilə gəlini Şıxıyeva Nəzmiyə Araz qızı arasında Orxan Şıxıyev şəhid olduqdan sonra ciddi münaqişə yaranıb. Belə ki, Sevda Şıxıyeva Heydər Əliyev Fondu tərəfindən ərinin şəhid olması ilə bağlı Nəzmiyyə Şıxıyevaya verilmiş 10 min (on min) manatı və şəhidin ailə büdcəsinə aid 8 min (səkkiz min) manatı, həmçinin Nəzmiyə Şıxıyevaya toy mərasimində hədiyyə edilmiş qızıl zinət əşyalarını ondan zorla alıb, özünü də döyərək evdən qovub. Şəhid arvadı Nəzmiyə Şıxıyeva ona aid olan pul və qızıl zinət əşyalarının qayınanası Sevda Şıxıyeva tərəfindən döyülərək alınması faktı ilə əlaqədar dəfələrlə respublikanın bütün  hüquq-mühafizə orqanlarına müraciət edib”.

İcra hakimiyyətinin açıqlamasında bildirilir ki, bu məsələ ilə bağlı Heydər Əliyev Fondunun nümayəndəsi Məhəmməd müəllim və “Yaşat” fondunun himayəçilik şurasının üzvü Sevinc xanım araşdırma aparıb, pulun və qızıl zinət əşyalarının qaytarılmasını tələb ediblər:

“Hazırda həmin məsələ polis şöbəsində araşdırılır. Sevda Şıxıyeva Dəstəfur kənd icra nümayəndəsi Lalə Cəfərovanı və onun bütün qohumlarını işdən azad etdirməklə hədələyir. Məqsədi də maddi maraq müqabilində, pul alıb öz namizədlərini işlə təmin etməkdir. Buna görə də o, yuxarı orqanlara qərəzli, əsassız, şər-böhtan xarakterli müraciətlərlə qəbullara gedir.

Daşkəsən rayon Dəstəfur kənd icra nümayəndəsi Lalə Cəfərova Sevda Şıxıyevanın onu və ailəsini  kənddə və rayonda ictimaiyyət arasında pozğun küçə söyüşləri təhqir etdiyi, ədavət apardığı, barəsində şərəf və ləyaqətini aşağılayan, işgüzar nüfuzunu ləkələyən nalayiq, kobud ifadələr işlətdiyinə, nüfuzdan salmaq, işdən çıxartdırmaq üçün bacısı oğlu Məmmədov Asif Rəcəb oğlunun öyrətməsi ilə bütün vasitələrə əl atdığına görə Daşkəsən rayon Məhkəməsində iddia tələbi qaldırıb. Həmin məsələyə hazırda rayon məhkəməsində baxılır”.

İcra hakimiyyəti tərəfindən bildirilib ki, Sevda Şıxıyeva heç zaman icra başçısı Əhəd Abıyev tərəfindən hər hansı bir şəkildə incidilməyib:

“Sevda Şıxıyeva Daşkəsən Rayon İcra Hakimiyyətinin işgüzar nüfuzuna xələl gətirməyə çalışaraq,  tamamilə həqiqətə uyğun olmayan fikirlər səsləndirib ki, guya Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən zorakılığa məruz qalıb. Belə bir hal heç vaxt olmayıb, bu, tamamilə Sevda Şıxıyevanın özünün uydurmasıdır və belə bir halın  baş verməsi də mümkün deyil.  Sevda Şıxıyevanın bu cür əsassız, qərəzli formada danışmasının, əsassız iddialar irəli sürməsinin səbəbi məlumdur. O, gəlini Nəzmiyə Şıxıyevaya aid olan pul və qızıl zinət əşyalarının qaytarılması və digər yuxarıda sadalanan qanunsuz əməllərinə görə məhkəmədən yayınmağa çalışır”.

 Bildirilib ki, şəhid ailələrinin problemlərinin həlli istiqamətində Daşkəsən rayon İcra hakimiyyəti əlaqədar qurumlarla, xüsusilə “Yaşat” fondu ilə mütəmadi olaraq məqsədyönlü işlərini davam etdirir.

Sonda bu gün reportyor.info saytı tərəfindən yayınlanan, qarşı tərəfin fikirlərinin əks olunduğu videomaterialı təqdim edirik:



Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top